Məhkəmə qərarları › İş №2(103)-11295/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11295/2021

04.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11295/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı "Azneft" İstehsalat Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsi ilə İddiaçıt Birliyinin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsi tərəflərə göndərilmiş və qətnamə 19 avqust 2021-ci il tarixində cavabdehin yaşayış yeri olan ünvan 1 ünvanında qəbul edilərək qətnaməni qəbul edən şəxs qismində “İsmayılov Oruc (qardaşı)” sözləri yazılaraq poçt qəbzinə imza edilmişdir. (i.v.108) Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri də həmin ünvan üzrə Cavabdeh ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilərək qəbul edilmişdir. (i.v.53,58) Cavabdeh isə apellyasiya şikayətində qətnaməni 12 oktyabr 2021-ci il tarixində icra məmurundan əldə etdiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən qətnamədən 22 oktyabr 2021-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmamasını yoxlamadan, apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı idi. Beləliklə, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(009)-55/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar