Məhkəmə qərarları › İş №2(103)-112/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-112/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-112/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı1 X3 Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin qaytarılması tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2015-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı QSC, onunla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4xx/xx/2010-02 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan 16.781 manat məbləğində əsas borcun, 3.555 manat məbləğində cərimə faizi borcunun cavabdehdən tutularaq QSC-yə ödənilməsi, QSC-yə məxsus olan 1 ədəd “Ford Cargo 2530” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yükboşaldan avtomaşının cavabdehdən geri alınaraq QSC-yə verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq QSCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnamə (İş № 2(001)-1928/2015) ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 16.781 manat əsas borcun, 711 manat cərimənin, cəmi 17.492 manatın tutularaq iddiaçı QSC-yə ödənilməsini, lizinq obyektinin – QSC-yə məxsus olan yük boşaldan avtomaşının cavabdehdən alınaraq QSC-yə verilməsini, iddianın qalan hissədə rədd edilməsini, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 86%-nin cavabdehə aid edilməsini, bu məqsədlə 26 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı QSC-yə ödənilməsini qət etmişdir. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, ona hesablanmış 16.781 manat əsas borcun, 711 manat cərimənin, cəmi 17.492 manatın tutularaq QSC-yə ödənilmiş hesab edilməsi və lizinq obyekti olan 1 ədəd yük boşaldan avtomaşının QSCdən geri alınaraq ona qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)- 3122/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərar (İş № 2(102)-5638/2018) ilə kassasiya şikayətini təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsini ləğv edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Bu səbəbdən hazırki işə, cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Mülki işə yenidən baxan Məhkəmə bildirir ki, iddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4xx/xx/2010-02 saylı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” əsasən, QSC özünə məxsus 1 ədəd “Ford Cargo 2530” markalı yük özüboşaldan maşını 36 ay müddətinə cavabdehin istifadəsinə vermişdir. Bu barədə müvafiq təhvil-təslim protokolu tərtib edilmişdir. Həmin müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh ilk ay 1.715 manat, sonrakı aylar üçün 1.502 manat məbləğində olan lizinq ödənişlərini QSC-yə ödəməli idi. Lakin cavabdeh cəmi 6.388 manat məbləğində lizinq ödənişini etmiş, qalan məbləği ödəməkdən yayınmışdır. Beləliklə də, cavabdehin müqavilə üzrə cari lizinq ödənişləri borcu 16.781 manat, cərimə faizi borcu 3.555 manat, cəmi borcu 20.336 manat təşkil edir. Cavabdeh verdiyi apellyasiya şikayətində iddia tələbinə qarşı etirazı və Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə dair dəlilləri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını qanunda nəzərdə tutulmuş qaydada xəbərdar etməmiş, məhkəmə baxışı iclası barədə cavabdehə məlumat verməmişdir. Nəticədə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və sübutlarını təqdim edə bilməmişdir. Rayon Məhkəməsi yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Cavabdeh məcburi köçkün kimi Bakı şəhərində məskunlaşaraq yaşayır. 2012-ci ilin dekabr ayının sonunda cavabdehin oğlu Zaur Bayramov, sürücü Qarayev Pərviz Əlövsət oğlunun avtomaşını satmaq istədiyini və həmin maşını almaq istədiyini bildirmişdir. Pərviz Qarayev həmin avtomaşını öz şəxsi maşını kimi təqdim etmiş və uzun müddət istismar olunduğundan 18.000 manata təklif etmiş, 16.000 manata almaq barədə razılaşmışlar. Cavabdeh avtomaşını 2 ay müddətinə təmir edib istismara yararlı vəziyyətə gətirmişdir. Pərviz Qarayevə ayrı-ayrı vaxtlarda 3.500, 3.000, 1.000, 1.000, 7.000 və 1.000 manat olmaqla 16.500 manat vermişdir. Avtomaşını Zaur işlətməyə başlayandan sonra Pərviz Qarayev avtomaşının QSC-yə məxsus olduğunu, avtomaşına görə onun adından pul ödənilməli olduğunu, pul ödənilməzsə avtomaşının aparılacağını bildirmişdir. Buna görə də, cavabdeh, Pərviz Qarayevə 2.000, 1.860 və 1.500 manat olmaqla, 5.360 manat pulu 2013-cü ilin iyun və iyul aylarında banka ödəmək üçün vermişdir. 2013-cü ilin avqust ayının ortalarında QSC-nin əməkdaşları cavabdehə 3 aydır avtomaşının axtarışda olduğunu və səbəbinin isə 3 ayın pulunun ödənilməməsi ilə bağlı olduğunu izah etdilər. Cavabdeh, 5.360 manatı Pərviz Qarayevə ödəmək üçün verdiyini söyləsə də, ödəniş olmadığından avtomaşını alıb dayanacağa qoymuşlar. Məcburiyyət qarşısında qalaraq xx.xx.2013-cü il tarixdə Pərviz Qarayevə banka ödəniş edilməsi üçün bu dəfə də, 4.000 manat pul vermişdir. Pulu banka ödəyəndən sonra maşını geri vermişlər. Cavabdeh aldandığını bilib lizinq avtomaşını ona satmasına görə Pərviz Qarayevə iradını bildirmişdir. Ödəniş pullarını Pərviz Qarayev ödəyib qəbzləri cavabdehə verirdi. Bundan sonra, Pərviz Qarayev cavabdehi QSC-yə aparmış və onunla həmin QSC arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış və cavabdehə yalnız 15 aylıq ödəniş cədvəli verilmişdir. Cavabdeh müqaviləni oxumadan imzalamış, müqavilənin şərtləri, avtomaşının qiyməti cavabdehə izah olunmamışdır. QSC-nin əməkdaşı cavabdehin savadsız olmasından istifadə edərək müqaviləyə imza etdirmiş, müqavilənin bir nüsxəsini cavabdehə verməmişdir. Pərviz Qarayev avtomaşını cavabdehə satmaqla 21.860 manat pulunu ələ keçirmiş, Banka Pərvizin və öz adından 26.532 manat pul ödənilməsi barədə qəbzlərin əsliləri qalmışdır. Lakin qəbzlərdən bir neçəsini itirdiyinə görə avtomaşına görə dəqiq nə məbləğdə pul ödənilməsini bilmək üçün lizinqə getmiş, amma onlar bu barədə cavabdehə heç bir məlumat vermək iqtidarında olmadıqlarını bildirmişlər. Ona görə də, cavabdeh özündə qalan qəbzləri X9 Edilməsi Agentliyinə aparıb təqdim etmiş, orada avtomaşına görə ümumilikdə 34.000 manatdan artıq ödəniş olunduğunu şifahi formada məlumat versələr də, yazılı bir sənəd verməmişlər. Dəfələrlə QSC-yə gedərək avtomaşınla bağlı müqavilənin surətini və ödədiyi pullar barədə arayış verilməsini istəsə də, müxtəlif bəhanələr gətirərək bu barədə nə şifahi, nə də yazılı formada məlumat verməmişlər. Həmin müqavilənin cavabdehdən gizlədilməsi, ona verilmiş cədvəldə ödəniş müddətinin 15 ay qeyd olunması, lizinqin ona cavabdehə məlumat verməməsi onu göstərir ki, haradasa onlar Pərviz Qarayevlə birləşərək pullarının bir hissəsini ödəniş etmədən mənimsəmişlər. İllər boyu qaçqınlıq həyatı sürməklə, min-bir əzab-əziyyətlə qazandığı pulla avtomaşına görə banka pul ödəmiş, maşının mühərrik hissəsinin yığılmasına da 7.000 manat pul xərcləmişdir. Nəticədə həm pulu, həm də maşın əldən çıxmışdır. Avtomaşına görə Pərviz Qarayev cavabdehdən 21.860 manat pul ələ keçirib, bundan başqa, cavabdehdə olan qəbzlərə əsasən də 26.532 manat pulu QSC-yə ödəmişdir. Həmin hesabla da cavabdehin QSC-yə borcu qalmamışdır. Buna baxmayaraq QSC avtomaşını cavabdehdən götürüb qaytarmır. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edən cavabdeh və onun vəkili (nümayəndəsi) X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdilər. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh, onun vəkili (nümayəndəsi) apellyasiya baxışının növbəti iclasına gəlməmişlər. Cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclasının təxirə salınması barədə Məhkəmənin ünvanına ərizə göndərərək, başqa bir iş üzrə məhkəmə iclasında iştirak edəcəyini nəzərə alaraq hazırki iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, ərizəyə yuxarıda qeyd edilən halı təsdiq edə biləcək hər hansı sübut əlavə etməmişdir. Bunu və cavabdehin özünün də məhkəmə iclasında iştirak etmək imkanını nəzərə alaraq Məhkəmə ərizəni əsaslı hesab etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı QSC apellyasiya baxışı iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə bir mənalı olaraq ləğv edilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi cavabdehin iştirakı olmadan işə baxmışdır. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki iş materiallarından görünür ki, məhkəmə baxışı bir iclasda yekunlaşmış və iş üzrə cavabdehin səhhətində yaranmış problemlərlə əlaqədar həmin günə təyin edilmiş məhkəmə iclasının təxirə salınması barədə Rayon Məhkəməsinə teleqram daxil olmuşdur (iş v. 48). Lakin Rayon Məhkəməsi teleqramda qeyd edilən halı ümumiyyətlə müzakirə etməmiş, həmin hala hüquqi qiymət verməmişdir. Halbuki MPM-nin 184.4-cü maddəsinə görə, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. MPM-nin 185-ci maddəsinin mənasına görə isə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Lakin cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi barədə məlumat olmasına və birinci məhkəmə baxışı iclası olmasına baxmayaraq, Rayon Məhkəməsi öz qətnaməsində cavabdehin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyini əsas götürərək işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxmış və iş üzrə yekun qərar – qətnamə qəbul etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Çünki MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxan Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında bağlanmış 4xx/xx/2010-02 saylı, xx.xx.2013-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxndən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Ford Cargo 2530” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yükboşaldan avtomaşını 36 ay müddətinə QSC-dən lizinqə götürmüşdür. Həmin Müqaviləyə əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxx” görünür ki, lizinqalan olan cavabdeh lizinqverən QSC-yə lizinqin başlanma tarixi olan xx.xx.2013-cü il tarixdə, habelə xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərdə 1.715 manat, qalan aylarda isə hər ay 1.502 manat olmaqla hissə-hissə ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2013-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, həmin avtomaşın QSC-dən tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin QSC-yə 16.781 manat məbləğində əsas borcu, 3.555 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı QSC cavabdehə yazılı xəbərdarlıq məktubları göndərməklə borcun ödənilməsini tələb etmişdir. “xxxxxxxxxxxxxxxx” görünür ki, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək üçün, QSC, 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, iddiaçı QSC-yə cavabdehin özü tərəfindən şəxsən və Pərviz Qarayev adlı şəxs vasitəsilə cəmi 26.532 manat məbləğində pul ödənilmişdir. Həmin ödənişlər barədə iddiaçı QSC cavabdehə məlumat verməkdən imtina etdiyinə görə cavabdeh, X9 Edilməsi Agentliyinə müraciət etmişdir. Həmin Agentlik tərəfindən cavabdehə şifahi məlumat verilmişdir ki, xx.xx.2013-cü il tarixli müqavilə üzrə cəmi 34.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi, işin bu hallarına əhəmiyyət verməmişdir. Bundan başqa, Rayon Məhkəməsi nəzərə almamışdır ki, qaytarılması tələb edilən məbləğlər tərəflər arasında bağlanmış “X4” şərtlərinə uyğun hesablanmamışdır. Apellyasiya şikayətində göstərilən bu xüsusatların araşdırılması üçün xüsusi bilik tələb edildiyindən Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5679 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyini almışdır. Həmin rəydən görünür ki, iş materiallarında olan sənədlərə (maliyyə arayışı və ödəniş qəbzləri) əsasən xx.xx.2013-cü il tarixli, 4xx/xx/2010-02 nömrəli lizinq müqaviləsi üzrə cavabdehin xx.xx.2015-ci il tarixə iddiaçı QSC-yə olan borcu 20.336 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc – 16.781 manat, faiz borcu – 3.555 manat. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh borcu tam ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə də, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh yuxarıda qeyd edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun QSC-yə iddia ərizəsində göstərilən məbləğdə borcları yaranmışdır. İddiaçı QSC tərəfindən cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, iddiaçı, ərizə ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30 manat ödəmək məcburiyyətində qalmışdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh yuxarıda qeyd edilən “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. Göstərilənlər ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqısatqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir (maddə 747-5.1.). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Qeyd edilən maddi hüquq normalarının tələblərinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxxxx” üzrə yaranmış borc öhdəliyinin icrasının tələb edilməsi barədə QSC-nin iddiası əsaslıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi, lizinq alan olan Cavabdeh həmin müqavilə üzrə iddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır və mövcuddur. Məhkəmə eyni zamanda, əsas borcun məbləğinə nisbətdə 3.555 manat cərimənin tənasübsüz surətdə tələb edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən hesab edir ki, dəbbə pulunun məbləği azaldılmalı və 711 manat müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən “X4” şərtləri pozulmaqla vaxtında ödənişlər edilmədiyi üçün iddia “lizinq obyektinin geri qaytarılması” hissəsində də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya şikayətinin başqa bir dəlili ondan ibarətdir ki, cavabdeh, avtomaşını ona satmış Qarayev Pərviz Əlövsət oğluna avtomaşına görə hissə-hissə cəmi 16.500 manat pul ödməmişdir. Odur ki, həmin məbləğ nəzərə alınmalıdır. Bununla bağlı Məhkəmə bildirir ki, lizinq obyekti olan avtomaşın P.Qarayevin deyil, iddiaçı QSC-nin mülkiyyətində olan əmlakdır. Mülki Məcəlləsinin 152.1-ci maddəsinin mənasına görə isə, yalnız mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehin müzakirə edilən bu dəlili iddia tələbinin təmin edilməsinin qarşısını ala bilməz. Cavabdeh, ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı ona zərər vurmuş şəxsə qarşı iddia irəli sürmək hüququna malikdir. Məhkəmə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara, habelə MPM-nin 384.0.2ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2015-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 X3 Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və lizinq obyektinin qaytarılması tələbləri barədə” iddiası qismən təmin edilsin. Əsas borcun ödənilməsi məqsədi ilə 16.781 (on altı min yeddi yüz səksən bir) manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 711 (yeddi yüz on bir) manat məbləğində pul, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 26 (iyirmi altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı1 X6 ödənilsin. Lizinq obyekti olan İddiaçı1 X6 məxsus 1 ədəd “Ford Cargo 2530” markalı, **-JM- *** dövlət qeydiyyat nişanlı yük boşaldan maşın Cavabdeh geri alınaraq İddiaçı1 X6 verilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar