Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1120/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1562/2024 saylı, 06 fevral 2024cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. xx.xx.2020-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Hava limanı yolu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı və X2 məxsus “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymişdir.
2. “AutoBox” avtomobil servisi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktları ilə “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat, “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil 4200 manat zərər dəydiyi müəyyən edilmişdir.
3. PXA78729 saylı sığorta aktı və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “Kia Carens” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 520 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 520 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən X1 ********** nömrəli plastik kart vasitəsilə 520 manat məbləğində sığorta ödənişi verilmişdir.
4. PXA72097 saylı sığorta aktı və xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə PXA********** №-li Sığorta şəhadətnaməsi ilə sığortalanmış “Audi A4” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi həmin avtomobillə xx.xx.2020-ci ildə yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində “VAZ-21144” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4200 manat məbləğində maddi zərər vurulmuş olduğundan, ödənilməli olan sığorta ödənişinin miqdarı 4200 manat məbləğində müəyyən edilmiş və bununla əlaqədar "xxxx" ASC ASC tərəfindən X3 ********** nömrəli plastik kart vasitəsilə 4200 manat məbləğində sığorta ödənişi verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 520 manat və 4200 manat olmaqla, ümumilikdə 4720 manat zərər məbləğinin və ödənilmiş 67,2 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilib ki, Suraxanı rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Bəkirli X5 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1562/2024 saylı, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbinin təmin edilərək Cavabdeh 4720(dörd min yeddi yüz iyirmi) manat məbləğində ödənilmiş sığorta ödənişinin əvəzi və 67,2 (altmış yeddi manat 20 qəpik) dövlət rüsumu olmaqla, cəmi 4787,20 (dörd min yeddi yüz səksən yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh hadisə yerindən yayınmış olduğundan sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, hadisə baş verdiyi zaman cavabdeh hadisə yerində iştirak etmiş, ərazidə növbə çəkən Bakı şəhər DYPİ Müşaiyət-Eskort bölüyünün baş inspektoru, polis mayoru X7 hadisə yerinə yaxınlaşmış, cavabdehin barəsində İXM-nin 327.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli İXP ******* inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Cavbdehin idarə etdiyi nəqliyyat vasitəsi isə ümumiyyətlə hərəkət etmək iqtitarında olmamışdır ki, hadisə yerindən yayına da bilsin. Bundan əlavə, həmin saat polis əməkdaşı qanuni tələbinə əsasən cavabdeh sərxoşluğun müəyyən olunması barədə müayinəyə cəlb olunmuşdur. Suraxanı RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokolun təhqiqatçı tərəfindən ləğv olunaraq İXM 327.6-cı maddəsinin tətbiq olunması barədə qərar iddiaçı üçün səbəb olmuşdur və nəticədə qeyd olunan qətnamə qəbul olunmuşdur. Həmin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir, məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin olunmuşdur, hakim Nərminə Rzayevanın icraatındadır. Nəticəsi barədə məhkəməyə məlumat veriləcəkdir.Cavabdeh tərəfindən iddiaçıya heç bir zərər vurulmamışdır, belə ki, zərər o halda aşkar oluna bilərdi ki, cavabdeh hadisə yerindən qaçmış olardı.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi.
11. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, lakin məhkəmə iclasında iştirak etməməsinin səbəbi və buna dair sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
22. Əvvəla, hazırki iddia tələbinin qanuni əsasının “İcbari sığortalar haqqında” Qanunun 25.1., 25.1.8 və 63.1-ci maddəsi təşkil edir. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İddiaçı tərəf tələbin qanuni əsası kimi, qeyd olunan normanı nəzərdə tutub.
23. Demək ki, iddiaçı tərəf özü də tələbin başqa qanuni əsasını aşkar etməyib yaxud aşkar edə bilməyib və ya başqa qanuni əsasın olmadığına şübhə etmir. Birinci instansiya məhkəməsi də hazırki iddianın qanuni əsası kimi, daha dəqiq deyilsə subroqasiya hüququnun hansı normaya əsasən yarandığını müəyyən edərək iddianı təmin edib.
24. İndi isə keçək sübutlar məsələsinə, hansı ki, bu məsələ də mülki prosessual qanunvericiliyin imperativ tələbidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 25.Hazırki iddia üzrə tələbin əsası kimi istinad etdiyi halları iddiaçının sübut etməli olması heç bir mübahisə doğurmur. Lakin iddiaçı istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Təqdim etdiyi sübutlar iddianın əsassızlığını təsdiq edir. Yəni, işdə olan xx.xx.2021-ci il tarixli, TP ******* saylı Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərarından başqa heç bir sənəd və məlumatlarda cavabdehin baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayınması göstərilməyib. Əksinə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli 54911 No li Arayışda hadisə baş verdiyi anda sürücü-cavabdehin hadsə yerində olduğu, sərxoşluq vəziyyətinin yoxlanıldığı və s. hallar müəyyən edilmişdir. Yəni, hazırki iddianın əsaslı olması üçün cavabdeh ən azından İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı həqiqətən törətməsi təsdiq edilməli idi. Bu cür vəziyyətdən belə çıxır ki, məhkəmə, yalnız inzibati tənbeh vermə haqqında qərarın mövcudluğu əsasında bu qənaətə gəlib. 26.Ancaq apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkilinin təqdim etdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(010)-38/2024-cü il tarixli qərarı ilə Cavabdeh şikayəti təmin olunaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyevin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ikinci hissəsi-Cavabdeh münasibətdə hadisədən yayınma barədə hissəsi qanunsuz hesab edilməklə ləğv edilməsi, İXM-in 327.1-ci maddəsinə uyğun dəyişdirilməsi və toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən təhqiqatçı qərarın həmin hissəsini texniki səhv kimi qəbul etdiyindən ləğv edilməsini xahiş etmişdir. Bundan sonra, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Suad Həmzəyev xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsini qərara almışdır. Buna baxmayaraq, Cavabdeh daha bir şikayəti təmin olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə təqsirli bilinərək 100(yüz) manat məbləğində cərimə olunmasına dair Suraxanı rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, həm məhkəmə qərarları, həm də təhqiqatçının qərarı əsasında cavabdehin İXM-in 327.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh tədbiri haqqında qərarın əsası ləğv edilmişdir. Demək ki, subroqasiya hüququnun yaranması üçün əsas ümumiyyətlə əvvəlcədən mövcud olmamışdır.
27. Göründüyü kimi, hazırki iddia tələbi açıq-aşkar əsassız olduğu halda birinci instansiya məhkəməsi işə baxdığı müddətdə bu faktı müəyyən edə bilməyib, nəticədə hüququn tətbiq edilməsində səhv buraxıb, eləcədə qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün birmənalı əsasdır.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1562/2024 saylı, 06 fevral 2024cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməli; İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1562/2024 saylı, 06 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.