Məhkəmə qərarları › İş №2(103)-11216/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11216/2019

25.10.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11216/2019 25.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdehin nümayəndələri X8 və X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1999/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC ilə X10 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, №5236/f-14 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməs və cavabdeh tərəfindən ona aid məlumatların razılığı olmadan yayılması nəticəsində ona dəymiş 64400 AZN məbləğində maddi zərər və 22000 AZN məbləğdə əldən çıxmış fayda və 20000 AZN ona dəymiş mənəvi zərərin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1999/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, o, cavabdehlə “zaminlik müqaviləsi” bağladıqları zaman bank işçiləri ona müqavilənin formal xarakter daşıdığı və əhəmiyyətli hüquqi nəticələrə səbəb olmayacağını bildirmişlər, hesab edir ki, həmin müqavilənin onun tərəfindən imzalanması müqavilənin etibarsız hesab edilməməsi üçün əsas deyildir. Bundan başqa, məhkəmə iddiaçının borcla bağlı məlumatlarının cavabdeh tərəfindən onun işlədiyi yerə - “xxxxxxxxxxxxxxxx” MMC-yə məktub göndərilərək yayılmasını “Banklar haqqında” Azərbaycan Respublikasının qanunun 41.1-ci maddəsində göstərilən bank sirrinin məzmununa uyğun dəyərləndirməmiş, iddiaçının öz iradəsi ilə işdən çıxdığını nəzərə alaraq, maddi, mənəvi zərər və əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, məhkəmənin gəldiyi qənaət əsassızdır, çünki Cavabdeh ASC tərəfindən iddiaçının iş yerinə dəfələrlə şifahi olaraq da borcla bağlı məlumatlar verilmişdir və xx.xx.2016-cı il tarixində iddiaçı öz istəyi ilə işdən çıxmışdır, lakin bu, işdən çıxmaq səbəbinin onun haqqında məlumatların yayılması ilə birbaşa bağlı olduğu faktını inkar etmir. Qeyd olunanlara əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən onun işlədiyi müəssisənin rəhbərliyinə məktub göndərilərək onun zaminlik müqaviləsinə əsasən yaranan borcu barədə məlumatların yayılması “Bank haqqında” Azərbaycan Respublikasının Qanunun 41.1-ci maddəsinin (bank sirri) təsiri altına düşür və bankın müştərilər ilə bağlı hər hansı məlumatları yaymağa haqqı yoxdur. Həmin sirrin yayılması nəticəsində o, işlədiyi yerdən ərizə verərək çıxmağa məcbur qalmış və bununla da ona zərər dəymişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili P.Cabbarlı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri C.Bəhmənli və E.Paşalı apelyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdilər ki, “Bank haqqında” qanunun 41.1-ci maddəsi bankın birbaşa müştərilərinə aid edilir və zaminlər oraya daxil deyil, bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən də borc haqqında məlumatların yayılması bank sirrini təşkil etmir. Göstərilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan, xx.xx.2014 tarixli, 5236/f-14 nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı xx.xx.2014 tarixli, 5236/f-14 nömrəli kredit müqaviləsi üzrə borcalan X6 borcverən Cavabdeh ASC qarşısında 12000 (on iki min) manat məbləğində öhdəliyin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. “Finca-Azerbaijan” QBKT MMM tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ASC-nin Sumqayıt filialı tərəfindən xx xxxxxx 2015-ci il tarixində 599 nömrəli, xx.xx.2015-ci il tarixli məktub “FincaAzerbaijan” QBKT MMM-ə daxil olmuş və daxil olan məktublar jurnalında 1001 nömrə ilə qeydə alınmışdır. Həmin məktubla təşkilatın hüquq departamentinin həmin dövrdə rəhbəri olan İddiaçı zamininlik öhdəliyinin olduğu və qoşmada əlavə edilmiş həmin məktbuda qeyd edilən digər məlumatlar göstərilmiş, yekunda məktubda göstərilən borc məbləğinin “xxxxxxxxxx” ASC-nin Sumqayıt filialına ödənilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Daha sonra, məktub təşkilatın inzibati şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş, direktorun köməkçisinə verilmiş, tərcümə edilib məzmunu direktora çatdırılmış, daha sonra araşdırılması üçün X3 yönəldilmiş, həmin dövrdə İddiaçı məktub barədə məlumat verilmiş, onunla məktubun məzmunu müzakirə edilmişdir. Yekunda məktubda xahiş edilən halın işçi və işəgötürən arasındakı əmək münasibətləri, o cümlədən işçinin əmək funksiyalarının icrası ilə bağlı olmadığı müəyyən edildiyindən, məktub hərəkətsiz saxlanılmışdır. “Finca-Azerbaijan” QBKT MMM ilə İddiaçı arasında 44094/14 nömrəli müddətli əmək müqaviləsinə əsasən, xx xxxx 2014-cü il tarixindən – xx xxxx 2015-ci il tarixinədək əmək müqaviləsi bağlanmışdır, İddiaçı hüquq şöbəsinin meneceri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X2 baş icraçı direktoru X11 ilə İddiaçı arasında xx xxxx 2016-cı il tarixli əmək müqaviləsinə əsasən, həmin tarixdə tərəflər arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır, İddiaçı hüquq və icraat departamentinin problemli maliyyə subyektləri ilə iş sektorunun müdiri vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Vəkillər X4 xx xxxxx 2018-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən, İddiaçı xx xxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmiş və fəaliyyət göstərmək üçün Sumqayıt şəhər hüquq məsləhətxanasına göndərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddiası üç tələbdən ibarətdir. 1) Zaminlik müqaviləsinin etibarsız hesab edilməsi; 2) Maddi zərər; 3) Mənəvi zərər; Birinci tələb zaminlik müqaviləsinin etibarsız hesab edilməsidir. Həmin tələblə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin “Əqdlərin etibarsızılığı” adlı 14-cü fəslində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud deyildir. Bu səbəbdən zaminlik müqaviləsi etibarsız hesab edilə bilməz. İkinci tələb maddi ziyanla bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı iş yerindən öz ərizəsi əsasında çıxmışdır. Bu səbəbdən, həmin iddia tələbi təmin edilə bilməz. Üçüncü tələb isə mənəvi zərərlə bağlıdır. İddiaçı qeyd edir ki, cavabdeh tərəfindən məktubun onun iş yerinə göndərilməsi ilə bank sirri pozulmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, bank sirrinə aid olan məlumatlar Mülki Məcəllənin 967-ci maddəsində və “Banklar haqqında” Qanunun 41-ci maddəsində müəyyən edilmişdir. Həmin məlumatlara aşağıdakılar aiddir: -bank hesabı haqqında məlumat; -hesab üzrə əməliyyatlar haqqında məlumat; -hesab üzrə qalıqlar haqqında məlumat; -hesabın müştərisi haqqında məlumat; Zaminlik müqaviləsi haqqında məlumat isə bank sirri hesab olunmur. İddiaçının hazırkı tələbi isə bank sirrinin pozulması ilə bağlı maddi və mənəvi zərərlə bağlıdır. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi zaminlik müqaviləsi barədə məlumat bank sirri təşkil etmədiyi üçün iddia tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bununla belə, Kollegiya qeyd edir ki, “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində qeyd edilir ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin maddənin 2-ci bəndinə əsasən milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi Konvensiyanın 8-ci maddəsinin təsiri altına düşüb- düşməməsi baxımından araşdırıla bilərdi, lakin iddiaçı hazıkı ərizəsində həmin əsasla tələb irəli sürməmişdir, apellyasiya icraatı zamanı isə tələbin bu cür dəyişdirilməsi prosessual baxımdan yolverilməzdir, bu səbəbdən də iddiaçıya Konvensiyanın 8-ci maddəsinə əsasən şəxsi məlumatlarn yayılmasının yolverilməzliyi ilə bağlı tələblə cavabdehə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranm təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçıtərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1999/2019 saylı, xx xxxxx 2019cu il tarixli qətnaməsi onların apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. İddiaçıya, Konvensiyanın 8-ci maddəsinə əsasən cavabdehə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar