Məhkəmə qərarları › İş №2(103)-11347/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11347/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11347/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(005)-3298/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı Abşeron rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Külək" MMC-nin tərtib etdiyi 19.03.2020-ci il tarixli, 21/01 nömrəli X9 Protokolun etibarsız hesab edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 mart 2018-ci il tarixli 2(011)- 1303/2018 saylı qətnaməsi ilə iddiaçı “TBC Kredit “Bokt MMC-nin İddiaçı və X5 qarşı iddiası qismən təmin edilmişdir. BAKUO-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Eyni zamanda BAKUO-327/4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bundan başqa tələb ipoteka ilə yüklü edilmiş və X3 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlak hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Belə ki, qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110 000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, 17.10.2018-ci il tarixli icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron rayon icra şöbəsi 27/22-7916-30 saylı 07.01.2020-ci il tarixli sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və 19.03.20-ci il tarixli X9 Protokola əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi 70125 manata “TBC KREDİTBOKT MMC-yə satılmış, hərrac qanunsuz olaraq keçirilmişdir. Hərracın keçirilən vaxtı pandemiya şəraitində vətəndaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair ona hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən onun məlumatı olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(005)- 3298/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına və apelyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(011)-1303/2018 saylı qətnaməsi ilə BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya asasan ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış BAKU0- ***-**** saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya xitam verilməsi, BAKU0-327-4882 saylı, 11 noyabr 2015-ci il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709.80 ABŞ dolları məbləğində əsas borc, 5605.75 ABŞ dolları məbləğində faiz borcu və 7500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı və X1 müştərək qaydada alınaraq "xxxx" BOKT MMC-yə verilməsi, tələbin X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 60000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" BOKT MMC-yə olan borcun ödənilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay müddətinə boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2018 saylı, 17.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin, cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1303/18 saylı, 16 mart 2018- ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, tərəflər arasında bağlanmış BAKU0-327-3902 saylı, 30 dekabr 2014-cü il tarixli razılaşmaya xitam verilməsi və sığorta haqqına görə iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 287,66 manat tutulması, tərəflər arasında bağlanmış 30.12.2014-cü il tarixli BAKU0-327-3902 saylı razılaşmaya görə cavabdehlərdən dəbbə puluna görə 300 ABŞ dolları, 11 noyabr 2015-ci il tarixli razılaşmaya görə isə 500 ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə) tutulması, ipoteka predmeti olan, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110000 manat müəyyən edilməsi, qətnamənin apelyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir, həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2326/2019 nömrəli 10 aprel 2019-cu il tarixli Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6758/2018 saylı 17.10.2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 17.01.2020-ci tarixli, 01/99 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın 17 fevral 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və probasiya şöbəsi, "xxxx" MMC-yə və X4 və İddiaçı məlumat verilmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin 21.02.2020-ci tarixli, 01/481 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 110.000-15%=93500 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4675 manat olmaqla hərraca çıxarılması və hərracın 04 mart 2020-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və X4 və İddiaçı məlumat verilmişdir. Açıq X9 19.03.2020-ci tarixli, 21/01 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, 17.10.2018-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və probasiya şöbəsinin 27/22-7916-3O saylı, 07.01.2020-ci il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 110.000 manat olan X4 məxsus fərdi yaşayış evini və 0,10 ha torpaq sahəsini 70.125,0 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 65.80 kv.m olan ünvan 2, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 01.04.2021-ci il tarixdə qeydiyyata alınmışdır. “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. İş materiallarından müəyyən edilir ki, keçirilmiş hərraclarla bağlı bildirişlər tərəflərə (ipoteka qoyanlara, ipoteka saxlayana) göndərilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satılması Respublika Xammal və X12 Mərkəzi "xxxx" MMC-yə sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən keçirilən hərraclar baş tutmamış, bu səbəbdən fərdi yaşayış evi və torpaq sahəsi tələbkar banka təklif olunmuşdur ki, sonuncu da 30 gün müddətində 70.125,0 manata almışdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan Külək MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur. İş materiallarından göründüyü kimi, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanına göndərilmişdir (17.01.2020-ci il tarixli xəbərnamədə “ünvan bağlıdır”; 21.02.2020-ci il tarixli xəbərnamədə Əyyubov soyadı qeyd edilərək imza edilmiş; 06.03.2020-ci il tarixdə isə “ev satılıb” qeyd edilmişdir) və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və iddiaçı özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, mənzil təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə banka təklif olunmuşdur ki, sonuncu da 19.03.2020-ci il tarixli 21/01 nömrəli “Hərracların yekunları barədə” Protokola əsasən mənzili 70125 manata almışdır. İpoteka saxlayanın ipoteka predmetini alması üçün hər hansı hərrac keçirilməsinə və bunun üçün elan dərc etməyə və maraqlı şəxslərə bildiriş göndərməyə lüzum yoxdur. Cavabdehlər tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələblər pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, 19.03.2020-ci il tarixli 21/01 nömrəli “Hərracların yekunları barədə” Protokolun etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3298/2021 saylı iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar