Məhkəmə qərarları › İş №2(103)-11315/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11315/2021

12.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11315/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilmişdir. Cavabdeh2 (bundan sonra, cavabdeh) 11.10.2021-ci il tarixdə qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli, 2(001)-42/2021 saylı qərardadı ilə şikayət MPM-in 361-ci maddəsinin tələblərinə uyğun hesab edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 04.03.2021-ci il tarixli qətnamənin surəti 17.03.2021-ci il tarixli məhkəmə qəbzinə imza edilməklə cavabdehin oğlu X1 təqdim edilmişdir. Qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən 04.06.2021-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir. Bundan sonra, cavabdeh ərizə ilə müraciət edərək, 2-ci qrup Çernobl əlili kimi Azərbaycan Respublikası Prezidentinin 20.01.2021-ci il tarixli Fərmanına əsasən ev növbəsinə durması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində görülən işlərlə bağlı sözügedən qətnamənin qanuni qüvvəyə minməsi barədə məlumat tələb olunduğunu bildirməklə, ev şəraitində müalicə alması və məhkəmə sənədlərinin ünvan üzrə ona çatmadığı səbəbindən qətnamənin surətinin oğlu Elnur Şükürova verilməsini xahiş etmiş və məhkəmə tərəfindən qətnamənin qanuni qüvvəyə minməsinə dair arayış 20.05.2021-ci il tarixli məhkəmə qəbzinə imza edilməklə cavabdehin oğluna təqdim olunmuşdur. Daha sonra, cavabdehin 22.07.2021-ci il tarixli ərizəsi əsasında birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surəti 16.08.2021-ci il tarixli məktubla mübahisə predmeti olan evin yerləşdiyi ünvan üzrə ona göndərilmiş, apellyasiya şikayəti isə 09.10.2021-ci il tarixdə rabitə orqanına təqdim edilməklə məhkəməyə 11.10.2021-ci il tarixdə daxil olmuşdur. MPM-in 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Göründüyü kimi, məhkəmə aktının surəti ilk dəfə cavabdehin oğluna şəxsən təqdim olunmuş, bundan sonra icra vərəqəsi verilərək qətnamə icraya yönəldilmiş, həmçinin cavabdehə 19.05.2021-ci il tarixli ərizəsi əsasında oğlu vasitəsilə qətnamənin qanuni qüvvəyə minməsi haqqında arayış təqdim edilmişdir. Sözügedən ərizənin məzmunundan belə aydın olur ki, cavabdeh həmin tarixdə qətnamə barədə məlumatlı olmaqla, ondan şikayət vermək niyyəti olmamış, əksinə qətanmənin qanuni qüvvəyə minməsində maraqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə, qeyd olunanları nəzərə almayaraq, 11.10.2021-ci il tarixdə daxil olmuş apellyasiya şikayətini prosessual müddətin ötürülüb-ötürülməməsi ilə bağlı heç bir əsaslandırma aparmadan 13.10.2021-ci il tarixli qərardadı ilə vaxtında verilmiş hesab etmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Bununla yanaşı, apellyasiya şikayəti qanunla müəyyən olunmuş formaya və qaydaya riayət olunmadan verilmişdir. Belə ki, MPM-in apellyasiya şikayətinin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh isə apellyasiya şikayətini Məcəllə ilə müəyyən edilmiş forma və qaydaya əməl etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılması, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(001)-42/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar