Məhkəmə qərarları › İş №2(103)-1120/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1120/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1120/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) İddiaçı3, onun və digər iddiaçı (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) İddiaçı2 nümayəndəsi və vəkili X4, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili X14, qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınmış X10 nümayəndəsi X24, nümayəndəsi və vəkili X11, qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınmış X3 nümayəndəsi və vəkili X15, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmış X18 iştirakları ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 “xxxx” MMC-yə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsindən “xxxx” MMC, X25, X9 və X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı3 və İddiaçı2 “xxxx” MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 48, 541 saylı və xx xxxxxx 2013-cü il tarixli 50, 51, 52, 544, 548, 549, 550, 551, 552 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, bundan əlavə “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 35 saylı, sahəsi 138,97 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m. olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.m. olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin naturada onlara təhvil verilməsi, əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2013-cü il tarixli qətnaməsi iləiddia tələbləri təmin edilmiş, həmçinin iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq iddiaçılara ödənilməsi qət olunmuşdur. Qətnamədən “xxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçıların istinad etdikləri müqavilələrin əslində görünüş üçün rəsmiləşdirildiyi və onların MMC-yə verməli olduqları 1 500 000 manat pul vəsaitinin təminatı qismində bağlandığı, müqavilələrin 5.4-cü bəndində də bunun birbaşa göstərildiyi, lakin razılaşdırılmış pulun iddiaçılar tərəfindən MMC-yə verilmədiyi arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC-nin nümayəndəsinin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sonradan iş üzrə maraqlı şəxs X25 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək onun Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət mənzilin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xuraman Əliyeva şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət mənzilə dair onunla xx.xx.2004-cü il tarixdə müqavilə bağlandığı və mənzilin dəyərini tam şəkildə ödədiyi halda, mənzili onun müqaviləsindən 9 il sonra MMC ilə əslində girov müqaviləsi bağlamış İddiaçı2 vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Xuraman Əliyevanın apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə cavabdeh təşkilat tərəfindən inşa edilmiş yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m., yaşayış sahəsi 85,36 kv.m. olan 3 otaqlı mənzilə aid hissədə ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, Xuraman Əliyevaya Mülki Prosessual Məcəllənin 403.2-ci maddəsinin tələbinə müvafiq olaraq Ali Məhkəmənin sədrinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan sonra X46 Məhkəmənin sədrinə müvafiq müraciəti etmiş, Ali Məhkəmənin sədri təqdimat verib Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilərəki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC və X26 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərcinə görə 50 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən tutulması qət olunmuşdur. Həmin qətnamədən Xuraman Əliyeva kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini; eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, lakin maraqlarına toxunulan X3 müraciətinə əsasən təqdimat verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti və təqdimat edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən - Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilə aid hissədə və “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərə aid hissələrdə ləğv edilməsi və həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərara alınmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsindən X9 və X19 tərəfindən də apellyasiya şikayətləri verildiyi müəyyən olunmuş, işdə iştirak etməmiş, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğu şəxslər qismində adı çəkilən şəxslərin şikayətlərinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İlqar Ağarəhimov apellyasiya şikayətində Ali Məhkəmə sədrinin onunla bağlı verdiyi təqdimatda göstərilənləri, habelə qanuni qüvvədə olan məhkəmə aktları əsasında Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə yerləşən yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlər üzərində özünün hüququnun tanındığını vurğulamış, buna görə də qətnamənin “həmin əmlaklara dair iddiaçılarla bağlanmış müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, əmlakların iddiaçılara təhvil verilməsi və əmlaklara yönəlmiş maneələrin aradan qaldırılması” hissələrində ləğv olunmasını xahiş etmişdir. Akif Həmzəyev apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamış, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə yerləşən yaşayış binasının “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.m. olan 24 saylı mənzilin “xxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında ona satıldığını, mənzilin dəyərini tam ödəmiş olmasını, İddiaçı1la ondan 6 il sonra müqavilə bağlandığını nəzərə almamışdır. Təkrar apellyasiya baxışı zamanı İddiaçı1 xx.xx.2020-ci il tarixdə vəfat etdiyi müəyyən olunduğundan, birinci dərəcədən vərəsələri olduqları müəyyənləşdirilən qızı Ülviyyə Qasımova, həyat yoldaşı Bilqeyis Zeynalova, həmçinin oğulları olan digər iddiaçılar onun prosessual hüquq varisləri, Akif Həmzəyevin iddia etdiyi mənzilin mülkiyyətçisi olduğu müəyyən edilən X31 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışlar. Məhkəmə iclaslarında iştirak edən “xxxx” MMC-nin, X10 və X3 nümayəndələri (vəkilləri) təmsil etdikləri şəxslərin şikayətlərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını; iddiaçı (həm də vəfat etmiş atasının prosessual hüquq varisi) İddiaçı3, onun və digər iddiaçı (həmçinin atasının prosessual varisi) İddiaçı2 nümayəndəsi və vəkili X16 şikayətlərin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, digər prosessual varislər isə məhkəməyə gəlməmişlər (İddiaçı3 onların da eyni mövqedə olduqlarını bildirmişdir). Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarının yeri (vaxtı) barəsində dəfələrlə məlumatlandırılmasına baxmayaraq digər apellyator X19 məhkəməyə gəlməmiş, onun şikayəti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X31 isə Akif Həmzəyevin iddia etdiyi mənzilin ona məxsus olduğunu, buna görə də adı çəkilən şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsini Ali Məhkəmə sədrinin təqdimatı və Xuraman Əliyevanın kassasiya şikayəti əsasında qismən - Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə yerləşən yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilə və “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərə aid hissələrdə ləğv edərək həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, sonradan isə qətnamədən İlqar Ağarəhimov və Akif Həmzəyev də apellyasiya şikayətləri vermişlər. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin (əsaslılığının) yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi, eləcə də İlqar Ağarəhimovun və Akif Həmzəyevin mübahisələndirdiyi hissələrdə yoxlanılması təşkil edir. Bu o deməkdir ki, qətnamənin “xx xxxxxx 2013-cü il tarixli 541 saylı və xx xxxxxx 2013-cü il tarixli 544, 548, 549, 550, 551, 552 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, alqı-satqı müqavilələrinə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə cavabdeh MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 35 saylı, sahəsi 138,97 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m. olan 34 saylı mənzillərin naturada iddiaçılara təhvil verilməsi, əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi” ilə bağlı hissələri artıq yeni apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, Xuraman Əliyevanın və İlqar Ağarəhimovun şikayətləri tam, “xxxx” MMC-nin şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı2 ilə MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı1 və İddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 48 saylı və xx xxxxxx 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi” hissələrində ləğv olunaraq iddianın həmin hissələrdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalı, Akif Həmzəyevin şikayəti isə təmin edilməməlidir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən, “xxxx” MMC İddiaçı3la xx xxxxxx 2013-cü il tarixdə 50, 51, 52 saylı; İddiaçı2la 544, 548, 549, 550, 551, 552 saylı; xx xxxxxx 2013-cü il tarixdə İddiaçı1la 48 və 541 saylı müqavilələr bağlamış, həmin müqavilələrdə MMC-nin Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “A 4” korpusunun 17-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 35 saylı, sahəsi 138,97 kv.m. olan 3 otaqdan ibarət 36 saylı mənzillərin, “A 5” korpusunun 12-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 139 kv.m. olan 24 saylı və həmin korpusun 17-ci mərətəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 186 kv.m. olan 34 saylı mənzillərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin və “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət sahəsi 214,14 kv.m. olan 24 saylı yaşayış və qeyri-yaşayış sahələrinin adı çəkilən şəxslərə təhvil verilməsi öhdəliyi müəyyənləşdirilmiş, müqavilələrin 5.4-cü bəndində isə onların alıcılara girov müqaviləsi kimi verildiyi, müqavilələrdə göstərilən məbləğlərin alıcılara qaytarılmasından sonra müqavilələrə xitam veriləcəyi təsbit olunmuşdur. İş materiallarında olan maliyyə arayışlarına görə iddiaçılar, əmlakların dəyərini MMC-ya ödəmiş və borcları qalmamışdır. İddiaçılarla “xxxx” MMC-nin arasında mübahisənin yaranmasına, MMC-nin, sözügedən müqavilələrin şərtlərinə tam əməl etməyərək əmlakları onlara təhvil verməməsi iddiası olmuş, MMC-nin nümayəndəsi iddiaya etirazında, habelə apellyasiya şikayətində bunu, əslində iddiaçıların MMC-yə borc pul verdikləri, müqavilələrin də borcun təminatı qismində bağlandığı ilə əlaqələndirmişdir. İşin müəyyən olunan halları həmçinin ondan ibarətdir ki, “xxxx” MMC ilə İlqar Ağarəhimov arasında xx xxxxx 2006-cı il tarixdə müqavilə bağlanmış, müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına uyğun çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin X9 tərəfindən maliyyələşdirilməsi və MMC ticarət mərkəzinin “C” korpusu 1-ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;-“A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K- P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;”A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D-35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m. təşkil edən obyektlərin X7 satılması təşkil etmiş, bu məqsədlə İlqar Ağarəhimov müqavilə bağlanan gün MMC-nin hesabına 600 000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, həmçinin müqavilə üzrə MMC-nin vəzifələri müəyyən olunmuş, İlqar Ağarəhimov tərəfindən ödənilmiş 600 000 ABŞ dolları pulun müqabilində MMC, ticarət mərkəzinin “C” korpusu 1ci və 2-ci mərtəbələr 1-10 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 602,4 kv.m.;- “A2” korpusu 1-ci və 2-ci mərtəbələr 10-17 rəqəm oxları ilə K-P hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“E” korpusu 1-ci və 2-ci mərtəbələr 18-27-L-İ oxları ilə K-P oxları arasında sahəsi 738 kv.m.;-“A3” korpusu İ-Ğ oxları arasında sahəsi 518,4 kv.m.;-“B” korpusu Ğ-D- 35-26 oxları arasında sahəsi 654 kv.m.;-“A4” korpusu 16-26 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;”A5” korpusu 9-15 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 518,4 kv.m.;-“D” korpusu 1-9 rəqəm oxları ilə A-Ç hərf oxları arasında sahəsi 496 kv.m.; beləliklə, cəmi sahəsi 4564 kv.m, təşkil edən obyektləri sonuncuya satmışdır. İşin müəyyən olunan digər halına görə, “xxxx” MMC müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün İlqar Ağarəhimov MMC-yə qarşı iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməməsinə dair MMC-nin hərəkətinin qanunsuz hesab edilməsi, MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa olunmuş ticarət mərkəzinin otaqlarının faktiki sahəsi nəzərdə tutulduğundan az olduğu üçün, yəni 318,16 kv.m. artıq sahəyə görə xx.xx.2006-cı il tarixdə ödənilmiş 41 825,32 ABŞ dolları həcmində pul vəsaitinin geri qaytarılması və həmin obyektlərdə təmir və tamamlama işlərinin aparılması üçün obyektlərin qeyd şərtsiz X7 verilməsi və işlərin görülməsi zamanı “xxxx” MMC tərəfindən müdaxilələrin və maneələrin aradan qaldırılması qət edilmişdir. İlqar Ağarəhimovun apellyasiya şikayətinə əlavə etdiyi sənədlərdən (məhkəmə aktlarından) aydın olur ki, mübahisəli ərazidə “xxxx” MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binalarının 1-ci və 2-ci mərtəbələrində yerləşən bütün qeyri-yaşayış sahələri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş akt əsasında xx xxxxxx 2014-cü ildə onun sahibliyinə verilmişdir və həmin ərazidə başqa qeyri-yaşayış sahələri mövcud deyildir. Mülki Prosessual Məcəllənin tələblərinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-in 82.3-cü maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Beləliklə, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə inşa olunmuş yaşayış binasının qeyri-yaşayış sahələrinin xx.xx.2006-cı il tarixli müqavilə əsasında İlqar Ağarəhimova satılmış olduğu, sonradan isə məhkəmə qətnaməsinin icrası qaydasında məhz onun sahibliyinə verildiyi işin müəyyən olunan halıdır; bununla belə MMC, binanın “A” korpusunda yerləşən hər birinin sahəsi 39 kv.m ölçüdə olan 3 ayrı-ayrı qeyri-yaşayış sahəsini İddiaçı3la bağladığı xx xxxxxx 2013-cü il tarixli 50, 51 və 52 saylı müqavilələrlə 234 000 manat pulun müqabilində sonuncuya, “A” korpusunda yerləşən 200 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsini İddiaçı1la bağladığı xx xxxxxx 2013-cü il tarixli 48 saylı müqavilə ilə 700 000 manat pulun müqabilində ona satmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “xxxx” MMC ilə X25 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 257 saylı müqaviləyə əsasən MMC, Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan 3 otaqlı yaşayış sahəsini müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə alıcıya, yəni Xuraman Əliyevaya təhvil verməyi öhdəsinə götürmüş, alıcı (Xuraman Əliyeva) həmin mənzilin müqabilində 3 gün ərzində 26 364 ABŞ dolları pulu MMC-yə ödəmişdir. Beləliklə “xxxx” MMC, Xuraman Əliyevaya xx.xx.20014-cü il tarixdə satdığı mənzilə dair xx xxxxxx 2013-cü il tarixdə İddiaçı2la müqavilə bağlamış, bu müqavilədə əmlakın borcun təminatı kimi girov qoyulduğu göstərilmişdir. İş materiallarından aydın olur ki, “xxxx” MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllədə tikdiyi yüksək mərtəbəli yaşayış kompleksinin yaşayış və qeyri-yaşayış sahələrinin satışını və qeydiyyatının aparılmasını həyata keçirən vəzifəli şəxslərinin əvvəllər satılmış yaşayış sahələrinin yenidən satılmasına, ayrı-ayrı şəxslərin adına sənədləşdirməklə mülkiyyətçilərin hüquqularının pozulması hallarına yol verdiklərinə görə barələrində cinayət işi başlanmış, həmin cinayət işi üzrə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünə əsasən X12, X20, X29, X6, X21 və X28 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinmiş, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış X17 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olduğu izah edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı Xuraman Əliyevanın apellyasiya şikayətini əsassız hesab edən apellyasiya kollegiyası həmin hökmə istinad etməklə vurğulamışdır ki, Xuraman Əliyevanın cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması və ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olmasının izah edilməsi, cinayət əməllərinə görə təqsirli bilinmiş şəxslərdən zərərin əvəzini tələb etmək hüquqlarının mövcudluğunu ehtiva edir və bu səbəblə də o, “xxxx” MMC-dən pul kompensasiyası tələb edə bilər. Kasassiya instansiyası işi hazırkı apellyasiya baxına göndərərkən bu mövqeyin əsassız olduğunu qeyd edərək göstərmişdir ki, “xxxx” MMC ilə X.Əliyeva arasında mübahisə predmeti olan mənzillə bağlı xx.xx.2004-cü il tarixli müqavilə bağlandığından sonra MMC həmin mənzili başqa şəxsə satmış və mənzili digər şəxsin sahibliyinə və istifadəsinə verməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, müqavilə bağlandıqdan sonra X.Əliyeva mənzilin dəyərini tam ödədiyi halda, MMC İddiaçı2la bağladığı xx xxxxxx 2013-cü il tarixli müqavilə ilə sonuncunun verdiyi 26364 ABŞ dolları məbləğində pulun müqabilində həmin mənzili ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmiş və reyestrdə qeydə alınmamışdır. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, MMC tərəfindən X.Əliyevaya satılmış Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.m olan, 3 otaqlı 39 saylı mənzil başqa şəxsin hüququları (mülkiyyət, istifadə sahiblik) yüklü deyildir. Göründüyü kimi iddianın rədd edilməsi əsası kimi X.Əliyevanın MMC-dən mənzil deyil, pul tələb etməli olması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır”. Kollegiya, kassasiya instansiyasının qərarında şərh olunanları da əsas götürməklə hesab edir ki, iddiaçıların “İddiaçı2 ilə MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı1 və İddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 48 saylı və xx xxxxxx 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi” tələblərinin təmin olunması mümkün deyildir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi,iddiaçıların istinad etdikləri müvafiq müqavilələr onlarla bağlandığı zaman, MMC-nin İlqar Ağarəhimovla və Xuraman Əliyevayla daha əvvəl bağlamış olduğu müqavilələr qüvvədə olmuşdur; bu isə o deməkdir ki, MMC, iddiaçıların istinad etdikləri müvafiq müqavilələrin predmeti olan əmlaklarla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onlarla müqavilə bağlamış, həmin MMC ilə iddiaçılardan daha əvvəl müqavilələr bağlayaraq əmlakları satın almış İlqar Ağarəhimovun və Xuraman Əliyevanın müqavilələrinin ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, sözügedən əmlakların iddiaçılara təhvil verilməsini istisna etməklə yanaşı, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllədə “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərinə, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilə münasibətdə onların irəli sürdükləri faktiki halların iddia tələblərinin qanuni əsası kimi göstərdikləri qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. X8 apellyasiya şikayəti ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: İşin hallarından aydın olur ki, “xxxx” MMC xx.xx.2007-ci il tarixdə X19 ilə də müqavilə bağlayaraq Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan mənzili adı çəkilən şəxsə təhvil verməyi öhdəsinə götürmüş, alıcı (Akif Həmzəyev) mənzilin müqabilində 214 140 manat pulu MMC-yə ödəmiş, bununla bağlı ona kassa mədaxil orderi verilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 MMC ilə bağladığı xx.xx.2013-cü il tarixli 541 saylı müqavilə əsasında “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan mənzili mülkiyyətinə keçirərək onu xx.xx.2016-cı il tarixdə X1, mənzilə Bakı şəhəri, Binəqədi rayonu, məhəllə 3078A, X39 prospekti Korpus E, mənzil 24 ünvanı verilərək xx.xx.2016-cı il tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydə alınmış, X43 Həmzəyev arasında mənzillə bağlı məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X2rşı “mənzildən çıxarılma” iddiası təmin, Akif Zeynalovun ona qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi rədd edilmiş, həm həmin qətnamədə, həm də digər mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2018-ci il tarixli qətnaməsində Akif Həmzəyevə satılmış mənzilin 24 saylı olmadığı təsbit edilmiş, MMC-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işi üzrə də Akif Həmzəyev 24 saylı deyil, “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan 23 saylı mənzil üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Göründüyü kimi, Akif Həmzəyev iddia etdiyi “E” korpusunun 12-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214,14 kv.m. olan 24 saylı mənzilə münasibətdə subyektiv hüquq sahibi deyildir və hazırda yoxlanılan qətnamə onun mənafeyinə toxunmamaqdadır. Bu baxımdan kollegiya Akif Həmzəyevin apellyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq onun irəli sürdüyü dəlillərlə bağlı əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə, göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya onu da qeyd edir ki, hazırkı apellyasiya icraatı işdə iştirak etməyə cəlb olunmayan şəxslərin müraciəti üzrə Ali Məhkəmə sədrinin müvafiq təqdimatı, eləcə də işdə iştirak etməyə cəlb olunmamış şəxslərin apellyasiya şikayətləri əsasında başlanmış olsa da, birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi Ali Məhkəmənin son qərarından sonra qüvvəyə mindiyindən, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsinin tətbiqi və qətnamənin tam ləğv olunması mümkün deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X10 və X3 apellyasiya şikayətləri tam, “xxxx” MMC-nin apellyasiya şikayəti isə qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3986/2013 saylı iş üzrə xx xxxx 2013-cü il tarixli qətnaməsi “İddiaçı2 ilə MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 544 saylı müqavilənin 5.4-cü bəndinin, İddiaçı1 və İddiaçı3 ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 48 saylı və xx xxxxxx 2013-cü il tarixli 50, 51, 52 saylı müqavilələrin 5.4-cü bəndlərinin etibarsız hesab olunması, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllədə “xxxx” MMC tərəfindən inşa olunmuş yaşayış binasının “A” korpusunda hər biri 39 kv.m. olan 3, həmin korpusda yerləşən sahəsi 200 kv.m. olan obyektlərin, “B” korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət sahəsi 155,08 kv.m. olan 39 saylı mənzilin naturada iddiaçılara təhvil verilməsi, həmin əmlaklara yönəldilmiş maneələrin aradan qaldırılması vəzifəsinin MMC-yə həvalə edilməsi” hissələrində ləğv olunsun və həmin iddia tələbləri təmin edilməsin. Qətnamə hazırkı apellyasiya baxışının predmeti olan və Akif Həmzəyevin və “xxxx” MMC-nin mübahisələndirdiyi digər hissələrdə dəyişdirilmədən saxlanılsın (onlara münasibətdə). “xxxx” MMC-dən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 5 (beş) manat alınaraq Xuraman Əliyevaya, 15,40 (on beş manat 40 qəpik) manat alınaraq İlqar Ağarəhimova ödənilsin; MMC-nin və Akif Həmzəyevin ödədikləri rüsum məbləğləri onların özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar