Məhkəmə qərarları › İş №2(103)-1132/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1132/2020

28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1132/2020 28.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin nümayəndələri X3 və X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştiakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11443/2017 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “xxxx” QSC-nin (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “lizinq müqaviləsinə xitam verilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC ilə bağlanmış 19.06.2014-cü il tarixli “daxili lizinq müqaviləsi”nə xitam verilməsi, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27587,9 manat əsas, 12182,75 manat faiz, 835,38 manat dəbbə pulu olmaqla, cəmi 40606,03 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11443/2017 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti və şikayətə əlavə vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 16 iyun 2014-cü il tarixli S-009/14 saylı Daxili maliyyə lizinqi müqaviləsinə əsasən “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və LAMberet markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarım qoşqu lizinq yolu ilə ona verilmişdir. Həmin lizinq müqaviləsinə əsasən əsas məbləğ 40 000 manat olmaqla ümumilikdə lizinq şirkətinə ödəniş cədvəli üzrə 60 015, 31 manat məbləğində borc müəyyən edilmişdir. Lizinq müqaviləsi bağlandıqdan sonra qeyd olunan dartıcı ona təhvil verilmiş və tərəfindən aylıq ödənişlərin həyata keçirilməsinə başlanılmış, lizinq şirkətinə 7906,50 manat məbləğində pul vəsaiti ödənilmiş, daha sonra maşının mühərrikində ciddi problem yarandığı üçün mühərrikin dəyişməsi zərurəti yaranmış,lakin mühərrikin dəyəri yüksək olduğu üçün onu əldə etmək imkanında olmayıb, bu barədə cavabdeh lizinq şirkətinə məlumat vermiş və ona əlavə vəsaitin verilməsini xahiş etmişdir ki, mühərriki tez bir zamanda təmir etdirsin və işləməyə başlasın ki, aylıq ödənişlərində gecikmələr olmasın, lakin lizinq şirkəti ona kömək etməkdən imtina etdiyi üçün o, aylıq ödənişləri edə bilməmiş, bundan sonra qarşılıqlı razılaşmaya əsasən maşınları lizinq şirkətinə təhvil verilmiş, o, maşınları təhvil verdikdən sonra şirkət maşını və yarımqoşqunu başqa şəxslərə satmışdır. Rayon məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X.Feyzullayev apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, rayon məhkəməsi ciddi prosessual pozuntuya yol verərək işə cavabdehin iştirakı olmadan baxmış, onun dinlənilmək və sübutlar təqdim etmək hüququ pozulmuşdur, o, qətnamədən yalnız icra mərhələsində məlumat almışdır, rayon məhkəməsi işin faktiki hallarına da düzgün qiymət verməmişdir, belə ki, tərəflər arasında 16.06.2014-cü il tarixində lizinq müqaviləsi bağlanmış və “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və LAMberet markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarım qoşqu cavabdehə təhvil verilmişdir, cavabdeh həmin maşınları 5 (beş) ay istifadə etmiş və aylıq ödənişlər həyata keçirmişdir, lakin iş zamanı məlum olmuşdur ki, maşının mühərrikində ciddi - onun tam təmiri və ya dəyişdirilməsi tələb olunan nasazlıq olmuş, o, bu barədə lizinq şirkətinə məlumat vermiş, şirkət mühərrikin təmiri üçün ona əlavə vəsait ayıracağını bildirmiş, lakin vədinə əməl etməmiş, tərəflər arasında bir neçə müddət bununla bağlı danışıqlar aparılmış, ancaq bu danışıqlar heç bir nəticə verməmiş, bütün bu müddət ərzində lizinqə verilmiş maşınlar şirkətin təqsiri səbəbindən istifadə olunmadan qalmışdır, sonda tərəflər müqaviləyə xitam verərək lizinq obyeklərinin şirkətə geri qaytarəlmasəna dair razılığa gəlmiş və 06.08.2015cil tarixində lizinq obyektləri şirkətə təhvil verilmiş, bundan sonra şirkət həmin maşınları başqa şəxsə satmışdır. Belə olan halda, yəni istifadəyə verilmiş maşınların işləmədiyi, xüsusən də onların lizinq verənə geri qaytarıldığı vaxtdan sonrakı müddət üçün cavabdehdən həmin maşınlardan istifadəyə görə pul tələb olunması əsassızdır və lizinq münasibətlərinin mahiyyətinə ziddir. Qeyd olunanlara əsasən nümayəndə apellyasiya şikayətinin təmin olunaraq, rayon məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri apelyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, həqiqətən də cavabdeh bir müddət müqaviləyə əsasən aylıq ödəmələri etmiş, sonra maşının mühərrikində nasazlıq yaranmış, cavabdeh mühərrikin təmirinin və ya dəyişdirilməsinin şirkətdən tələb etmiş, bununla bağlı xeyli danışıqlar aparılmış, bu zaman aylıq ödəmələrdə ləngimələr olmuş, cavabdeh müqavilə şərtlərini pozaraq iki aydan artıq ardıcıl ödəmələr etmədiyindən onların tələbi ilə 06.08.2015-ci il tarixində lizinqə verilmiş maşın və qoşqu onlara təhvil verilmiş, sonradan isə həmin maşın və qoşqu ayrı- ayrılıqda başqa şəxslərə satılmışdır ki, həmin şəxslər də cavabdehin tanıdığı şəxslərdir və cavabdeh bu barədə məlumatlı olmuşdur. Nümayəndə eyni zamanda 20.02.2020-ci il tarixli yeni maliyyə arayışını məhkəməyə təqdim edərək cavabdehin şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 19.06.2014-cü il tarixli “daxili lizinq müqaviləsi”nə əsasən “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və “Lamberet” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş, “daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən cavabdeh hər ay sabit pul məbləğində pulu “xxxx” QSC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının rayon məhkəməsinə təqdim etdiyi 18.04.2017-ci il tarixli maliyyə arayışında 19.06.2014-cü il S-009/14 saylı lizinq müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə borcu: 27.587, 90 manat, faiz üzrə borcu: 12.182,75 manat, dəbbə borcu: 835,38 manat, layihə üzrə ümumi borcu: 40.606, 03 manat təşkil edir, ödənişin aparılmadığı dövr 16 ay, əsas məbləğ üzrə gecikmə dövrü 6 ay olmuşdur. Həmin arayışa əsasən qarşılıqıl razılaşmaya görə 30.04.2015-ci il tarixində yeni qrafiq tərtib olunmuşdur. Arayışda əsasən, həmçinin lizinq obyekti olan bir ədəd yəhərli dartıcı maşın və bir ədəd yarımqoşqu 06.08.2015-ci il tarixdə şirkətə təhvil verilmişdir. İddiaçı qeyd olunan arayışında cavabdehdən geri aldığı bir ədəd yarımqoşqunu 18.12.2015-ci il tarixdə 16.000. manata satdığını bildirmişdir. İddiaçı tərəfindən apelyasiya baxışı zamanı təqdim olunmuş 20.02.2020-ci il tarixli maliyyə arayışına əsasən 19.06.2014-cü il S-009/14 sayiı lizinq müqaviləsi üzrə Cavabdeh əsas məbləğ üzrə borcu: 7.567, 90 manat, faiz üzrə borcu: 12.182,75 manat, dəbbə borcu: 835,38 manat, layihə üzrə ümumi borcu: 20.586, 03 manat təşkil edir. Həmin arayışa əsasən də qarşılıqıl razılaşmaya görə 30.04.2015-ci il tarixdə yeni qrafiq tərtib olunduğu göstərilmişdir. Yeni arayışa əsasən də lizinq obyekti olan bir ədəd yəhərli dartıcı maşın və bir ədəd yarımqoşqu 06.08.2015-ci il tarixdə şirkətə təhvil verilmişdir. İddiaçı qeyd olunan yeni arayışında cavabdehdən geri aldığı bir ədəd yarımqoşqunu 18.12.2015-ci il tarixdə 16.000. manata satdığını, bir ədəd yəhərli dartıcını isə 23.01.2018ci il tarixində 20020.00 manata satdığını bildirmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə bir sıra başqa sənədlər: məsələn, cavabdeh tərəf lizinq obyekti olan maşın və yarımqoşqunun ilkin olaraq kimdən və hansı qiymətə alınması, iddiaçı tərəf isə həmin texnikanın cavabdehin onlara təhvil verməsindən sonra kimə, nə vaxt və hansı qiymətə satmalarına dair müqavilələr və digər sənədlər təqdim etmişlər. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin sənədlərdə əks olumuş məlumatların hazırkı mübahisənin həllinə hüquqi baxımdan hər hansı təsiri olmadığından, onların tədqiqinə ehtiyac yoxdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, həmişə olduğu kimi, hazırkı mübahisənin də düzgün həll edilməsi üçün ilkin olaraq iddia tələbinin qanuni əsası tapılmalıdır. Hazırkı iddia tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 747, 747-1ci və 747-10-cu maddələri təşkil edir. Aşağıdakılar hazırkı mülki işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: -tərəflər arasında 16 iyun 2014-cü il tarixli S-009/14 saylı daxili maliyyə lizinqi müqaviləsinin bağlanması; - həmin müqaviləyə əsasən “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və LAMberet markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdehə verilməsi; - bir müddət (beş aydan) sonra “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı mühərrikinin tam təmirə və ya dəyişdirilməsinə ehtiyacının olması və bu səbəbdən də lizinq obyektlərindən istifadənin mümkünsüz olması; - tərəflər arasında maşının mühərrikinin təmiri ilə bağlı danışıqların aparılması; - 06.08.2015-ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən lizinq obyektlərinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi - geri qaytarılması; - 06.08.2015-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya 7.900 manat lizinq ödənişinin edilməsi. MM-nin 747-ci maddəsində lizinq müqaviləsinin anlayışı verilmişdir- lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququ verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə, lizinq alan isə müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1.). MM-nin 748-1.12-ci maddəsində lizinq verənin vaxtından əvvəl lizinq müqaviləsinə xitam vermək hüququnu nəzərdə tutan əsaslar təsbit olunmuşdur. Onlardan biri də lizinq alanın lizinq obyektindən istifadəyə görə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etməməsidir (maddə 748-1.12.4). MM-nin 748-10-cu maddəsində lizinq ödənişinin anlayışı və təyinatı verilmişdir. Həmin maddəyə əsasən lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab olunur.Başqa sözlə, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. MM-nin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir – mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında ...razılaşma müqavilə sayılır. Müqaviləyə iki və çoxtərəfli əqdlərə aid qaydalar tətbiq edilir (maddə 389.2.). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağılabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (324.5-ci maddə). Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Diqqət yetirmək lazıımdır ki, müqavilə şərtlərinin və əqdə tərəfin iradə ifadəsinin təfsirinin zəruriliyini nəzərdə tutan həmin normaların tələbləri imperativdir. Beləliklə də, işin yuxarıda qeyd olunan halları və istinad olunan maddi hüquq normalarına əsasən müəyyən olunur ki, hazırkı mülki iş üzrə tərəflər arasında 16 iyun 2014-cü il tarixli S-009/14 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və LAMberet markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdehə istifadəyə verilmiş, bir müddət (beş aydan) sonra “DAF TE 105 XF” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı mühərrikinin tam təmirə və ya dəyişdirilməsinə ehtiyacı olmuş və bu səbəbdən də lizinq obyektlərindən istifadə mümkünsüz olmuş, tərəflər arasında maşının mühərrikinin təmiri (və ya dəyişdirilməsi) ilə bağlı danışıqlar aparılmış, lizinq obyektləri istifadə olunduğu müddətdə cavabdeh tərəfindən iddiaçıya lizinq obyektlərindən istifadəyə görə 7.900 manat lizinq ödənişi edilmiş, 06.08.2015-ci il tarixdə qarşılıqlı razılaşmaya əsasən lizinq obyektləri cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış, bunula da tərəflər arasındakı lizinq müqaviləsinə xitam verilmişdir. Belə ki, MM-nin 747-ci maddəsində lizinq müqaviləsinə verilmiş anlayışdan, eləcə də lizinq münasibətlərini tənzimləyən MM-nin 747-751-ci maddələrinin müqayisəli təhlilindən də müəyyən olunur ki, lizinq müqaviləsi, lizinq alanın lizinq obyektini satın almaq da daxil olmaqla bir sıra digər şərtləri nəzərdə tutan xüsusatlarla birlikdə, mahiyyət etibarı ilə əmlakın icarəyə (kirayə) verilməsidir. Təsadüfi deyildir ki, MM-nin 751-ci maddəsində Məcəllənin 747-750-ci maddələrinə (zidd olmadıqca) əmlak kirayəsi müqaviləsinin qaydalarının tətbiq olunması birbaşa təsbit olunmuşdur. Belə olan halda aydın olur ki, lizinq müqaviləsinə əsasən lizinq ödənişlərinin edilməsi üçün mütləq qaydada lizinq obyekti lizinq alanın istifadəsində olmalı və həm də istifadəyə yararlı olmalıdır ( bu vaxt istifadəyə yararlılıq ancaq lizinq verənin hərəkətləri ilə bağlı olan hallardan asılı olmalıdır). Tərəflər arasında bağlanmış 19.06.2014-cü il tarixli lizinq müqaviləsinin 17.1-ci bəndində də təsbit olunmuşdur ki, lizinq alan müqavilə şərtlərini pozduqda lizinq verənin tələbi ilə o, lizinq obyektlərini geri qaytarmalıdır. Hazırki işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə 06.08.2015-ci tarixdə lizinq obyektləri cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış – təhvil verilmişdir ki, bununla da həmin tarixdən tərəflər arasındakı lizinq müqaviləsinə xitam verilmişdir. İddiaçının ərizəsindən isə məlum olur ki, o, hazırkı tələbində xitam verilmiş, başqa sözlə, mövcud olmayan müqaviləyə istinad etmişdir. Demək ki, iddiaçının, müqaviləyə xitam verildikdən sonrakı vaxta görə cavabdehdən həmin müqaviləyə istinadən əsas, faiz və cərimə pulunun tələb etməsinin qanuni əsası yoxdur, iddia tələbi həmin hissdə əsassızdır və təmin oluna bilməz. Həmçinin də mübahisəsiz müəyyən olunmuşdur ki, lizinq obyektləri iddiaçıya geri qaytarılanadək (yəni müqaviləyə xitam verilənədək) bir müddət lizinqə verilmiş yəhərli dartıcı maşının mühərrikinin əsaslı təmirə və ya dəyişdirilməsinə ehtiyacı olması səbəbindən həmin maşın istifadəyə yararsız olmuşdur. MM-nin 448-ci maddəsinin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır(maddə 448.2.). Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini ....sübuta yetirsin. Hazırki işdə tərəflər lizinqə verilmiş yəhərli dartıcı maşının mühərrikinin əsaslı təmir olunması və ya yenisi ilə dəyişdirilməli olması və bu səbəbdən də xeyli müddət istifadə olunmadığını mübahisələndirmirlər. MM-nin yuxarıda da istinad olunan 747-10-cu maddəsinin ikinci cümləsinin tələbinə görə lizinq alan yalnız lizinq obyektindən istifadə etdiyi halda lizinq ödənişi etmək öhdəliyi daşıyır. Cavabdeh tərəf məhkəmə iclaslarında lizinq obyektindən 5-6 ay istifadə etdiyini bildirmişdir, iddiaçı tərəf bu müddəti mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh məhz həmin müddət üçün lizinq ödənişləri etməyə borcludur və hazırkı iddia tələbi məhz həmin müddətə dair hissədə keçərli ola bilər. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında cavabdehdən tələb olunan məbləğin iddia verilrəkən əsas məbləğ üzrə: 27.587, 90 manat, faiz üzrə borcu: 12.182,75 manat, dəbbə borcu: 835,38 manat, ümumi borcun: 40.606, 03 manat təşkil etdiyini, apelyasiya baxışı zamanı təqdim olunmuş 20.02.2020-ci il tarixli maliyyə arayışına əsasən isə əsas məbləğ üzrə borcun 7.567, 90 man, faiz üzrə borcun 12.182,75 man, dəbbə borcu 835,38 man. ümumi borcun 20.586, 03 manat təşkil etdiyini bildirərək, hər iki halda borcun layihə üzrə hesablandığını göstərdi. Bununla yanaşı, nümayəndə layihə üzrə borcun nə demək olduğu, onun cavabdehə nə aidiyyatının olması ilə bağlı suallara ağılabatan izah və aydınlıq gətirə bilmədi, eləcə də lizinq obyektinin cavabdehdə olduğu və onun tərəfindən istifadə edildiyi müddət üzrə cavabdehin lizinq ödənişləri ilə bağlı hansı məbləğdə borcunun qalması barədə də məlumat verə bilmədi və bu barədə ayrıca hesabat aparılmadığını, bütün hesabatların ümumi layihə üzrə aparıldığını göstərdi. Bu xüsusatla bağlı aparılan araşdırmalar zamanı cavabdeh tərəf etiraf edərək göstərdi ki, lizinq obyekti cavabdehdə olduğu və istifadəyə yararlı olduğu müddət üzrə onların iddiaçıya təxminən 3200 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Beləliklə də, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə kifayət qədər güclü, aydın və konkret olan, habelə təkzibolunmazlıqla bağlı və əsaslı şübhədən kənar sübut verə bilməmişdir. Bu səbəbdən də iddia tələbi yalnız lizinq müqaviləsinin xitamına qədər olan müddət daxilində və həm də cavabdeh tərəfin qalıq borca dair etiraf etdiyi - bidirdiyi həcmdə-3200 manat məbləğində təmin olunmalı, iddia tələbləri qalan hissədə isə təmin olunmamalıdır. Mübahisəyə baxmış rayon məhkəməsi prosessual pozuntuya yol vermiş, işə cavabdehin iştirakı olmadan baxmış, işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmamış, tərəflər arasında yaranmış münasibətlərə düzgün qiymət verə bilməmiş və maddi hüquq normasını düzgün tətbiq etməmişdir ki, bu da öz növbəsində düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. MPM-nin 387.2-ci maddəsində şikayətin dəlillərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğv olunmasının əsasləri göstərilmişdir ki, onlardan biri də işə işdə iştirak edən şəxsin iştirakı olmadan baxılmasıdır (maddə 387.2.2.).Hazırkı işdə rayon məhkəməsinin qətnaməsi həm də bu əsasa görə ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd olunan Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Hazırkı halda işə cavabdehin iştirakı olmadan baxılması düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək cavabdehdən 3200 manat tutulmalı, iddia tələbləri qalan hissədə təmin olunmamalıdır. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11443/2017 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilərək Cavabdeh 3200 (üç min iki yüz) manat alınaraq iddiaçı “xxxx” QSCyə verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar