Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11339/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə hesablanmış 257,20 manat borc silinsin, habelə əsassız tutulmuş 200 manat geri qaytarılsın. İddiaçı tələbi onunla əsaslandırıb ki, 2020-ci ilin avqust-sentyabr aylarında ona aid olan ünvanda köhnə qaz sayğacı yenisi ilə əvəz edilib. Bundan sonra müəyyən edib ki, sayğac sərfiyyatı artıq qeyd edir. 2021-ci ilin yanvar ayında evin isidlməsi üçün təqribən 20 gün kombidən istifadə etməsinə baxmayaraq 276 manat qaz sərfiyyatının olması barədə ona bildiriş təqdim edilib. 20 ildir həmin ünvanda yaşayır, heç vaxt bir ayda 276 manatlıq qaz sərfiyyatı olmayıb. 276 manat borcunun olması barədə bildiriş verildikdən sonra, yəni 2021-ci ilin yanvar ayının əvvəlində, hər gün səhər saat 7 radələrində evin qızdırıcısını söndürmüş, axşam saat 19-20 radələrində yandırmışdır. Bütün bunlara baxmayaraq 5 ay ərzində ona qaz sərfiyyatına görə 900 manatdan artıq borc yazılmışdır. Onun bir hissəsini ödəmişdir. 09.06.2021-ci il tarixdə ona 457,20 manat borc barədə bildiriş gəlmişdir. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 257,20 manat borc silinsin, cavabdehin iddiaçıdan əsassız tutduğu 200 manat pul vəsaiti iddiaçının xeyrinə ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 457,20 manat borca dair 09.06.2021-ci il tarixli bildiriş-xəbərnamə (iş v. 7) iddiaçı tərəfindən məhkəməyə təqdim olunub. İddiaçı borcdan 200 manatı 03.07.2021-ci il tarixdə ödəyib, bu barədə qəbz (iş v. 28) iddiaçı tərəfindən məhkəməyə təqdim olunub. 457,20 manat borca dair bildiriş-xəbərnamə tarixinə görə yay ayına (iyuna) aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən “Gasrep” adlı sənəddə (iş v. 4) əvvəlki illərdə yay aylarında sərfiyyatın miqdarı qeyd olunub. 457,20 manat həmin miqdardan dəfələrlə çoxdur. Birinci instansiya məhkəməsində mübahisəyə baxılarkən cavabdeh tərəf heç bir sübut təqdim etməyib, o cümlədən cavabdehin nümayəndəsi mübahisə ilə bağlı izahat vermək üçün məhkəməyə gəlməyib. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara əsasən iddianı təmin edib. Məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə uyğundur, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11339/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11339/2021
10.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver