Məhkəmə qərarları › İş №2(103)-1132/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1132/2021

09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1132/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs X6) “mirasdan imtina ərizəsinin etibarsız hesab olunması” tələbinə dair 2(010)-2413/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 24 saylı Notariat Ofisinə qarşı (üçüncü şəxs X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********314 saylı mirasdan imtina ərizəsinin etibarsız hesab olunması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X7 23.12.2019-cu il tarixində vəfat etmişdir. Onun vəfatından sonra vərəsəlik işləri ilə əlaqədar o, X1 və bacısı X3 ilə birlikdə 25.01.2020-ci ildə Bakı şəhəri 24 saylı Notariat Ofisinə müraciət etmişlər və sənədləri X1 notariusa təqdim etmişdir. Notarius kontorunda sənədləri nəzərdən keçirdikdən sonra atasından qalan mirasa dair vərəsəlik hüququnun itirdiyini bildirmişlər. 25.01.2020-cu il tarixində notariusun iştirakı ilə onun (iddiaçının) adının vərəsəlik şəhadətnaməsində qeyd olunmasına dair razılıq ərizəsini imzalayacaqlarına söz vermişlər və onun müqabilində ondan, anasından qalan "xxxx" ASC-də hesaba dair imtina ərizəsini imzalamağını tələb etmişlər. Lakin, onlar birlikdə 02.02.2020-ci ildə notariat ofisinə müraciət etdikdə X1 və bacısı X3 anasından qalan mirasa dair imtina ərizəsinin imzalamasını ondan tələb etmişlər və hətta hədə-qorxu gəlmişlər. X1 onun qızını hədələmişdir. Onun qızı (iddiaçının) qardaşının belə hərəkətindən çox qorxmuş və hələ də o qorxu altındadır. O, məcbur olub həmin ərizəni imzalamışdır. 03.02.2020-ci ildə imzanın ləğvi ilə bağlı o, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmiş və idarədən onu təkrarən Suraxanı rayonu 24 saylı Notariat Ofisinə göndərmişlər. Həmin Notariat Ofisindən imzanın etibarsız hesab olunmasına dair ona ərizə verərək məhkəməyə müraciət etməsini bildirmişlər. O, verdiyi ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(010)-2413/2020 saylı qətnaməsinin ləğv edilməsini, mirasdan imtina barədə **********314 saylı ərizəsinin etibarsız hesab edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, anası X7 23.12.2019-cu il tarixində vəfat etmişdir. Mərhum 09.10.2019-cu il tarixdə xxxxla BPM**********81 saylı Bank əmanəti müqaviləsi bağlamışdır. Anası vəfat etdikdən sonra digər qanun üzrə vərəsələr olan X6 və X3 tərəfindən yetkinlik yaşına çatmayan övladıyla ona hədə qorxu gələrək anasından ona miras qalan bank əmanəti müqaviləsində nəzərdə tutulan, ona düşən pay hissəsindən imtina etməyinə dair ərizə yazmağını tələb etmişlər. Ona göstərilən təzyiqlərə və hədə qorxuya dözməyərək anasından ona qalan və ona düşən miras pay hissəsindən imtina etməsinə dair iradəsinə zidd olaraq imtina etməsinə dair ərizə yazmışdır. Məhkəmə qeyd edilən halları tam olaraq araşdırmamış, təqdim etdiyi sübutlara qiymət verməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının tələblərini ciddi şəkildə pozmuşdur. Apelyasiya baxışı zamanı üçüncü şəxs apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh iclasda təmsil olunmamışdır. İddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair ərizə göndərsə də, bunu təsdiq edən hər hansı sübutu əlavə etməmişdir. Cavabdeh isə mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, X5 və X4 övladları olan X6 30.03.1972-ci il tarixdə, Həsənova (Zeynalova) Natəvan Rafiq 17.05.1981-ci il tarixdə doğulmuşdur. X7 ilə “Azərbaycan xxxxı” ASC arasında 09.10.2019-cu il tarixli, BPM**********81 saylı bank əmanəti müqaviləsi bağlanmışdır. X8 24.02.2017-ci il tarixdə, X7 23.12.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 24 saylı Notariat ofisinin 06.02.2020-ci il tarixli 58 nömrəli məktubuna əsasən, İddiaçı 23.12.2019-cu ildə vəfat etmiş anası X4 Azərbaycan xxxxında olan miras əmanətindən ona düşən paydan 02.02.2020-ci il tarixində Notariat ofisində ərizə yazaraq X2 xeyrinə imtina etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1159.1.1, 1159.1.3, 1243.2, 1243.3, 1255, 1261 və 1268.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinin tələbinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasənmiras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3.-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2.-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bu Məcəllənin 1243.3.-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sirasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1.ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı Notariat ofisinə 02.02.2020-ci il tarixində rəsmi ərizə ilə müraciət edərək mərhum anası X4 ölümündən sonra vərəsəlik hüququ üzrə miras qalmış “Azərbaycan xxxxı” ASCdə olan əmanətdən ona düşən paydan X1nun xeyrinə imtina etmişdir. Hazırkı iddia ilə qardaşı tərəfindən hədələndiyi üçün notariat kontoruna paydan imtina məzmunlu ərizə ilə müraciət etdiyini bildirib, tələbinin təmin olunmasını xahiş etsə də, nəzərə alınmalıdır ki, hədə tətbiq edilməsinə dair sübut təqdim edilməməsi ilə yanaşı miras əmlakı qəbul etməkdən imtina edilməsi barədə ərizənin geri götürülməsinin hüquqi imkanı qanunvericiliklə istisna edilmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(010)- 2413/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar