Məhkəmə qərarları › İş №2(103)-11334/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11334/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11334/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)- 5214/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı hərracın qanunsuz hesab edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri X4 ilə ½ payı müəyyən edilmiş torpaq sahəsi və qeyri-yaşayış sahəsi barədə keçirilmiş hərracın qanunsuz hesab edilməsi və nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)- 5214/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarılması barədə qərardad qəbul edərkən aşağıdakılara əsaslanmışdır. İddiaçı mübahisə üzrə Mülki Prosessual Məcəllənin 152.0.8-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Mübahisə predmeti olan əmlak ər-arvadın birgə mülkiyyəti olmaqla həmin əmlaka dair hərracın nəticəsi mübahisələndirilir. Mülki Prosessual Məcəllənin 150.0.8-ci maddəsininin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilən sənədlərdən biri kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, 2021-ci il iyulun 1-dən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin tələbinə görə, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2171/2020 saylı, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 983,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi üzərində onun və əri X2 ½ payı müəyyən edilmişdir. Bundan sonra Cavabdeh MMC 16 aprel 2021-ci ildə hərrac keçirmiş və ünvan 1 ünvanında yerləşən 983,8 kv.m torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1935,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini X1. İddiaçı həmin hərracı mübahisələndirir və hərracın qanunsuz hesab edilməsi və nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin iddiaçının iddia tələbi müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməli olduğu tələbə aid deyildir. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda iddia ərizəsinin icraata götürülməsi səlahiyyətinin birinci instansiya məhkəməsinə aid olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(005)- 5214/2021 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar