Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11178/2021 29.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 Rahib oğlunun iştirakları ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə və Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə və Bakı şəhəri 14 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən 92A saylı evin 442 saylı mənzilinə dair anası X1 adından etibarnamə üzrə X11 və Cavabdeh1 arasında 03.07.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış, 4Ə/219 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, həmçinin Cavabdeh1 ilə Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış, 4Ə/1036 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X4 uşağı olmadığına görə 1973-cü ildə onu övladlığa götürmüş və böyütmüş, ailə qurduğu 1989-cu ilədək anası X4 ilə birgə Bakı şəhəri, A.Nəsirov küçəsi ev 1, mənzil 24-də yaşamış, ailə qurduqdan sonra anası həmin mənzili özgəninkiləşdirmiş, uzun müddət mənzil növbəsində qaldıqdan sonra X1 X16 veteranı olduğu nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının 06.05.2015-ci il tarixli 190 saylı sərəncamı ilə ona Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanındakı yaşayış binasının 5-ci girişinin 3-cü mərtəbəsində, ümumi sahəsi 64,8 kv.m olan 2 otaqlı, 442 saylı mənzil ayrılmışdır. Mənzil ayrıldıqdan sonra anası X1 qayğısına qalmaq istəyənlər çoxalmış, nəticədə anası ilə münasibətləri pisləşmiş, “havadarları” öyrətdiyinə görə anası onun ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra psixi qüsurlarına, öz hərəkətlərinin mənasını başa düşməməsinə görə o, X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. X1 vəfatından sonra ona məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 06.05.2015-ci il tarixli 190 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanındakı yaşayış binasının 5-ci girişinin 3-cü mərtəbəsində, ümumi sahəsi 64.8 kv.m, yaşayış sahəsi 39.1 kv.m olan 2 otaqlı, 442 saylı mənzil 31.05.2020-ci il tarixdə mərhum anasının adına ilkin qeydiyyatdan keçirilmiş, sonra mənzil barəsində anası X1 adından etibarnamə üzrə X11 ilə Cavabdeh1 arasında 11 saylı notariat ofisində 4Ə/219 reyestr nömrəli 03.07.2020-ci il tarixli alqı- satqı müqaviləsi bağlanmış, qısa müddətdən sonra isə 14 saylı notariat ofisində həmin mənzilə dair Cavabdeh1 və Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Hesab edir ki, həmin alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunaraq iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün təfsir etmədiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini, mərhum anasının qanun üzrə vərəsəsi olmaqla mənzillə bağlı məcburi paya malik olduğunu nəzərə almadığını, Ədilə Ağakişiyevanın etibarnamə verdiyi X13 Məmmədovanın qohumu olduğuna, beləliklə də onlar arasında bağlanan alqı-satqı müqaviləsinin onun miras payını mənimsəmək niyyətilə rəsmiləşdirilmiş olmasına əhəmiyyət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 1991-ci ildən anası, həyat yoldaşı, iki oğlu ilə birlikdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış, 1995-ci ildə ünvan 2 ünvanında müvəqqəti sığınacaqla təmin olunduqdan sonra özü ailəsi ilə həmin ünvanda, anası isə Aydın Nəsirov küçəsi 1, mənzil 24 ünvanında yaşamış, 2014-cü ildə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdikdən sonra arxiv sənədlər qaldırılaraq mənzil növbəsi bərpa olunmuş, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Yasamal rayonu, H.B.ünvan 4 ünvanında 2 otaqlı mənzillə təmin olunmuşlar. 2 ay ərzində anası həmin mənzilin Almaz Abdullayeva adlı şəxsin adına keçməsi barədə notariat ofisində ərizə yazmış, bu barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də, mənzil Almaz Abdullayevanın adında qalmışdır. X9 nəinki onun evini, hətta evinin əşyalarını, pulunu ələ keçirdiyini başa düşdükdə Səbail Rayon Polis İdarəsinə müraciət etmiş, lakin nəticə əldə olunmamışdır. 2017-ci ildə anası İbrahim Babayevlə tanış olmuş, mənzili Almaz Abdullayevadan geri qaytaracağı halda, ona verəcəyinə söz vermiş, İbrahim Babayev vəkil tutaraq Almaz Abdullayevadan mənzili geri qaytarmaq üçün məhkəməyə müraciət etmiş, İbrahim Babayevin anasını qəyyumluğa götürmək istəyinə etiraz etdiyi üçün İbrahim Babayev onun övladlıqdan rədd edilməsi barədə iddia qaldırmışdır. İbrahim Babayevin də Almaz Abdullayeva kimi anasının saflığından istifadə edəcəyini başa düşərək məhkəməyə müraciət etsə də, məhkəmə anasının əqli cəhətdən sağlam olduğu haqda qərar vermişdir. Yataq xəstəsi olan anasına baxıcı təyin edilmiş, onun müavinətinin yarısını anası, yarısını isə özü ödəmiş, İbrahim Babayev həmin baxıcını qovmuş və sosial şəbəkələr vasitəsilə Vəfa adlı qadın baxıcı tapmış, ona evə özündən başqa heç kimi buraxmamağı tapşırmışdır. Vəfa məhkəmədə evlə bağlı mübahisə getdiyini, mənzilin X10 Ağakişiyevanın adına qayıdacağı halda, İbrahim Babayevə veriləcəyini anladıqda, evə notarius dəvət edərək İbrahim Babayevin vəkilinin etibarnaməsini ləğv etdirib ailə vəkili olan X14 etibarnamə verdirmiş, vəkil ona verilmiş etibarnamə əsasında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti vasitəsilə Vəfanı anasına patronaj təyin etdirmişdir. 2019-cu ildə anasının evdə olmadığını gördükdə Vəfadan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə şikayət etmiş, lakin vəkil anası Ədilə Ağakişiyevanın adından ərizə yazaraq onun Balaxanıda, Vəfanın evində qalmaq istədiyini bildirmişdir. Bir neçə dəfə o, anası haqqında məlumat almaq istəmiş, lakin anasının telefonuna Vəfa cavab verdiyi üçün daha zəng etməmişdir. Vəkil Rafiq Alışov Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 92 A, 442 saylı mənzilin sərəncamını Bakı şəhər İcra Hakimiyyətindən alaraq 31.05.2020-ci il tarixdə mənzilə dair çıxarış əldə etmiş və anasına vermişdir. Anası evin satışını həyata keçirmək üçün evində qaldığı X5 Həsənzadəyə 11 saylı notariat ofisində ümumi etibarnamə vermiş, Fəridə Həsənzadə evi nənəsi Cavabdeh1 satmaq qərarına gəlmiş, sonuncu öz adına çıxarış aldıqdan sonra evi Cavabdeh2 satmışdır. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) X12 da apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 təmsil etdiyi şəxsin bağladığı müqavilənin etibarsızlığı üçün hər hansı əsas olmadığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mənzili "xxxx" ASC-dən götürdüyü kredit hesabına almış, mənzil ipoteka ilə yüklü edilmiş, mənzillə bağlı hər hansı problem olmasından məlumatı olmamışdır. Mənzilin vicdanlı alıcısıdır və onun bağladığı müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyildir. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış Bakı şəhəri 11 saylı və Bakı şəhəri 14 saylı notariat ofisləri nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən 92A saylı evin 442 saylı mənzili 31.05.2020-ci il tarixdə X1 adına ilkin qeydiyyata alınmış, onun adından etibarnamə əsasında çıxış edən X11 ilə Cavabdeh1 arasında Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 03.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil 100 000 manata Cavabdeh1 satılmış, 15.07.2020-ci il tarixdə sonuncunun adına mənzilə dair müvafiq çıxarış verilmişdir. İşin müəyyən olunan digər halına görə, Cavabdeh1, "xxxx" ASC (bank) və Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə “Alqı-satqı və ipoteka müqaviləsi” bağlanmış, həmin müqavilə əsasında mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilməklə 100 000 manata sonuncuya satılmış və Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı, Ədilə Ağakişiyevanın qızıdır (övladlığa götürülmüşdür); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qətnaməsi ilə X1 ona qarşı “ləyaqətsiz vərəsə hesab edilmə və vərəsəlik hüququndan məhrum edilmə” tələbi, həmin məhkəmənin 10.07.2018-ci il tarixli qətnaməsi ilə isə onun X1 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin olunmamışdır. İddiaçı öz iddiasını, 03.07.2020-ci il tarixli alqı-satqı müqaviləsinin anasının həqiqi iradəsini ifadə etmədiyini, onun adından etibarnamə ilə çıxış edən Fəridə Həsənzadənin mənzili öz qohumunun adına etibardan sui-istifadə etməklə keçirdiyini, Cavabdeh1 Cavabdeh2lə görünüş üçün müqavilə bağladığını irəli sürməklə əsaslandırmış, tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci və 339-cu maddələrinə istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır: Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İşin hallarından görünür ki, X4 29.06.2020-ci il tarixdə X6 5 il müddətli etibarnamə vermiş, etibarnamə ilə ona bütün əmlakını idarə etmək, onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etmək, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, miras qəbul etmək və yaxud ondan imtina etmək və s. hüquqlarını həvalə etmiş, mübahisəsi gedən mənzil məhz həmin etibarnamə əsasında Ədilə Ağakişiyevanın adından çıxış edən Fəridə Həsənzadə tərəfindən Cavabdeh1 satılmışdır. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorun irəli sürdüyü faktiki hallar onun “03.07.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Ədilə Ağakişiyeva müvafiq etibarnamə ilə Fəridə Həsənzadəyə mənzil üzərində sərəncam vermək səlahiyyəti vermiş, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətsiz olduğu isə sübuta yetirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsi ilə Ədilə Ağakişiyevanın fəaliyyət qabiliyyətli olduğu müəyyən edilmiş, həmin işə baxılarkən keçirilən ambulator psixiatrik ekspertiza tədqiqatı zamanı o, övladlığa götürdüyü qızının ona biganə münasibət göstərməsindən gileylənməklə ona başqalarının qulluq etdiyini demiş, bu tarixdən daha əvvəl (yəni fəaliyyət qabiliyyətli olması ilə bağlı ekspert rəyi verilməsindən əvvəl) isə İddiaçı ləyaqətsiz vərəsə sayılmalı olması barədə iddia qaldırmışdır. İşin bu halları belə qənaətə gəlməyə əsas verir ki, Ədilə Ağakişiyevanın iddiaçı ilə münasibəti normal olmamış və o, özünün sərbəst iradəsi ilə əmlakı üzərində sərəncam verməyi məhz ona qulluq göstərən şəxsə həvalə etmişdir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Kollegiya həmçinin hesab edir ki, mənzilin Fəridə Həsənzadə tərəfindən öz nənəsi Cavabdeh1 satılmış olması da müvafiq müqavilənin etibarsızlığına əsas verən hal kimi, xüsusilə Mülki Məcəllənin 359.3-cü maddəsinin pozuntusu olaraq qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin həmin normasına əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz; Fəridə Həsənzadə isə mənzilə dair özü ilə əqd bağlamamış, mənzilin alqı-satqısı müqaviləsi üzrə alıcının ödədiyi vəsait notariusun bank hesabına, oradan isə Ədilə Ağakişiyevanın nümayəndəsi olaraq Fəridə Həsənzadənin depozit hesabına köçürülmüşdür. Qeyd olunmalıdır ki, təmsil edənin bağladığı əqd üzrə əldə etdiyini təmsil edilənə verməməsi həmin əqdin etibarsızlığı üçün deyil, təmsil edilənin əldə olunmuşların qaytarılması barədə iddia irəli sürməsi üçün əsas yarada bilər; həmçinin nəzərə alınmalıdır ki, X8 Həsənzadəyə verdiyi etibarnamədə “...əqdlər bağlamaq, ...bu əqdlər üzrə haqq-hesab aparmaq, ...əmlakı, pulu...almaq, bank hesabları üzərində sərəncam vermək” səlahiyyətləri nəzərdə tutulmuşdur. Kollegiya, birinci instansiya məhkəməsinin “Cavabdeh1 ilə Cavabdeh2 arasında 09.09.2020-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab olunması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür – belə ki, həmin müqavilənin etibarsızlığını şərtləndirən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, belə hüquqi mövqe mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da qanunidir. Xüsusilə nəzərə alınmalıdır ki, işin hallarından mübahisəli mənzili alan Cavabdeh2 vicdanlı alıcı olduğu müəyyən edilmişdir; bu isə o deməkdir ki, iddianın təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-4391/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11178/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11178/2021
29.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver