Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11297/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və Maraqlı şəxs qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ələkbərov (keçmiş soyadı Əlimərdanov) Vaqif Frans oğlu cavabdeh Bakı şəhəri 12 saylı Notariat kontoruna və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 12 saylı Notariat kontoru tərəfindən Maraqlı şəxs adına verilmiş ünvan 1 ünvanda yerləşən miras əmlakın 2/3 hissəsinə pay alınmasına dair 14.10.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının – Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3294/2018 saylı 06.06.2018- ci il tarixli qətnaməsinin olması ilə əlaqədar xitam verilmişdir Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 3294/2018 saylı 06.06.2018-ci il tarixli qətnaməsi qəbul olunduğu anda iddiaçının soyadı Əlimərdanov olmuş, indi isə Ələkbərovdur. Ona görə həmin qətnamə eyni tərəflər arasında mübahisəyə dair qərar kimi qəbul edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı şikayətində qərardadı düzgün hesab etmədiyi halları göstərməməsi əsası ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 şikayətin dəlillərini müdafiə edərək, əlavə olaraq bildiridi ki, təmsil etdiyi şəxsin soyadı uşaqlıqdan ana soyadı kimi rəsmiləşdirilmişdir, hazırda isə iddiaçının soyadı dəyişdirilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün qənaətə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia ərizəsi üzrə başlanılmış mülki işin icraatına - eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması əsası ilə xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, şikayətində Yasamal rayon Məhkəməsinin 2(004)-3294/2018 saylı 06.06.2018-ci il tarixli qətnaməsinin qəbul olunduğu anda iddiaçının soyadının Əlimərdanov olması, indi isə Ələkbərov olmasını, buna görə də həmin qətnamənin eyni tərəflər arasında mübahisəyə dair qərar kimi qəbul edilə bilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi isə həmin qərardaddan verilmiş şikayəti - iddiaçının şikayətində qərardadı düzgün hesab etmədiyi halları göstərməməsi əsası ilə şikayət geri qaytarılmışdır. Halbuki yuxarıda göstərildiyi kimi iddiaçı, icraata xitam verilməsi barədə qərardaddan verdiyi şikayətdə soyadının dəyişdiyini göstərməklə, əvvəllər qəbul edilmiş qətnamənin eyni tərəflər arasında mübahisəyə dair qərar kimi qəbul edilə bilməməsinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir. Göründüyü kimi iddiaçı tərəf şikayətində qərardadı düzgün hesab etmədiyi halları göstərmişdir, birinci instansiya məhkəməsi isə həmin hallara qiymət vermədən, şikayətin əsaslı olub-olmamasını araşdırmadan şikayəti geri qaytarmışdır. Bununla belə qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 108.1.6-cı maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. İş materiallarından göründüyü kimi iş üzrə icraata xitam verilməsi barədə qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti düzgün qiymətləndirməyərək, şikayətin əsaslı olub-olmamasını aydınlaşdırmamış, eləcə də yanlış əsasla şikayəti geri qaytarmışdır. Kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5353/2021 saylı, 27 avqust 2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11297/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11297/2021
17.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver