Məhkəmə qərarları › İş №2(103)-1130/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1130/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1130/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələdddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X4, nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xidmət müqaviləsinin imzalanması və çoxmənzilli binanın saxlanması xərclərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)-2977/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə sahiblik və istifadəsində olan Bakı şəhəri ünvan 1 ünvanla Ə.Quliyev küçəsi, 130 A) ünvanında yerləşən 16 saylı mənzilə dair MMM-in təqdim etdiyi 01 aprel 2017-ci il tarixli kommunal xidmət müqaviləsinin imzalanması öhdəliyinin qoyulması, cavabdehdən MMM-in xeyrinə 8696,49 manat xidmət haqqı borcu, ödənilmiş 30 manat dövlət rüsumu, borc vəsaitinin qəsdən ödənilməməsi nəticəsində hesablanmış 600 manat cərimə olmaqla, cəmi 9326,49 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanla Ə.Quliyev küçəsi, 130 A) ünvanında yerləşən ümumi sahəsi 216,6 kv.m olan 16 saylı mənzil Cavabdeh sahiblik və istifadəsindədir. Həmin bina "xxxx" MTK tərəfindən inşa edildikdən sonra sakinlər tərəfindən məskunlaşmağa başlanmış, 2014-cü ildən bina daxili imkanlar hesabına saxlanmış, daha sonra isə "xxxx" MMM ilə imzalanan müqaviləyə əsasən idarəçiliyə verilmiş və kommunal xidmətlər göstərilmişdir. Cavabdehin mənzilinə kommunal xidmətlər dövrü 2015-ci ilin iyun ayından başlanmışdır. "xxxx" MTK ilə cavabdeh arasında imzalanmış 15 sentyabr 2011-ci il tarixli müqavilənin 3.2-ci bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, payçıya ayrılan mənzilin və binanın ümumi istifadəsindən onun hissəsinə düşən xərcləri vaxtı-vaxtında, ilk dəfə 12 ay qabaqcadan ödəyəcək və xidmət müqaviləsi imzalayacaqdır. "xxxx" MTK qanuni əsasla uzun müddətdir ki, "xxxx" MMM ilə müqavilə imzalayaraq mənzil-kommunal xidmətlərinin göstərilməsini ona tapşırmışdır. Cavabdeh uzun müddətdir ki, mənzilə sahiblik edir, "xxxx" MMM-in kommunal xidmətlərindən istifadə edir – lift ilə qalxıb düşür, onun materialı lift ilə qaldırılır, mənzilinə verilən su nasosları MMM tərəfindən ödənilən elektrik enerjisinin hesabına işləyir, mənzil mühafizə edilir, torpağın icarə haqqı ödənilir, dövriyyədən şirkət üzrə hesablanan ödənişlər və vergilər ödənilir. Mövcud qanunvericiliyə əsasən çoxmənzilli binada yaşayan və ya yaşamasa da mənzili olan şəxslər birmənalı olaraq binanın saxlanması və s. xərcləri ödəməlidirlər. Hazırda cavabdehin "xxxx" MMM-ə 8696,46 manat borcu yaranmışdır. Cavabdeh kommunal xidmətlərdən istifadə edərək onunla müqavilə münasibətlərini etiraf edir, lakin xidmət haqqını ödəmək istəmir. Buna görə də, "xxxx" MMM hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)- 2977/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və ya qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Lakin Bakı şəhəri ünvan 2 ünvanı ilə Ə.Quliyev küçəsi 130 A) ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası hazırda istismara verilməmişdir, digər tərəfdən mənzil sahibləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsini arzulamamış, bu baxımdan da onlar müvafiq dövlət qurumlarında qeydiyyatdan keçməmişdir. Kommunal xidmət haqlarının artırılması mənzil sahiblərinin razılıqları olmadan MMM tərəfindən birtərəfli qaydada həyata keçirilmişdir. Tarif Şurasının 22 dekabr 2016-cı il tarixli qərarına əsasən qiymətlər artırıldıqdan sonra hər bir mənzil sahibinə ətraflı məlumat verilmişdir. Bu məsələ ilə bağlı hər hansı bir mübahisə yaranmamışdır. Brinci instansiya məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının 03 fevral 2020-ci il tarixli iclasında "xxxx" Mənzil Tikinti Kooperativi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli 2(103)-970/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2020ci il tarixli 2(102)-3730/20 nömrəli qərarı ilə "xxxx" MMM-in kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-970/2020 nömrəli iş üzrə 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-1388/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)-2977/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli 2(102)-5646/2021 saylı qərarı ilə "xxxx" MMM-in kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2021-ci il tarixli 2(103)-1388/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya icraatı zamanı baxılarkən iddiaçının nümayəndələri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)-2977/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqdan və kommunal xidmətlərə görə haqdan ibarətdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.7-ci maddəsinə görə bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə görə haqqın və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Həmin Məcəllənin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2-ci maddəsinə əsasən, işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməli olduqları halda, hazırkı iş üzrə tərəflər arasında belə bir müqavilə bağlanmamışdır. Bundan əlavə, İddiaçı MMM-in bu iddianı qaldırmağa subyektiv hüququ olmamış, habelə iddia müddəti keçmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətləri nəzərə alınmamışdır. Halbuki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Belə ki, binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində İddiaçı MMM tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçiərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh "xxxx" MMM ilə yazılı müqavilə bağlamaması və ya iddiaçının göstərdiyi xidmətlərdən yararlanması, faktiki hərəkətlərlə onları bəyənməsi onu çoxmənzilli binanın saxlanması xərclərini ödəmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, Cavabdeh 15 sentyabr 2011-ci il tarixdə "xxxx" MTK ilə müqavilə bağlayaraq MTK-nın Bakı şəhəri Ə.Quliyev küçəsi 334-cü məhəllədə inşa etdiyi yaşayış binasından sahəsi 216,6 kvadrat metr olan mənzil almışdır. "xxxx" MTK ilə İddiaçı MMM arasında bağlanmış 06 fevral 2015-ci il tarixli müqaviləyə əsasən, MTK tərəfindən inşa olunmuş ünvan 3 ünvanında inşa olunan yaşayış binasının idarəetmə və istismarı İddiaçı MMM-ə tapşırılmışdır. Tərəflərin izahatlarından görünür ki, həmin ünvanlar eyni ünvana aiddir. 2015-ci ilin iyun ayından bina istismara verilmişdir. Cavabdeh tərəfin izahatından görünür ki, 2018-ci ilin aprel ayından başlayaraq mənzil təmir olunmağa başlamışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, yəni məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Buna görə də kollegiya hesab edir ki, İddiaçı MMM Cavabdeh 2018-ci ilin dekabr ayının 26-da iddia qaldırdığı tarixdən 3 il əvvəlki borcu tələb edə bilməzdi. Konkret halda cavabdehdən 2015-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək olan binanın saxlanılması xərci tələb oluna bilərdi. İş materiallarından görünür ki, Cavabdeh məxsus olan mənzilin sahəsi 216,6 kv.m olmaqla 2015-ci ilin iyun ayından 2017-ci ilin yanvar ayına qədər çoxmənzilli binanın saxlanma xərci hər kvadrat metr üçün 0,85 manat, 2017-ci ilin yanvar ayından isə hər kvadrat metr üçün 1 manat müəyyən edilmişdir. Beləliklə, Cavabdeh həmin mənzilə görə 2015-ci ilin iyun ayından 2017-ci ilin yanvar ayına qədər hər ay 184,11 manat, 2017-ci ilin yanvar ayından sonra isə hər ay 216,6 manat pul ödəməli idi. Lakin məhkəmə kollegiyası hesab edir ki, 2018-ci ilin aprel ayına qədər Cavabdeh mənzildən faktiki olaraq istifadə etmədiyinə görə ondan mənzilin hər kvadrat metrinə görə müəyyən olunmuş binanın saxlanma xərcinin yarısı miqdarında haqq tutulması ədalətli olardı. Buna görə də 2015-ci ilin dekabr ayından 2017-ci ilin yanvar ayına qədər oloan dövr üçün Cavabdeh iddiaçının xeyrinə (14 x 184,11) : 2 = 1288,77 manat, 2017-ci ilin yanvar ayından 2018-ci ilin aprel ayına qədər (15 x 216,6) : 2 = 1624,5 manat, 2018-ci ilin aprel ayından 2019-cu ilin yanvar ayına qədər 216,6 x 9 = 1949,4 manat, cəmi 1288,77 + 1624,5 + 1949,4 = 4862,67 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMM-in hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə cavabdehin dəlili əsassızdır. Belə ki, Cavabdeh məxsus mənzilin yerləşdiyi binaya məhz həmin MMM tərəfindən xidmət göstərildiyindən, MMM-in hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia müddətinin keçməsi barədə cavabdehin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.3-cü maddəsinə uyğun olaraq MMM 2015-ci ilin dekabr ayından sonrakı 3 il üçün çoxmənzilli binanın saxlanması xərcini cavabdehdən tələb edə bilərdi. İddia tələbinin cavabdehin üzərinə MMM-in təqdim etdiyi 01 aprel 2017-ci il tarixli kommunal xidmət müqaviləsinin imzalanması öhdəliyinin qoyulması hissəsi ilə bağlı kollegiya qeyd edir ki, 10 oktyabr 2019-cu il tarixdə tərəflər arasında kommunal xidmət müqaviləsi bağlandığından, iddia tələbinin bu hissəsi əhəmiyyətini itirmişdir. Cavabdehdən MMM-in xeyrinə borc vəsaitinin qəsdən ödənilməməsi nəticəsində hesablanmış 600 manat cərimənin ödənilməsi barədə iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cərimə öhdəliyin icra edilməməsinə görə məsuliyyət tədbiri olduğundan və tərəflər arasında dəbbə pulu (cərimə) haqqında yazılı razılaşma olmadığından, iddia tələbinin bu hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4862,67 manat) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" MMM-in apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)- 2977/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMM-in Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 4862,67 manat məbləğində pul tutulub iddiaçı "xxxx" MMM-ə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 7,5 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar