Məhkəmə qərarları › İş №2(103)-11226/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11226/2021

10.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11226/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçılar X1, İddiaçı2, İddiaçı4 vəkili, İddiaçı5 isə eyni zamanda nümayəndəsi Nümayəndə və cavabdeh RÜR Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar X1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı “müqavilənin qismən etibarsız hesab edilməsi və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh MMC-nə qarşı müqavilənin qismən etibarsızlığı və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə X3 arasında bağlanmış 16 avqust 2019- cu il il tarixli Razılaşma Müqaviləsi torpaq sahəsinə münasibətdə etibarsız hesab edilməsi, Xüsusi mülkiyyətdə olan Daşınmaz Əmlakın **********09-10301 reyestr nömrəli çıxarışı ilə iddiaçılara məxsus məqsədli təyinatı yaşayış məntəqəsi torpağı olan 0.0185 hektar torpaq sahəsi əvəzlənib hesablanaraq iddiaçılara kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “RÜR" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına əsasən Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları-34A ünvanında yerləşən yaşayış sahəsi üzrə yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş onlara məxsus mənzil mülkiyyətində yaşayış sahəsi 360,0 kv.metrdən ibarət olan mənzilinin əvəzinə RÜR MMC tikiləcək yeni binada 434,0 kv.metrdən olan yaşayış və qeyri yaşayış sahələrini iddiaçıların istifadə, sahiblik və mülkiyyətə verməyi öz öhdəsinə götürmüşdür. İddiaçılarla müqavilə imzalanarkən yalnız onlara məxsus fərdi yaşayış sahəsinin faktiki ölçü və əlavə 20% sahə hesablanaraq nəzərə alınmış, lakin Daşınmaz Əmlakın **********09-10301 reyestr nömrəli məqsədli təyinatı yaşayış məntəqəsi torpağı olan 0.0185 hektar mülkiyyətdə olan torpaq sahəsi nəzərə alınmamışdır. Hesab edirlər ki, şirkətin hərəkətləri qanunsuzdur. Belə ki, əvəzlənmə həyata keçirilərkən torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyəti təhvil versələr də, torpaq sahəsinin ölçüsü hesablanmamışdır. Bu səbəbdən müqavilə torpaqla bağlı hissədə etibarsız hesab edilməlidir. Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29.06.2012-ci il tarixli, 392-İVQ nömrəli, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 18-ci bəndi əsasında qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosia-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25.02.2016-cı il tarixi, 86 nömrəli qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Nəsimi rayonu ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanıİmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Hesab edirlər ki, onlarla bağlanılmış əqd vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır.

3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova).

4. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin ediləsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılarla bağlanılmış əqd vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. İddiaçılarla müqavilə imzalanarkən yalnız onlara məxsus fərdi yaşayış sahəsinin faktiki ölüsü və əlavə 20% sahə hesablanaraq nəzərə alınmış, lakin Daşınmaz Əmlakın **********09-10301 reyestr nömrəli məqsədli təyinatı yaşayış məntəqəsi torpağı olan 0.0185 hektar mülkiyyətdə olan torpaq sahəsi nəzərə alınmamışdır. Şirkətin hərəkətləri qanunsuzdur. Əvəzlənmə həyata keçirilərkən torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət təhvil verilsə də torpaq sahəsinin ölçüsü hesablanmamışdır. Bu səbəbdən müqavilə torpaqla bağlı hissədə etibarsz hesab edilməlidir. Bununla bağlı iddia ərizəsində də geniş qeyd edilmişdir. İddiaçılar apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 39, 385-ci maddələrinə istinad etmişlər. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Babayev iddiaçıların apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 adına hər birinə öz payına uyğun olaraq qeydiyyatdan keçmişdir.

10. İş materiallarında olan 10.08.2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, "Cəmiyyət" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən, Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşlan-34A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evlərin söküntüsünü, eləcə də həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda Mülkiyyətcinin söküntüsü nəzərdə tutulan reyestr nömrəsi **********09- 10301, qeydiyyat nömrəsi **********, **********, **********4, **********, **********, qeydiyyat tarixi 23.04.2019, 23.04,2019, 17.04 2019, 17.04.2019. 01.03.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş mənzil mülkiyyətində (tikintiaitı sahəsi 220,40 kv.metr) yaşayış sahəsi 360,00 kv.metrdən ibarət olan mənzilinin əvəzinə tikiləcək binanın 7-5 u bloklarından ümumi sahəsi 434,00 kv.metr olan 7-ci blokda 2(iki) ədəd sahəsi 92,00 kv.metr, 5-cı blokunda 2(iki) ədəd sahəsi 92,00 kv.metr, 1(bir) ədəd 66,00 kv.metr (divaraltı sahələr daxil olmaqla) mənzilləri təmirli və 7-ci blokun -6,60 səviyyəsində 7(iki) ədəd qaraj sahəsi "Mülkiyyətçi"-nin istifadə, sahibliyi və mülkiyyətinə verməyi öhdəsinə götürür; Bakı şəhəri, Nasımı rayonu, Novruzov Qardaşları34A ünvanında yerləşən İddiaçı1 Əmırxan qızına məxsus 220,40 kv.metrdən ibarət yaşayış evi yerləşdiyi 360,00 kv.metr ölçüdə və mülkiyətçiyə xüsusi mülkiyyət hüququna məxsus olan torpaq sahə ilə birlikdə "Mülkiyyətçi "Cəmiyyət"ə təhvil verdi. Bu Müqavilə Bakı Şəhər Nəsimi Rayon icra Hakimiyyəti ilə Cavabdeh arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış Müqavilənin tərkib hissəsidir; "Mülkiyyətçi" söküntüsü nəzərdə tutulan evinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində tam hazır vəziyyətdə təhviltəslim aktı tərtib olunması üçün "Cəmiyyət"-ə təhvil verir, bundan sonra "Mülkiyyətçi"-yə kirayə aldığı ev üçün kirayə haqqı verilir. "Mülkiyyətçi” əlavə olaraq öz şəxsi vəsaiti hesabına əldə etmək istədiyi mənzil və əlavə kvadratmetrlər üçün "Tərəflər"in qarşılıqlı razılığı əsasında tərtib olunmuş ödəniş cədvəlinə uyğun ödəmələr etməyi bu müqavilədə göstərilən müddətdə və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirli (və ya təmirsiz) mənzili qəbul etməyi öhdəsinə götürür.

11. İş materiallarına əlavə edilmiş 07.08.2019-cu il tarixli Müqavilədən görünür ki, “Cəmiyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yemlərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardasları-34A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulan reyestr nömrəsi **********09- 10301, qeydiyyat nömrəsi **********, **********. **********4, **********, **********, qeydiyyat tarixi 23.04,2019, 23.04.2019, 17.04.2019, 17,04,2019, 01.03.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışında göstərilmiş mənzil mülkiyyətində (tikintialtı sahəsi 220,40 kv.metr) yaşayış sahəsi 360,00 kv.metrdən ibarət olan mənzilinin əvəzinə tikiləcək binanın 7-5 ci bloklarından ümumi sahəsi 434,00.. kv.metr olan 7-ci blokdan 4(dörd) ədəd sahəsi 92,00 kv.metr, 5-cı blokunda 1(bir) ədəd 66,00 kv.metr (divaraltı sahələr daxil olmaqla) mənzilləri təmirli və 7-ci blokun -6.60 səviyyəsində 2(iki) ədəd qaraj sahəsi Mülkiyyətçi”nin istifadə, sahibliyi və mülkiyyətinə verməyi öhdəsinə götürür; Bu Müqavilə Bakı Şəhər Nəsimi Rayon icra Hakimiyyəti ilə RÜR Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış Müqavilənin tərkib hissəsidir; ”Mülkiyyətçi” söküntüsü nəzərdə tutulan evinin Müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində tam hazır vəziyyətdə təhvil-təslim aktı tərtib olunması üçün “Cəmiyyət”-ə təhvil verir, bundan sonra Mülkiyyətçi”-yə kiraya aldığı ev üçün kirayə haqqı verilir. Hüquqi dəyərləndirmə:

12. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

14. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir;

15. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

16. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

17. Həmin Məcəllənin 339.3-ci maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin;

18. Həmin Məcəllənin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir;

19. Həmin Məcəllənin 347.1-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

20. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə, vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

21. Həmin Məcəllənin 347.3-cü maddəsinə görə, əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.

22. Həmin Məcəllənin 347.5-ci maddəsinə görə, predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.

23. Həmin Məcəllənin 347.6-cı maddəsinə görə, yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir.

24. Hazırki mülki işin hallarına, tərəflərin izahatlarından görünür ki, iddiaçıların cavabdehlə müqavilə bağlamaqla, onlara məxsus daşınmaz əmlakların torpaq sahələri ilə birlikdə təhvil verilməsi, cavabdehin isə həmin əmlak əvəzində iddiaçılara yeni tikilən binada təmirli mənzillərin və müvəqqəti yaşamaq üçün digər tərəfə ümumi kirayə haqqının verilməsi barədə öhdəlik götürmüşlər.

25. Hazırda iddiaçılar iddia tələbində və apellyasiya şikayətində onlara daşınmaz əmlakın yerləşən torpaq sahisinə görə onlara kompensasiya ödənilməsini və torpaq sahəsinə münasibətdə müqavilənin etibarsız hesab edilməsini xahiş edirlər.

26. Kollegiya işin hallarına, tələflərin izahatlarına, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə məcmu halında qiymət verərək, qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

27. Belə ki, iddiaçılar iddia tələbində və apellyasiya şikayətində tərəflər arasında bağlanan müqavilənin torpaqla bağlı hissəsinin vacib əhəmiyyətli yanılma təsiri altında imzaladıqlarını iddia etsələr də, bunu təsdiq edən hər hansı tutarlı sübut məhkəməyə təqdim etməmişlər və iş materiallarında bununla bağlı hər hansı bir sübut aşkar edilməmişdir.

28. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi, vacib əhəmiyyətli yanılmanın hansı hallarda mövcud olması aydın göstərilmişdir və bu halların olmasına dair sübutetmə yükünü iddiaçılar daşısalar da, bununla bağlı iddiaçılar sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili də öz izahatında vacib əhəmiyyətli yanılmanın olmasına aydınlıq gətirə bilməmiş və bunu müqavilənin kiçik şriftlə (8 şrift) yazılması ilə izah etmişdir.

29. Kollegiya bununla bağlı qeyd edir ki, müqavilənin xırda ölçülü hərflərlə yazılması onun etibarsızlığına səbəb olan hal deyildir. Eyni zamanda, müqaviləni imzalayan 4 nəfərin də eyni anda həmin səbəbdən yanılması inandırıcı deyildir.

30. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin sübuta yetirilə bilməməsi səbəbindən iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

İddiaçılar X1, İddiaçı2, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2021 saylı, 19.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar