Məhkəmə qərarları › İş №2(103)-1127/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1127/2022

16.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1127/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh X4, “X10” MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Əli-zadə Rafael Kamal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Əli-zadə Rafael Kamal oğlu cavabdehlər X7, X2 və “X10” MMC-yə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 ilə arasında bağlanmış 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli, ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilmiş əşyanın lombardda girovu haqqında müqavilələrin təminatı kimi girov qoyulmuş iddiaçıya məxsus ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə 1 üzük, 3 cüt sırğa və 2 sepin açıq hərracda satılmasına dair keçirilən hərracların və hərracların nəticəsi olaraq “X10” MMC-nin tərtib etdiyi 14 aprel 2021-ci il tarixli yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi, əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş ümumi dəyəri 80.000 manat olan ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılması, qızılların qaytarılması mümkün olmadıqda isə qızılların dəyəri olan 80.000 manatın, eləcə də iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması, eyni zamanda, cavabdehlər X8, X5 və “X10” MMC-nin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası CM-nin 306-cı, 178-ci madddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanmasından ötrü prokurora xəbər verilməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-7426/21) iddia rədd edilmişdir. İddiaçı narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh X8 arasında 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilməklə əşyanın lombardda girovu haqqında müqavilələr bağlanılmış, ******* saylı girov bileti əsasında 5000 manat, ******* saylı girov bileti əsasında 5000 manat və ******* saylı girov bileti əsasında isə 4000 manat məbləğində kreditlər verilmiş və müqavilələrin müddəti 2 ay müəyyən edilmişdir. Müqavilələrin təminatı kimi ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat- qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sep girov qoyulmuşdur. Bağlanmış müqavilələr əsasında iddiaçı tərəfindən ümumilikdə 12.000 manat məbləğində pul ödənilmişdir. Lakin bir müddət əvvəl aralarında bağlanmış müqaviləyə heç bir aidiyyəti olmayan şəxs-cavabdeh X1 adından iddiaçıya bildiriş təqdim edilərək, X8 ilə bağlanmış müqavilələrə istinad edilməklə, 18.024 manat yaranmış borcun ödənilməyəcəyi təqdirdə kredit təminatı kimi girov qoyulmuş qızıl-zinət əşyalarının Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən, açıq hərrac vasitəsi ilə satılacağı göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmış, sübutları düzgün qiymətləndirməmişdir. İş materiallarında 18024 manat borcunun yarandığını təsdiq edən hər hansı sübut mövcud deyil. Hərrac keçirilməsi barədə sifariş verilərkən ona məxsus qızılların satılmalı olduğunu təsdiq edən müvafiq sənədlər “X10” MMC-yə təqdim edilməmişdir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh X.Zamanova və “X10” MMC-nin nümayəndəsi F.Hacıyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qızılların dəyərinin qaytarılması tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh X8 arasında 25 oktyabr 2018-ci il tarixli ******* saylı, 25 oktyabr 2018-ci il tarixli ******* saylı və 25 oktyabr 2018-ci il tarixli ******* saylı girov biletləri ilə rəsmiləşdirilməklə əşyanın lombardda girovu haqqında müqavilələr bağlanılmışdır. ******* saylı girov bileti əsasında 5000 manat, ******* saylı girov bileti əsasında 5000 manat və ******* saylı girov bileti əsasında isə 4000 manat məbləğində kreditlər verilmiş və müqavilələrin müddəti 2 ay müəyyən edilmişdir. Müqavilələrin təminatı kimi ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq, 1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sep girov qoyulmuşdur. İddia tələbi 4 hissədən ibarətdir: 1) hərracların və hərracların nəticəsi olaraq yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi 2) əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi; 3) müqavilələrin təminatı kimi girov qoyulmuş ümumi dəyəri 80.000 manat olan ******* saylı girov bileti üzrə 1 cüt sırğa, 1 qolbaq,1 kolye, 2 saat-qolbaqla, 1 sep-kolye, ******* saylı girov bileti üzrə 3 üzük, 3 cüt sırğa, 2 kulon, 1 qolbaq və 1 sep, ******* saylı girov bileti üzrə isə 1 üzük, 3 cüt sırğa və 2 sepin iddiaçıya qaytarılması, qızılların qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan 80.000 manatın qaytarılması; 4) iddiaçıya vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 manat pulun iddiaçıya ödənilməsi. Birinci instansiya məhkəməsi iddia tələblərini bütünlüklə rədd etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi hərracların və hərracların nəticəsi olaraq yekun protokolların etibarsız hesab edilməsi, həmin protokolların hüquqi nəticələrinin ləğv edilməsi, əşyanın lombardda girovu haqqında müqavilələrin ləğv edilməsi, qızılların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə aid hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin tələbləri əsassız sayıb rədd etməkdə haqlı olmuşdur. Məhkəmənin həmin hissələrdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası bununla yanaşı qızılların dəyərinin qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin hissədə iddianı tam rədd etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı xx.xx.2018-ci il tarixli müqavilələr üzrə cavabdeh Xanım Zamanovaya cəmi 12000 manat faiz borcu ödəmişdir. İddiaçının sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə olmuşdur. Belə ki, iddiaçı özü də cavabdehin nümayəndəsi X2 ünvanladığı ərizədə adı çəkilən girov biletləri üzrə 14000 manat pul götürdüyünü, sonuncu ödənişi xx.xx.2020-ci il tarixdə etdiyini, 4 ay pul ödəmədiyini yazılı etiraf etmişdir (i.v 202). Cavabdeh Xanım Zamanova da birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının 12000 faiz borcu ödədiyini etiraf etmiş və 4 aydır ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi girov müqavilələri üzrə 14000 manat pulun iddiaçı tərəfindən götürüldüyü və qaytarılmadığı, eləcə də 4 ay ödəniş edilmədiyi işin mübahisəsiz hallarıdır. Girov müqaviləsində faiz məbləği hər ay üçün 420 manat müəyyən edilmişdir. Belə olan halda 4 ay üçün faiz borcu (420x4) 1680 manat təşkil edir. İddiaçı tələbində qızılların dəyərinin 80 000 manat olduğunu bildirdiyindən apellyasiya baxışı zamanı bu faktın dəqiqləşdirilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli rəyi ilə qızıl-zinət əşyalarının hazırkı orta bazar qiyməti ilə ümumi dəyərinin təxminən 34753 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan hərrac protokollarından görünür ki, qızıl-zinət əşyaları ümumilikdə 6425 manata satılmışdır. Bundan əlavə işdə olan Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli qızıl-zinət əşyalarının satılmaması və özgəninkiləşdirilməməsi məqsədilə həmin əşyaların üzərinə həbs qoyulmuşdur. Buna baxmayaraq qızıllar hərraca çıxarılaraq bundan bir gün sonra, yəni xx.xx.2021-ci ildə satılmışdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, qızılları hərrac vasitəsilə əldə etmiş alıcılar Mülki Məcəllənin 182-ci maddəsinin tələbinə əsasən vicdanlı alıcılar olduqlarından qızılların qaytarılması tələbi təmin oluna bilməz və birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə rədd etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 182.1-ci maddəsinin tələbinə görə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində həqiqətən də zərərə məruz qalmışdır. Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. İş materialları ilə iddiaçıya dəymiş zərərin məhz cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında hər hansı səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilavasitə cavabdehin təqsirli olması işə əlavə edilmiş mötəbər yazılı sübutlarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə-hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilavasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Yuxarıda qeyd olunduğu kimi, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisəli qızıl-zinət əşyalarının özgəninkiləşdirilməsi qadağan olunsa da, cavabdeh həmin qızılların hərracdan satşını həyata keçirmiş, qızıllar həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə satılmış və nəticədə iddiaçıya zərər vurulmasına səbəb olmuşdur. Belə ki, qızılların həqiqi dəyəri və satış qiyməti düzgün müəyyən olunmuş olsaydı onlar daha baha qiymətə satılar, iddiaçının borcu ödənilər və hətta qalıq məbləğ iddiaçıya qaytarıla bilərdi. Yaxud hərrac keçirilməsəydi iddiaçı nəticə etibarilə borcunu özü ödəyib qızıllarını geri qaytarmaq imkanı əldə etmiş olardı. Lakin qızılların hərracda satışının təşkili nəticəsində iddiaçı bu imkandan da məhrum olmuşdur. Bu baxımdan Kollegiya belə qənaətə gəlir ki, qızılların ekspert rəyi ilə müəyyən olunmuş dəyərini təşkil edən 34753 manatdan iddiaçının cavabdehə borclu olduğu 15680 (14000+1680) manat çıxılmaqla qalan məbləğ, yəni 19073 manat cavabdeh Xanım Zamanovadan tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası digər cavabdeh Elçin İbrahimova aid hissədə tələbi əsaslı saymır. Belə ki, mübahisələndirilən girov müqavilələri iddiaçı ilə cavabdeh Xanım Zamanova arasında bağlanmışdır. Elçin İbrahimov isə yalnız etibarnamə əsasında Xanım Zamanovanı təmsil etmiş, öz adından deyil, sonuncunun adından hərəkət etmiş, onun tapşırıqlarını yerinə yetirmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri qızılların dəyərinin qaytarılması tələbinə aid hissədə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə həmin hissədə ləğv olunmalı və iddia tələbi təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Əli-zadə Rafael Kamal oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən – qızılların dəyərinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh X3 19073 manat (on doqquz min yetmiş üç) manat pul alınıb iddiaçı Əlizadə Rafael Kamal oğluna verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar