Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1123/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "borc tələbi”nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(011)-4984/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 07.03.2020-ci il tarixli müqaviləyə əsasən, “X4 8” markalı telefon üçün 295.4 manat ödənilməmiş hissə, 29.6 manat cərimə, 23.06.2020-ci il tarixli müqaviləyə əsasən ”Samsung Galaxy A71” markalı telefon üçün 1049 manat ödənilməmiş hissə, 104 manat cərimə, ümumilikdə 1478 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə kiçik mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış 07.03.2020-ci il tarixli müqavilə üzrə cavabdeh “X4 8” markalı telefon və 23.06.2020-ci il tarixli müqavilə üzrə ”Samsung Galaxy A71” markalı telefon alaraq iddiaçı qarşısında 1478 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 07.03.2020-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 506.4 manat olan “X4 8” markalı telefon üçün 325 manat olmaqla ondan, 295.4 manat ödənilməmiş hissə, 29.6 manat cərimə, 23.06.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1170 manat olan ”Samsung Galaxy A20s” markalı telefon üçün 1153 manat olmaqla, ondan 1049 manat ödənilməmiş hissə, 104 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 332 manat təşkil edir. Hazırda cavabdeh öhdəliklərini icra etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(011)-4984/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(011)-4984/2021 nömrəli qətnaməsindən Cavabdeh tərərfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iş fəaliyyətinin uğursuzluğu nəticəsində ağır maliyyə çətinlikliklərinə görə borcu vaxtında ödəməsi qeyrimümkün olmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2020-ci il tarixli, 20152604 saylı müqaviləyə əsasən "xxxx" MMC “X4 8” markalı telefon, 23.06.2020-ci il tarixli, 20368041 saylı müqaviləyə əsasən ”Samsung Galaxy A71” markalı telefonu Cavabdeh satmış və cavabdeh həmin əşyalara görə 07.03.2020-cu il tarixli müqaviləyə əsasən “X4 8” markalı telefon üçün ilkin ödənişsiz qalan məbləği 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 42.2 manat məbləğində olmaqla, cəmi 506.4 manat, 23.06.2020-ci il tarixli müqaviləyə əsasən ”Samsung Galaxy A20s” markalı telefon üçün 0 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 97.5 manat məbləğində olmaqla, cəmi 1170 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar tam qüsursuz olaraq Cavabdeh təhvil verilmişdir. İddiaçı cavabdehə borcunu ödəməsinə dair 29.01.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarında olan 11.05.2021-ci il tarixli maliyyə arayışı və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə 07.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 295.4 manat, cərimə borcu üzrə 29.6 manat və 23.06.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1049 manat, cərimə borcu üzrə 104 manat, cəmi 1478 manat məbləğində ödənilməmiş borcu vardır. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış əşyanın nisyə alğısatqısına dair müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu iddiaçıya ödəməlidir. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi kimi ağır maliyyə çətinlikliklərinə görə borcu ödəməsinin qeyri-mümkün olmasına istinad etsə də, məhkəmə kollegiyası həmin halları borc öhdəliyinin icrasından azad edilmək üçün əsaslı hesab etmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilmədiyini, işə onun iştirakı olmadan baxıldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələb kiçik iddiaya dair işə sadələşdirilmiş iş olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilmiş, iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddianın qiyməti qanunvericiliklə müəyyən edilmiş 5000 manat məbləğindən aşağı olduğundan, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(011)-4984/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1123/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1123/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver