Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1134/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili X2 Cavabdeh2, LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı «pul tələbinə dair» 2(006)-3273/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və LPO Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı, LA/01 saylı, 07.06.2018-ci il tarixli X9i müqaviləsi əsasında təqdim olunmuş ödəniş cədvəli əsasında 31 ay ödədiyi, ümumilikdə 18349 manat pul vəsaitinin Cavabdeh1 ASC-dən və 21000 manat pul vəsaitinin isə Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ona Gürcüstan Respublikasından avtomobil gətirilməsində, Azərbaycan Respublikasında rəsmiləşdirilməsində və lizinq müqaviləsi bağlanmasında öz köməkliyini vəd etdiyi üçün 2018-ci ilin may ayında o və rəfiqəsi X1 Əliyevə məxsus sedan tipli “BMW” markalı **-XO- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gürcüstan Respublikasına getmişlər. Orada avtomobil bazarında mübahisəli “Hundai Sonata” markalı avtomobili bəyənmiş və onun puluna 10200 manat (6000 ABŞ dolları ekvivalentində) məbləğinə almışlar. Cavabdeh2 ona bildirmişdir ki, həmin maşını Gürcüstan vətəndaşı olan dostu Rauf Bakıya gətirəcək və onlar Azərbaycana qayıtmışlar. Bir neçə gündən sonra həmin maşın Azərbaycana gətirilmişdir. Cavabdeh2 ona bildirmişdir ki, avtomobili gömrük rəsmiləşdirməsindən keçirib və onun Bakı qeydiyyatı olmadığına görə lizinq müqaviləsini onun adına bağlamaq mümkün deyil, bu səbəbdən də müqavilə onun adına bağlanmışdır. Lakin, ödənişlərin onun tərəfindən ödəniləcəyi və sonra avtomobilin də onun adına keçəcəyini bildirmişdir. Cavabdeh1 ASC-də də ona bildirilmişdir ki, ödənişləri başa çatdırandan sonra avtomobil onun olacaq və Cavabdeh2 sözlərini təsdiq etmişdir. Bu səbəbdən də, onda heç bir şübhə qalmamış və bundan əlavə hər dəfə ödənişləri ödəyəndə avtomobilin nə vaxt onun adına keçəcəyini maraqlandıqda, hər dəfə Cavabdeh1 ASC-nin əməkdaşları borcunu tam qurtarandan sonra avtomobilin onun adına keçəcəyini bildirmişlər və bu yolla ondan hər ay 592 manat pul almışlar. Beləcə, o, 31 ay 592 manat olmaqla, ümumilikdə 18349 manat pul ödəmişdir. Lizinq müqaviləsi 36 aylıq müddətə bağlanmışdır və hər ay 591,93 manat pul ödənilməli idi. Lizinq alınan avtomobilin dəyəri isə 22000 manat qiymətləndirilmişdir. Ona sonradan məlum olmuşdur ki, Cavabdeh2 lizinq müqaviləsi bağlanandan sonra maşını banka qoymaqla 14300 manat pul götürmüşdür. Bundan əlavə, həmin avtomobilin sığortasını da hər il o ica etmişdir. Hətta 03.06.2019-cu il tarixdə o, yol-nəqliyyat hadisəsi törətmişdir və həmin vaxt Cavabdeh1ın sığortası 5985 manat dəymiş zərəri qiymətləndirmişdir. Həmin məbləğin 2875 manatını sığorta, qalan 3110 manatı o, öz vəsaiti hesabına ödəmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış 07 iyun 2018-ci il tarixli, LA/01 saylı X9 müqaviləsinə əsasən “Hyundai Sonata” markalı avtomobil lizinq alanın sahibliyinə və istifadəsinə verilmişdir. Alındığı gündən maşın onun istifadəsində olmuş və lizinq ödənişləri onun tərəfindən ödənilmişdir. Cavabdeh2 onu aldadaraq, Bakı qeydiyyatında olmadığını əsas gətirərək, avtomobili lizinqə götürə bilməyəcəyini bildirmiş və müqavilə formal olaraq onun adına bağlanmışdır. Bir müddət sonra Cavabdeh2 tutularaq azadlıqdan məhrum edilməsindən sonra, avtomobili onun adına rəsmiləşdirməkdən imtina etmiş və bildirmişdir ki, bunun müqabilində o sonuncuya əlavə 5000 manat pul ödəməlidir. O, avtomobilin alındığı 07.06.2018-ci ildən etibarən bütün ödənişləri şəxsən özü Cavabdeh1a ödəmişdir, dəfələrlə bu ödənişləri edərkən avtomobilin nə zaman onun adına keçirilməsini maraqlanarkən bankın əməkdaşları və pulu qəbul edən şəxslər bildirmişlər ki, ödənişlər bitdikdən sonra maşın onundur və bu yolla onu aldadıb, pulunu qanunsuz olaraq ələ keçirmişlər. Bu səbəbdən də, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, 20075 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 20090 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia Cavabdeh2 münasibətdə digər hissədə və cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə rədd edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə araşdırma zamanı onun müdafiə hüquqlarını pozmuş, hüquq və vəzifələri izah olunmamış, ona qarşılıqlı iddia ərizəsi ilə müraciət etməsinə şərait yaratmamışdır. Bundan başqa, yazdığı ərizə və vəsatətə münasibət bildirməyib və hüquqi qiymət verməyərək heç bir halda nəzərə almamışdır. İddiaçı ilə aralarında olan audio-video görüntüləri şəxsi telefonundan və notebookundan çıxararaq məhkəməyə təqdim etməsinə şərait yaratmamışdır. Təqdim etdiyi qətnamənin təsvir və əsaslandırıcı hissəsində münasibət bildirməmiş, gizlədilmişdir. Məhkum olunduğu üçün sübutları lazımi qaydada təqdim edə bilməmişdir. Hesab edir ki, məhkəmə iclası zamanı onun çıxışını kəsərək iddiaçı tərəfə söz vermək qanuni əməl deyildir. Əksinə, burada hakimin şəxsi marağını görür və hiss edir. Məhkəmə müşahidə kameraları buna bariz nümunədir. Məhkəmə iclasında lazımi qədər izahat verə bilməmişdir, baş vermiş mübahisələrə azad münasibət bildirə bilməmişdir. İddiaçı və rəfiqəsi Səbinə Vəliyeva ilə aralarında baş vermiş ədavət həbsindən əvvələ təsadüf edir, onun üçün də, iddiaçının sübutu əsassızdır. İddiaçı tərəfindən Cavabdeh1a ödənilən pullar həqiqəti əks etdirsə də, iddiaçı ilə aralarında olan sövdələşməyə görə sonuncu ona maşının müqabilində kredit formasında, yəni hissə-hissə 5500 manat pul ödəməli idi, bu halda maşın iddiaçının mülkiyyətində olmalı idi. O, 2020-ci ildə iddiaçıdan pulunu tələb etmiş, sonuncu isə həsdə olduğu üçün borcu ödəməkdən boyun qaçırmışdır. O, Cavabdeh1ın baş ofisinə, Milli Banka, ƏSF-ə rəsmi müraciət etmişdir ki, sözügedən maşın iddiaçıdan alınaraq ona qaytarılsın. Bu səbəbdən də, X10 İdarəsinə avtomobilin saxlanılması üçün rəsmi müraciət etmişdir. Çünki, onda olan məlumata görə həmin maşını başqa şəxslər idarə edirdi. İddiaçı bu şikayətlərindən sonra məhkəməyə müraciət etmişdir. 2018-ci ildən bu günə kimi iddiaçı tərəfindən idarə edilən avtomobilə görə heç bir icarə haqqı almamışdır, dəfələrlə avtomobillə qəza törətmiş, nəticədə avtomobil yararsız hala düşmüş və öz dəyərini itirmişdir. Bu günə, qəbul edilmiş qətnaməyə əsasən 20090 manat pulun ona ödətdirilməsi ədalətsiz qərarın nəticəsidir. O, sözügedən avtomobili öz puluna almışdır, gömrük bəyannaməsini də özü ödəmişdir. Cavabdeh1a o, girov qoyaraq xərclədiyi pulu götürmüşdür və iddiaçıya əlavə olaraq 5500 manat pul qazanc əldə etmək üçün idarəetməyə vermişdir. Bu günə kimi ona bir sent belə pul ödəməmişdir. Hesab edir ki, qətnamə ədalətsiz və əsassızdır. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi, vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı digər cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Amrahbank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 07.06.2018-ci il tarixli, LA/01 saylı X9 Müqaviləsinə əsasən, Lizinq verən Lizinq alanın sifariş etdiyi 1 ədəd “Hyundai Sonata” minik markalı, Tip Sedan, Ban 5NPEC4AB2DH512789, boz rəngli, buraxılış ili 2012) əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 14300 manatdır. Lizinq obyekti Lizinq alana 36 ay müddətinə lizinq ödənişi illik 28% olmaqla lizinqə verilmiş, Lizinq alanın lizinq ödənişlərini həyata keçirmək vəzifəsi müqavilə imzalandığı gündən yaranmışdır. 07 iyun 2018-ci il tarixli ödəniş cədvəlində qeyd olunmuş məlumatlara əsasən Cavabdeh2 tərəfindən bağladığı müqavilə üzrə 14300 manat məbləğində ödəniş edilməlidir. 03.08.2018-ci il tarixli sığorta qaydalarına 013 saylı əlavəyə əsasən ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 04.08.2018-ci il tarixdən İddiaçı hesab olunur. “Amrahbank" ASC-yə məxsus ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən AZ02AMRA******************** hesab nömrəsi üzrə 07.09.2018-ci il tarixdən 07.01.2021-ci il tarixə qədər ümumilikdə 20075 manat məbləğində ödəniş edilmişdir. “Amrahbank" ASC tərəfindən İddiaçı verilmiş etibarnamələrdən görünür ki, Cavabdeh1 ASC-nin “28 May” filialına məxsus olan «Hyundai Sonata» minik markalı, tip: Sedan, Ban: 5NPEC4AB2DH512789 Buraxılış ili 2012, Gümüşü metallik rəngli AZ ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi İddiaçı 03.08.2018-ci il tarixdən 15.02.2021-ci il tarixədək etibar edilmişdir. LPO “Amrahbank" ASC tərəfindən 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh2 ünvanlanmış 18.02.2021-ci il tarixli məktubdan görünür ki, onun 11.02.2021-ci il tarixə qeyd olunan müqavilə üzrə ümumi borcu 2826,48 AZN təşkil edir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 “Hyundai Sonata” minik markalı avtomobili əldə etmək məqsədilə “Amrahbank" ASC ilə 07.06.2018-ci il tarixli, LA/01 saylı X9 Müqaviləsini bağlamış, lizinq müqaviləsinin ümumi məbləği 14300 manat kimi müəyyən edilmişdir. Həmin avtomobil İddiaçı tərəfindən idarə edilmiş, bu məqsədlə “Amrahbank" ASC tərəfindən İddiaçı 03.08.2018-ci il tarixdən 15.02.2021-ci il tarixədək etibarnamə verilmişdir. İddiaçı tərəfindən həmin avtomobilə görə “Amrahbank" ASC-yə 07.09.2018-ci il tarixdən 07.01.2021-ci il tarixə qədər ümumilikdə 20075 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh2 məhkəmə baxışı zamanı verdiyi izahatında lizinq müqaviləsinin onun tərəfindən bağlandığı, avtomobili Cavabdeh1 ASC-yə girov qoyaraq 14300 manat məbləğində pul götürdüyünü, ödənişlərin İddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Mülki Məcəllənin 431.2-ci madəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Mülki Məcəllənin 431.3-cü maddəsinin tələblərinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göründüyü kimi, iddiaçı cavabdehin bank qarşısında olan öhdəliyini üçüncü şəxs kimi icra etmiş və buna borclu kimi cavabdehin razılığı tələb olunmasa da, o, etiraz etməmişdir. İddiaçı bank qarşısında cavabdehin öhdəliyinə görə 20075 manat ödəməsi işin məhkəmə tərəfindən müəyyən edilmiş halıdır və Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında şifahi qaydada verdiyi izahatda da bu halı təkzib etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının üçüncü şəxs kimi 07.06.2018-ci il tarixli X9 Müqaviləsinə əsasən yaranmış öhdəliyi kreditor olan LPO Cavabdeh1 ASC-nin qarşısında icra etdiyi və kreditorun təklif edilən bu icranı qəbul etməkdən imtina etmədiyi müəyyən edildiyindən, bankın Cavabdeh2 qarşı olan tələb hüququ müvafiq hissədə iddiaçıya keçmiş və o, bu hüququndan istifadə edərək hazırki iddia ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Həmçinin, iddiaçı tərəfindən Cavabdeh2 əvəzinə banka həyata keçirilən ödənişlərdən başqa avtomobil üzrə digər əsaslarla Cavabdeh2 hər hansı məbləğdə pulun verildiyi heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(006)-3273/2021 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1134/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1134/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver