Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11225/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evinə köçürülmə və cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bağırova X4 Seyran Şirvan oğlu ilə (Cavabdeh1 oğlu) 21.02.2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, həmin vaxtdan 2021-ci ilin fevral ayınadək, yəni həyat yoldaşının ölümünədək birgə yaşamışlar. İlk vaxtlar onunla birlikdə ünvan 2 ünvanda yaşamışlar. Əri ilə birgə yaşadıqları dövrdə bir neçə daşınar və daşınmaz əmlak əldə etmişlər. Belə ki, Abşeron rayonu, Saray qəsəbəsində 6 sot torpağın içərisində ayrı-ayrılıqda tikilmiş 2 evləri olmuş, həmin evin birində yoldaşı ilə birgə yaşamışlar. Digər evi isə yoldaşı sex kimi istifadə etmişdir. 2020-ci ilin axırlarında yoldaşı ilə birgə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evi satmağı qərara almış, həmin evi satdıqdan sonra 16 noyabr 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini almışlar. 04 dekabr 2020-ci il tarixdə əri X6 yeni evlərində, yəni ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin vaxtdan da, əri Seyran Nüsrətovla birlikdə orada yaşamağa başlamışlar. Yaşamaq ücün lazım olan əşyaları və ərinin iş ləvazimatlarını da ora köçürmüşlər. Həmçinin, evin müəyyən dərəcədə təmirə ehtiyacı olduğu üçün evi təmir etdirməyə başlamışlar. Lakin, 06 yanvar 2021-ci il tarixdə həyat yoldaşı X1 yaranmış problem ilə əlaqədar olaraq (sümük yeyilməsi xəstəliyi) Avrasiya klinikasına yerləşdirilmişdir. Orada məlum olmuşdur ki, yoldaşının ürəyində problemlər var və buna görə də, o, Bakı Sağlamlıq klinikasına köçürülmüşdür. 10 gün orada müalicə olunsa da, sonradan yoldaşı müalicədən imtina etmiş, 17 yanvar 2021-ci il tarixdə komaya düşmüşdür. Bir ay komada qalmış, daha sonra onda vərəm xəstəliyi aşkar olunduğu üçün Vərəm xəstəxanasına köçürülmüşdür. 17 fevral 2021-ci il tarixdə həyat yoldaşı X6 “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi” səbəbi ilə vəfat etmişdir. X10 özü dəfn etdirmiş, yas mərasimini özü təşkil etmiş, qəbir üstünü də, o, düzəltdirmişdir. Həyat yoldaşının yas mərasimi başa çatdıqdan sonra 2021-ci ilin aprel ayının əvvəllərində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3Q ünvanındakı fərdi yaşayış evinə normal şəraitdə yaşamaq ücün yeni əşyalar yerləşdirmiş və orada yaşamağa davam etmişdir. 17 iyul 2021-ci il tarixdə işdən evə gəldiyi zaman evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüş və evə daxil ola bilməmişdir. Ona məlum olmuşdur ki, ərinin atası Cavabdeh1, onun oğlu Cavabdeh2, yoldaşı Cavabdeh3 ilə birlikdə onun icazəsi olmadan, gizli şəkildə evin giriş qapısını hansısa vasitə ilə açaraq evə daxil olmuş və onun icazəsi olmadan evinin giriş qapısının açarlarını dəyişdirmişlər. Bundan sonra o, bununla bağlı polisə şikayət etmişdir. Hesab edir ki, cavabdehlər kənar şəxslərdir və onun ailə üzvləri deyillər. Onun icazəsi olmadan evinə daxil olduqalarına görə məsuliyyət daşıyırlar. Çünki, o, evinə təzə əşyalar yerləşdirmiş, evinin və həmin əşyaların salamatlığı üçün cavabdehlər məsuliyyət daşıyırlar. Polis idarəsində ona məsələnin həlli üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdə onlarla birlikdə yaşasa da, Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 3Q saylı evdə onlarla birlikdə yaşamamışdır. Həmçinin, Cavabdeh3 da heç vaxt onunla birgə yaşamamış, onlarla birlikdə qeyd olunan evə köçməmişdir. Hər ikisi əsassız olaraq, eyni zamanda, Cavabdeh1 oğlunun, yəni, onun əri X2isi olmasından istifadə edərək İnzibati məhkəmədə iddia qaldıraraq onun icazəsi olmadan ora qeydiyyata düşmüşdür. Halhazırda qapı bağlı olduğu üçün nələrin baş verməsindən məlumatı yoxdur. Cavabdehlər onu evinə buraxmırlar. Həmçinin, evdəki əşyalarının salamat olub-olmamasından narahatdır. O, böyük zəhmətlə əldə etdiyi və əri ilə birgə yaşadığı evə köçmək istəyir. Cavabdehlərin ona maneə törətməsi aradan qaldırılmalı, cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh3 evdən çıxarılmalıdır. Bakı şəhəri Bakıxanov qəsəbəsi S.Şuşinski küçəsi 3Q saylı fərdi yaşayış evini X6 16 noyabr 2020-ci il tarixli evlərin alqı-satqı müqaviləsi əsasında X3 almışdır. Bakıxanov Bələdiyyəsinin verdiyi Yerli (Bələdiyyə) vergilərin Ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 026 saylı, 26.04.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin vergi ödəyicisidir. (YVÖK-18011xxxxxxx). Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Bakıxanov qəsəbəsi, S.Şuşinski-0020-0003-ə dair 01.02.2021-ci il tarixli qazın alqısatqısına dair müqavilə bağlanılmışdır. Yenə həmin ünvan dair Azərsu ASC ilə İddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair Müqavilə bağlanılmışdır. Həmçinin, Azərişıq ASC ilə də İddiaçı arasında müqavilə bağlanılmışdır. Yaşayış yeri üzrə qeydiyyata dair arayışdan görünür ki, əri X6 ünvan 4 ünvanda qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası DİN-nin 21.10.2000-ci ildə verdiyi 024992 saylı vəsiqədən görünür ki, X6 müharibə veteranıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayının 17-dək ünvan 6 ünvandakı fərdi yaşayış evində yaşamış, bu hal cavabdehlər tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin ünvanda yaşamasına dair aktiv hərəkətlər edərək yaşadığı dövr ərzində sözügedən ünvanla bağlı vergi ödəyicisi kimi uçota alınmış və qazın alqı-satqısına dair müqavilə bağlamışdır. Bu səbəbdən də iddiaçı uzun müddət yaşadığı mübahisəli evə köçürülməlidir. Məhkəmə qanunun analogiyasını tətbiq etməklə 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi, habelə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil1 apellasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, Sabunçu Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, habelə onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən edilməlidir. İş materiallarında olan: - 16 noyabr 2020-ci il tarixli müqavilədən görünür ki, X6 ilə X8 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı fərdi evinə dair tərəflərin razılığı ilə yazılı şəkildə alqı-satqı müqaviləsi bağlanmışdır. - 26 aprel 2021-ci il tarixli, 026 nömrəli yerli (bələdiyyə) vergilərin ödəyici olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin vergi ödəyicisidir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X6 ünvan 7 ünvanda qeydiyyatdadır. - 05 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 17 fevral 2021-ci il tarixdə “ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyindən Bakı şəhərində ölmüşdür. - nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə İddiaçı 21.02.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin 22 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 7 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsinin 24 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 8 ünvanda qeydiyyatdadır. - AKX-0273054/02-2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında Bakı şəhəri Sabunçu rayonu, Seyid Şuşiniski ünvanında yerləşən fərdi yaşayışı evinin qazla təmin edilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. - 43825593 nömrəli, 29 yanvar 2021-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, ünvan 10 ünvana dair Azərsu ASC ilə İddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılmasına dair müqavilə bağlanılmışdır. İş materiallarının araşdırılması və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, mübahisəli fərdi tikili özbaşına inşa edilməklə heç bir hüquq müəyyənedici sənədi yoxdur və hüquqi baxımdan özbaşına tikili hesab edilir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair də hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. İddiaçı mərhum əri Seyran Nüsrətovla birlikdə 2020-ci ilin noyabr ayında həmin evi qeyri-rəsmi əldə etməklə orada bir müddət yaşamış, əri 2021-ci ilin yanvar ayında öldükdən sonra da həmin tikilidə yaşamaqda davam etmiş, lakin sonradan cavabdehlər tərəfindən həmin tikilidə yaşamasına maneələr yaradıldığından və ora buraxılmadığından, həmin tikilini tərk etməli olmuşdur. Hazırda həmin fərdi yaşayış evi cavabdehlərin istifadəsindədir. Cavabdeh1 iddiaçının həmin tikilidə heç vaxt yaşamadığını, onun Bakı şəhərində özünə məxsus mənzilinin olduğunu bildirsə də, bu hallar məhkəmə iclasında mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli tikiliyə dair kommunal xidmətlər iddiaçının adına qeydiyyata alınmaqla həyata keçirilmişdir. Bundan başqa, həmin tikiliyə və torpaq sahəsinə görə iddiaçı yerli bələdiyyə orqanında vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mübahisənin həlli zamanı 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinə istinad etməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bununla məhkəmə tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin araşdırılan halları ilə iddiaçı M.Z.Bağırovanın Cavabdeh1 oğlu Seyran Nüsrətovla 2012-ci ildə nikaha daxil olduğu, mübahisəli fərdi tikiliyə isə 2020-cı ildə köçdüyü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasındakı hazırkı fərdi yaşayış evi ilə bağlı bağlı hüquq münasibətləri 01.10.2009-cu il tarixdən sonra əmələ gəlmişdir, ona görə də bu mübahisənin həlli zamanı 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad edilməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən qanunsuz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Normanın mənasına görə, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən öz iradəsinə zidd olaraq məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Bu halın araşdırılması zamanı, məhkəmə belə qanaətə gəlir ki, məhrum etmə o halda qanuni hesab edilə bilər ki, məhrum edən şəxs bu hüquqa malik olsun. (Misal: Şəxsə mülkiyyət hüququ ilə məxsus olan əmlakın 3-cü şəxslərin qanunsuz sahibliyindən alınması və s.) Əgər məhrumedənin mübahisəli əmlaka hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən evə köçürülməlidir. Evin özbaşına tikili olması Konstitusiyanın 43-cü maddəsində qeyd olunan “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, İddiaçı özbaşına inşa edilmiş fərdi yaşayış evindən sərbəst surətdə istifadə etməsinə cavabdehlərin maneə yaratması qanunsuz olmuşdur, iddiaçı cavabdehlərlə bərabər surətdə mübahisəli evdən istifadə etmək hüququ əldə etmişdir və mübahisəli evə köcürülməsi tələbi qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddia baxışının predmeti olan hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi iddiaçının mübahisəli fərdi tikiliyə köçürülməsi hissəsində təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əısasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5326/2021 saylı 09 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın qismən təmin edildiyi hissədə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi evə köçürülsün. Qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11225/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11225/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver