Məhkəmə qərarları › İş №2(103)-1122/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1122/2023

06.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1122/2023 06.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: qətnaməyə izah verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarının dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneənin yaradılmasının Cavabdeh qadağan edilməsi və bununla əlaqədar qanunsuz müdaxilələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılması Cavabdeh qadağan edilməsi qət edilmişdir.

3. İddiaçı ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsi ilə əlaqədar izah verilməsini xahiş etmişdir.

4. Ərizənin əsaslarına görə, iddiaçı öz iddia tələbində qeyd etmişdir ki, cavabdeh adıçəkilən mənzildə olan otağın birinin qapısını bağlayaraq, qarşısına şkaf, şkafın üzərinə isə böyük həcmli boş qutular yığılmaqla həmin otağı gizlətməyə cəhd etmişdir və beləliklə, mütəxəssis tərəfindən həmin ölçünün götürülməsi gizlədilmiş otaq nəzərə alınmadan aparılmışdır. Qeyd edilən mənzilin faktiki ölçüsü 120 kv.m olduğu halda otağın gizlədilməsi nəticəsində ölçü 87.2 kv.m təşkil etmişdir. İddia ərizəsində də maneələrin aradan qaldırılması tələbi dedikdə, digər hərəkətlərlə yanaşı ölçü işlərin obyektiv aparılması və faktiki ölçülərin düzgün götürülməsini təmin etmək məqsədilə süni üsullarla gizlədilmiş otağın açılması və ölçüyə verilməsini nəzərdə tutulmuşdur. Qətnamənin icrası məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən borclunun, tələbkarın, tələbkarın nümayəndəsinin, o cümlədən, 2 digər hal şahidinin iştirakı ilə icra tədbirləri həyata keçirilmişdir. İcra hərəkətləri zamanı video çəkilişdən istifadə edilmişdir. İcra məmuruna tələbkar tərəfindən gizlədilən otağın 1 ədəd eyvanı, 2 ədəd pəncərəsinin olması, həmçinin mənzilin MKİS dən olan çertyoju (hansiki sözügedən gizlədilən otaq orada əks olunur) göstərilmiş, həmçinin otağın giriş qapısının haradan hörülməsi də göstərilmişdir. İcra məmuru tərəfindən əli ilə divar və hörülmüş qapı arasında olan səs fərqini belə yoxlamışdır. Lakin, icra məmuruna bütün hallar göz önünə gətirilməsinə baxmayaraq icra məmuru icrasını həyata keçirmiş olduğu məhkəmə qətnaməsində həmin otağın hörgü qoyulmuş qapısının açılmasının müəyyən edilmədiyini, bu halın mane hesab edilmədiyini vurğulamışdır. Nəticə etibarilə isə icra hərəkətlərini yerinə yetirdiyini hesab etmişdir. Halbuki, iddiaçı tərəf olaraq iddianın verilməsinə səbəb elə həmin otağın gizlədilməsi faktının müəyyən edilməsi və onun açılaraq mənzilin ümumi ölçülərinə daxil edilməsi idi ki, iddiaçı da bu halı həm iddia ərizəsində həm də məhkəmədə etdiyi şifahi çıxışlarda məhkəmənin diqqətinə çatdırmışdır. Qəbul olunmuş qətnamənin nəticəvi hissəsində qeyd olunan “maneələrin yaradılması Cavabdeh qızma qadağan edilsin” müddəasının izaha zərurəti yaranmışdır. Belə ki, məhkəmə “maneələr” dedikdə iddia tələbində qeyd olunmuş Cavabdeh tərəfindən ölçü işlərinin düzgün aparılmasının qarşısını almaq məqsədilə otağın gizlədilməsinin dayandırılması və müvafiq əməkdaşlara ölçü götürülməsi üçün açılmasını nəzərdə tutması konkret göstərilməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

6. Qərardadın əsaslarına görə, beləliklə məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri və ərizəni araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 nömrəli 21 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə sözügedən mənzildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən ölçü işləri aparılması və həmin idarənin xx.xx.2022-ci il tarixli müayinə aktına əsasən mənzildə müvafiq ölçü işləri həyata keçirilməsi səbəbindən icraata xitam verildiyindən qətnaməyə izah verilməsi mümkün deyildir. Göründüyü kimi qətnamə artıq icra edilmişdir. Bundan əlavə 2(004)-5934/2021 nömrəli mülki iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə faktiki ölçülərə uyğun olan mülkiyyət hüquqlarına dair dövlət reyestrindən çıxarışın və müvafiq texniki pasportun verilməsi məqsədilə ölçü işlərinin aparılmasına maneələrin yaradılmasının cavabdehə Cavabdeh qadağan edilməsini xahiş etmiş və iddia tələbi təmin edilmişdir. Hazırda iddiaçının qətnaməyə izah edilərək “Cavabdeh tərəfindən ölçü işlərinin düzgün aparılmasının qarşısını almaq məqsədilə otağın gizlədilməsinin dayandırılması və müvafiq əməkdaşlara ölçü götürülməsi üçün açılmasını” tələb etməsi iddia tələbindən kənara çıxma hesab edilir. Məhkəmə belə qənaətə gəlir ki, ərizənin təmin ediləcəyi təqdirdə qətnamənin məzmunu dəyişməklə, yəni prosessual qanunvericiliyin pozulması ilə yanaşı, maddi hüquq normalarının da tələbi pozulmuş olur.

7. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, məhkəmənin “qətnamənin icra edilməsinə” dair mövqeyini düzgün hesab etmirlər. Ona görə ki, tələbkar İddiaçı bu günləri az qala həftənin hər günü Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisinin qəbuluna, Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəisinin qəbuluna yazılır ki, çıxarılmış qətnamənin məqsədi nəzərə alınmaqla icra edilsin. Vəziyyət belə olduqda və elementar olaraq əgər tələbkar qətnamənin izahını tələb edirsə deməli onun hələ icra edilməsindən danışmaq düzgün deyildir. Deməli tələbkarın fikrində çıxarılmış qətnamədə nə isə bir anlaşılmaz və s. var ki, onun izah edilməsi həmin qətnamənin icrasına xidmət edir. Əgər qətnamənin icrası bitmiş olsaydı tələbkar həmin qətnaməyə dair nəinki izah ümumiyyətlə həmin qətnaməyə dair məhkəmədən heç bir xahiş etməzdi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.” Məhkəmənin ərizənin təmin edilməməsinə dair digər bir mövqeyi ondan ibarət olmuşdur ki, “Hazırda iddiaçının qətnaməyə izah edilərək Cavabdeh tərəfindən ölçii işlərinin diızgiin aparılmasının qarşısını almaq məqsədilə otağın gizlədilməsinin dayandırılması və müvafiq əməkdaşlara ölçü götürülməsi üçün açılmasını” tələb etməsi iddia tələbindən kənara çıxma hesab edilir. Halbuki, Plenum qərarında “məhkəmə baxışının predmeti olmayan” ifadəsi işlədilir ki, iddiaçı tərəf olaraq iddianın verilməsinə səbəb elə həmin otağın gizlədilməsi faktının müəyyən edilməsi və onun açılaraq mənzilin ümumi ölçülərinə daxil edilməsi idi ki, iddiaçı da bu halı həm iddia ərizəsində həm də məhkəmədə etdiyi şifahi çıxışlarda məhkəmənin diqqətinə çatdırmışdır. Deməli, məhz otağın gizlədilməsi, onun açılması istiqamətində cavabdehin hərəkətlərini iddiaçı maneə ölçü işlərinin tam və dolğun aparılmasına maneə kimi gördüyü üçün məhkəməyə müvafiq iddia ərizəsi ilə müraciət etmişdir. Nəticə etibarilə otağın gizlədilməsinin müzakirəsi məhkəmə baxışının predmeti olmuşdur. Ona görə də məhkəmənin qeyd edilən mövqeyi ilə razı deyillər.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır; Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarı: “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.”

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 21 oktyabr 2021-ci il tarixli qətnaməyə izah verilməsindən imtina etməkdə haqlı olmuşdur.

13. MPM-in 230.3-cü maddəsinin imperativ tələbinə əsasən icra edilməmiş qətnamənin izah edilməsinə yol verilir. Hazırkı işin materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2022ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarın mübahisələndirilməsi və ya ləğv edilməsi iş materiallarından müəyyən edilmir.

14. Bu mənada məhkəmə kollegiyası şikayətin qətnamənin faktiki icra edilməmiş olması barədə dəlili ilə razılaşmır. Ona görə, iddiaçının qətnamənin izahı barədə ərizə ilə müraciət etməsi, yaxud subordinasiya qaydasında şikayətlər verməsi qətnamənin faktiki icra edilməməsi demək deyil. Qətnamənin icra edilməsi faktı icra məmurunun yuxarıda göstərilən qərarı ilə təsdiq edilir.

15. İddiaçının da istinad etdiyi Ali Məhkəmə Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Hazırkı işdə isə birinci instansiya məhkəməsinin qətnaməsinin aydın və ya dəqiq olmayan, yaxud ziddiyyətli olan hər hansı bir hissəsi müəyyən edilmir. İş üzrə iddiaçının tələbi ölçü işlərinin aparılmasına törədilən maneələrin qadağan olunmasıdır ki, məhkəmə də həmin tələb üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır.

16. İzah barədə ərizənin məzmunundan görünür ki, iddiaçının faktiki narazı olduğu məqam mübahisə predmeti olan əmlakın faktiki ölçülərinin müəyyən ediləndən daha çox olmasıdır. Halbuki, əmlakın ölçülərinin nə qədər olması, onun neçə otaqdan ibarət olması izah verilməsi tələb edilən qətnamə üzrə ümumiyyətlə mübahisə predmeti olmamışdır.

17. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna ҝөrə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5934/2021 nömrəli iş üzrə 28 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar