Məhkəmə qərarları › İş №2(103)-11288/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11288/2021

17.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11288/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na qarşı və Cavabdeh2 MMC-nə qarşı Xətai Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edildiyi “qanunsuz tikilinin sökülməsi və s.” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda İddiaçı məhkəməyə iddia təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin tədbiri kimi Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilidən cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-nin, eləcə də digər şəxslərin istifadəsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və iddia təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin sökülməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan tikilidən istifadə edilməsi qeyd edilən iş üzrə iddia təmin ediləcəyi halda çıxarılacaq yekun məhkəmə aktının icrasına hər hansı maneə yaratmadığından, yaxud belə iddia təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin ediləcəyi halda qətnamənin icrasını hər hansı şəkildə asanlaşdırmağa xidmət etmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. Şikayətlin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5887/2021 saylı 21 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar