Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1127/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı; Cavabdeh1 İddiaçı qarşı iddia tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququ, mənzilə köçürülmə, istifadəyə yaradılan maneələrin aradan qaldırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X8 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı, cavabdeh (iddiaçı) Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi”, Cavabdeh1 İddiaçı qarşı “mənzilə köçürülmə” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh2 xx.xx.1994-cü il tarixdə nikaha daxil olmuş, nikahlarından xx.xx.1995-ci il tarixdə Rüfət adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi əsasında nikahları pozulmuş, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 anasının yanında saxlanılması qət olunmuş, nikahın pozulması haqqında xx.xx.2013-cü il tarixdə qeydiyyat aparılmışdır.
2. Nikahlarının məhkəmə qətnaməsi əsasında pozulmasına baxmayaraq İddiaçı və Cavabdeh2 2013-cü ilin mart ayına qədər birlikdə yaşamış, onların ailə münasibətlərindən xx.xx.2008-ci il tarixdə Nigar adını verdikləri uşaqları doğulmuşdur.
3. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 nömrəli evin 2 otaqlı 26 nömrəli mənzili xx.xx.1998-ci il tarixdə X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
4. Cavabdeh2 X4 və İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli qətnaməsi ilə təmin olunmuş, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzilindəki yaşayış sahəsindən istifadə hüququ tanınmışdır.
5. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Tamilla Sədrəddinbəyova xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında almış, oğlunu və gəlini Cavabdeh2 həmin mənzilə köçürmüş, mənzilə köçürülən zaman Cavabdeh2 ilə Tamilla Sədrəddinbəyova arasında başqa qeyd-şərt olmamışdır.
6. İddiaçı və Cavabdeh1 xx.xx.1999-cu il tarixdə, Cavabdeh2 isə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzilinə pasport qeydiyyatına alınmışlar.
7. Tamilla İzmayılovna xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzil onun 03 avqust 2000-ci il tarixli vəsiyyətnaməsi üzrə verilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında 18 iyul 2006-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. İddiaçı, Cavabdeh1, Səbinə və Nigar Sədrəddinbəyovalar 2013-cü ilə (2013cü ilin mart ayına) qədər ünvan 1 ünvanında yerləşən 26 saylı mənzildə birlikdə yaşamışlar.
9. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4 “B”, mənzil 13 Cavabdeh2 məxsusdur, o, həmin mənzildə qızı Nigar Sədrəddinbəyova ilə birlikdə təxminən 2013-cü ilin mart ayından hazırkı vaxta kimi yaşayır.
10. Cavabdeh1 İİİ qrup əlildir, ona ömürlük 110 manat məbləğində müavinət təyin olunmuşdur.
11. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 92 ünvanında yerləşən ərazidə 2 otaqlı mənzillərin kirayə bazar qiyməti təmirləri nəzərə alınmaqla 500- 550 manatdır.
12. İddiaçı 22 iyun 2013-cü il tarixdə X13 ilə nikaha girmiş, nikahdan sonra qadına “Sədrəddinbəyova” soyadı verilmiş, bu nikahdan onların xx.xx.2016-cı il tarixdə Cəmilə adını verdikləri uşaqları doğulmuşdur.
13. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzilində hazırda İddiaçı, həyat yoldaşı Sədrəddinbəyova Yeleva və qızı Cəmilə Sədrəddinbəyova yaşayırlar.
14. Cavabdeh1 mülkiyyətində daşınmaz əmlak yoxdur, o, “Unibank” Kommersiya bankında mütəxəssis işləyir və ayda 780 manat əmək haqqı alır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X7 9000 manat kompensasiya ödənilməsi müqabilində onların, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 məxsus olmuş, vərəsəlik hüququ əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdeh2 ilə arasında olan nikah Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi əsasında pozulmuş, bundan sonra yenidən müəyyən müddət birlikdə yaşasalar da, 2013-cü ildən hazırki günədək tamamilə ayrı yaşamaqdadırlar. Ortaq övladları olan Cavabdeh1 və X9 anaları ilə birlikdə yaşamaqdadırlar. Cavabdehlər hazırda ünvan 2 ünvanında yaşasalar da, ona məxsus evdə qeydiyyatdadırlar. Cavabdehlərin onun evində qeydiyyatda olması mülkiyyət hüquqlarını pozmaqla yanaşı, öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanını da məhdudlaşdırır. Belə ki, yenidən ailə qurmuşdur və xx.xx.2016-cı il təvəllüdlü Cəmilə adlı bir qızı vardır. Cavabdeh2 "xxxx" MMMC tərəfindən tikilmiş mənzili vardır və onlar 2013cü ilin mart ayından etibarən həmin mənzildə yaşayırlar. Hazırkı vəziyyətdə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatdan çıxarılmaları onların hüquqlarına hər hansı bir zərər yetirməyəcəkdir. Belə ki, onlara ədalətli şəkildə kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsinə razıdır.
17. Sonradan İddiaçı nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1, Cavabdeh2 və X1 ödənilmədən onların Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Həmin ərizə (dəqiqləşdirmə barədə ərizə) onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 2013-cü ildən etibarən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamadıqlarını etiraf etmiş, Cavabdeh2 həmçinin bildirmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi ev 76, giriş 4B ünvanında yerləşən 13 saylı mənzil ona məxsusdur və qohumu tərəfindən hədiyyə edilmişdir. Sonrakı məhkəmə iclaslarında da cavabdehlərin həmin mənzildə uzun müddətdir (2013-cü ildən etibarən) yaşamaması faktı öz təsdiqini tapmışdır. Cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzildə yaşamamalarına dair etirafı məhz onların həmin yaşayış sahəsinə olan ehtiyacının olmaması mənasına gəlməkdədir. Həmçinin Cavabdeh2 özünə məxsus mənzilinin də olması onu göstərir ki, onun Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 92 saylı evin 26 saylı mənzilində yaşamağa ehtiyacı yoxdur.
19. Cavabdeh1 isə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzilindən istifadəsinə yaradılan maneələrin qanunsuz hesab edilməklə həmin mənzilə köçürülməsi, mənzildən maneəsiz və sərbəst istifadə etməsi üçün mənzilin giriş qapısının açarlarının verilməsinin (və ya sürət çıxarılması üçün təqdim edilməsinin) İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Cavabdeh1 iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 92 saylı evin 26-cı mənzili atası İddiaçı mülkiyyətindədir. xx.xx.1995-ci il tarixdə anadan olandan həmin mənzildə qeydiyyatda olmaqla son vaxtlaradək orada yaşamışdır. Hazırda atası onu mənzilə buraxmır. Dəfələrlə həmin mənzilə köçüb yaşamağa cəhd etsə də, atası buna imkan vermir. Atasının qanunsuz hərəkətləri ucbatından o, yaşadığı mənzildən istifadə edə bilmir və hüquqlarından məhrum olunmuşdur. İddiaçı uzun müddət yaşayaraq qeydiyyatda olduğu mənzilə onu buraxmayaraq orada yaşamasına imkan vermədiyinə görə həmin hallar aradan qaldırılmalı və mənzilə məhkəmə qaydasında köçürülməlidir.
21. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə sözügedən iddia tələblərinin bir icraatda birləşdirilməsinə və onlara bir icraatda baxılmasına qərar verilmişdir.
22. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı özünün iddia tələbini müdafiə, Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh2 ilə 11 noyabr 2004-cü il tarixli qətnamə əsasında boşansalar da, yenidən onun təkidi ilə barışmış, xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hazırda qızı Nigar keçmiş arvadı Səbinə ilə yaşayır, oğlu Rüfət isə anası ilə münasibəti pozulduğu üçün kirayədə qalır. Belə ki, bir müddət əvvəl Səbinə yeni ailə qurmaq istəyirdi və bu barədə ona məlumat vermişdir. Həmin ərəfədə Rüfət ona bildirmişdir ki, anası bir oğlanla gedib-gəlir və bu məsələ Rüfəti narahat edir, lakin sonradan məlum olmuşdur ki, həmin adam fırıldaqçı çıxıb və bu məsələ bağlanmışdır. Rüfət talassemiya xəstəsidir və bununla bağlı müavinət alır. Rüfət xəstəliyi ilə bağlı həkimin təyin etdiyi müayinələrə də vaxtlı-vaxtında getmir, tüfeyli həyat yaşayır, içki aludəçisidir. Rüfət dəfələrlə oğurluq etmiş, polisi vurmuş və o, ata kimi həmişə onun arxasında olmuşdur.
23. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 İddiaçı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı övladlarının hüququnu tapdalayıb, bu illər ərzində onlara yalan vədlər verib. Hazırda mübahisəli mənzildə Nuri yaşayır, oğlu Rüfət 1998-ci ildən, özü isə 2004-cü ildən məhkəmə yolu ilə həmin mənzilə qeydiyyata düşmüşlər. Hazırda atası tərəfindən ona bağışlanılan mənzildə qızı Nigarla yaşayır, oğlu Rüfətin isə yaşayış sahəsinə ehtiyacı vardır.
24. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 öz iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İİİ qrup əlildir, valideynləri boşandıqdan sonra bir müddət anası ilə yaşasa da, anası ilə münasibətləri pozulduğu üçün artıq bir müddətdir kirayədə qalır və yaşayış sahəsinə ehtiyacı var.
25. Birinci instansiya məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və X6 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi, ünvan 4 ünvanında yerləşən mənzilin giriş açarlarının (və ya surətinin) Cavabdeh1 təhvil verilməsi qət olunmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci, 228.2-ci və 228.5-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60-cı, 123-cü maddələrinə, 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəlləyə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
26.1. ünvan 4 İddiaçı anası X3 mülkiyyətində olmuş, o, 22 oktyabr 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra mənzil İddiaçı mülkiyyətinə “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. ünvan 4 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 iyul 2006-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.1994-cü ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 doğulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 noyabr 2004-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Lakin nikahın pozulmasına baxmayaraq onlar barışmış və xx.xx.2008-ci il tarixdə qızları Nigar doğulmuşdur. 26.2. Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququnun tanınmasına dair iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2004-cü il tarixli 2- 1074/200 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 Bakı şəhəri, General Mehmandarov küçəsi, 92 saylı evin 26 saylı mənzilində xx.xx.2004-cü ildən, Cavabdeh1 xx.xx.1999-cu ildən və X9 xx.xx.2008-ci il tarixdən qeydiyyatda olmuşlar. 26.3. İlkin iddia tələbi üzrə cavabdehlər 1995-2013-cü illər ərzində mübahisəli mənzildə, 2013-cü ilin mart ayından ünvan 5 ünvanında yerləşən Cavabdeh2 məxsus olan mənzilə köçmüşlər. Hazırda həmin mənzildə Cavabdeh2 övladı X9 ilə birlikdə yaşayır, oğlu Cavabdeh1 ilə münasibətləri yaxşı olmadığına görə Rüfət kirayədə qalır və atasına məxsus mənzilə ehtiyacı olduğu üçün həmin mənzilə köçürülməsini tələb edir. İddiaçı iddia qaldırdıqda ilkin olaraq cavabdehlərin 9000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, sonradan iddia tələbini dəyişdirmiş, cavabdehlərin mübahisəli mənzilə kompensasiyasız istifadə hüquqlarına xitam verilməsini tələb etmişdir. 26.4. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 və X9 artıq uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 76, giriş 4”B”, 13 saylı mənzildə yaşadıqları üçün onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olduğundan, habelə iddiaçı mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmədiyindən ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 və X6 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməlidir. 26.5. Bununla yanaşı məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olaraq hazırda yaşayış sahəsinə ehtiyacı olduğu üçün onun istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi Cavabdeh1 qarşı təmin edilməməli, qarşılıqlı iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməli, mənzilin giriş açarları (və ya surəti) Cavabdeh1 təhvil verilməlidir.
27. Qətnamədən İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun qismən – təmsil etdiyi şəxsin iddia tələbinin təmin olunmaması, habelə qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı hissələrdə ləğv olunmasını və İddiaçı iddia tələbinin tam təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini müvafiq iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, Cavabdeh1 10 ildən artıq müddətdir mübahisəsi gedən mənzildə yaşamadığının müəyyən edildiyini nəzərə almadığını, onun yaşayış sahəsinə ehtiyacının olmasının sübuta yetirilmədiyini, yeni qurduğu ailəsi ilə Rüfətin birlikdə yaşamasının mümkün olmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Cavabdeh1 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, verilən izahatlar
29. İddiaçı və onun məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 nümayəndəsi (vəkili) şikayətin əsassız olduğunu bildirmiş, Cavabdeh2 isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
32. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
34. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
37. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
38. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.
39. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
40. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
41. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi
42. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
43. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
44. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı
45. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı
46. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin İddiaçı iddia tələbinin təmin olunmaması ilə bağlı, habelə “Cavabdeh1 ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi, ünvan 4 ünvanında yerləşən mənzilin giriş açarlarının (və ya surətinin) Cavabdeh1 təhvil verilməsi” hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Cavabdeh2 şikayət vermədiyindən qətnamə “Cavabdeh2 və X6 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi” hissəsində apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
56. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 92 saylı evin 26 saylı mənzili 2000-ci ildən əvvəl Cavabdeh1 nənəsi Tamilla İzmayılovnanın mülkiyyətində olmuş, xx.xx.2006-cı il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir.
57. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh1 1998-ci ildən 2013-cü ilin mart ayına qədər həmin mənzildə yaşamış, bundan sonra atası və anasının ailə münasibətlərinin pozulması səbəbindən anası ilə birlikdə mənzili tərk edib getmişdir.
58. Beləliklə, Cavabdeh1 mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil nənəsinə məxsus olduğu dövrdə, yəni nənəsinin ailə üzvü olaraq mənzildə onunla birgə yaşadığı zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onun, 2013-cü ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.
59. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.
60. İşin halları baxımından kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən mənzilə, mənzil nənəsinin, daha sonra atasının mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə nənəsi və atası ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnun itirildiyi qənaətinə gəlmək mümkün deyildir.
61. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığıdır. Bu mənada kollegiyanın qənaətinə görə, 2013-cü ilin mart ayına qədər ailəsi ilə birlikdə yaşadığı mənzildən valideynlərinin münasibətlərinin pisləşməsi səbəbilə getməsi, Cavabdeh1 həmin mənzildən daimi getmək istəyinin olması kimi qiymətləndirilə bilməz.
62. Başqa sözlə, Cavabdeh1 mübahisəsi gedən mənzilə dair hüququnun itirilməsinə münasibətdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar mövcud deyildir.
63. Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən mənzilin 2006-cı ildə İddiaçı mülkiyyətinə keçməsi və onun özünün, oğlunun mənzili 2013-cü ildə tərk etdiyini bildirməsi, Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisinin (nənəsinin) iradəsi əsasında həmin mənzilə yaranan istifadə hüququnun, mənzil atasının mülkiyyətinə keçdikdən sonra həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaranan istifadə hüququ ilə əvəz olunduğu qənaətini formalaşdırır – bu isə o deməkdir ki, mübahisəyə həmin maddi hüquq normasının tətbiqi kontekstində də qiymət verilməlidir.
64. Belə ki, daşınmaz əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
65. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır”.
66. Beləliklə, İddiaçı Cavabdeh1 qarşı iddia tələbinin təmin olunması, mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüquqlarının hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, əgər bu hüquq saxlanılmışdırsa ona kompensasiya verilmədən xitam olunmasının mümkünlüyünün müəyyən edilməsindən asılıdır.
67. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır.
68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.
69. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. ...Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz”
70. Kollegiya hesab edir ki, Cavabdeh1 mübahisəsi gedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı sübuta yetirilməmişdir və onun, yaşayış sahəsinə olan ehtiyacını məhz atasının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar vardır.
71. Başqa sözlə, Cavabdeh1 mübahisəsi gedən mənzilə yaranmış istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
72. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir.
73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-527/2023 saylı iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə