Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1135/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2024-cü il tarixdə Bakı şəhərində İddiaçı anadan olmuş Nilufər adlı azyaşlı uşağa münasibətdə Cavabdeh atalığının müəyyən edilməsi, Cavabdeh məhkəməyə müraciət edilən vaxtdan başlayaraq hər ay 15 aprel 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh qeydiyyat orqanlarında nikahlarını qeyd etdirmədən birgə yaşamışlar. Onların bu münasibətlərindən xx.xx.2024-cü il tarixdə X3 adlı övladları doğulmuşdur. Uşağın atası məhz cavabdehdir. Münasibətləri əvvəl normal olmuşdur, lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən və mövqeləri fərqli olduğundan, həmçinin digər müxtəlif, o cümlədən məişət xarakterli səbəblərdən ayrılmaq qərarına gəlmişlər. Rəsmi nikahları olmadığından cavabdehlə birgə münasibətlərindən xx.xx.2024-cü il tarixdə Nilufər Xəlilova adlı övladının atasının Cavabdeh olması rəsmi qaydada müəyyən edilməmişdir. Cavabdeh atalığın qeydiyyata alınması üçün qeydiyyat orqanına ərizə verməkdən imtina edir. Uşağı tək başına saxlamaq iddiaçı üçün olduqca çətindir, onun maddi gəlir mənbəyi yoxdur. Bununla yanaşı cavabdeh atalıq borcunu yerinə yetirmir və uşağa maddi yardım göstərmir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi iddiaçının uşağın tələbatını qarşılaya bilməməyinə gətirib çıxartmışdır ki, bu da maddi çətinliklər ilə əlaqədardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi (bioloji) ekspertizası təyin edilməsi və rəy alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki prosessual qanunvericilikdə ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmasa da, qərardadın dayandırma hissəsindən 10 gün ərzində şikayət verilə bilməsi qeyd olunmuşdur. Dayandırma hissəsindən də şikayət verilərkən ekspertiza təyin edilməsinə də münasibət bildirməyi zəruri hesab edir. Əvvəla hesab edir ki, iş üzrə məhkəmə-tibbi (bioloji) ekspertizasının təyin edilməsinə ehtiyac yox idi. Belə ki, məhkəmə əvvəlcə bu barədə cavabdehin fikrini soruşmalı idi. Cavabdehin nümayəndəsi kimi o, ərizə verərək iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə ərizəni əsassız olaraq nəzərə almamışdır. Ona görə də hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və ekspertiza təyin edilməməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. İş materiallarından görünür ki, hazırki iddia tələbi 15 aprel 2024-cü il tarixdə Bakı şəhərində İddiaçı anadan olmuş Nilufər adlı azyaşlı uşağa münasibətdə Cavabdeh atalığının müəyyən edilməsi və alimentin tutulmasından ibarətdir. Göründüyü kimi Cavabdeh 15 aprel 2024-cü il təvəllüdlü İddiaçı atası olması faktının müəyyən edilməsi həmçinin onların arasında biloji bağlılığın olub-olmamasını müəyyənləşdirmək iş üçün əhəmiyyətlidir, bu məsələnin həlli üçün də xüsusi bilik tələb olunur. Cavabdeh isə şikayətində iş üzrə məhkəmə-tibbi (bioloji) ekspertizasının təyin edilməsinə ehtiyacın olmamasını, həmçinin əvvəlcə bu barədə cavabdehin fikrinin soruşmalı olmasını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırki mülki iş 22 iyul 2024-cü il tarixdən məhkəmənin icraatında olmaqla yanaşı cavabdeh məhkəmə iclasları barədə tam məlumatlı olmuşdur. İş materiallarından görünür ki, işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatət vermiş, vəsatət müvafiq qərardadla rədd edilmiş, həmin qərardad cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də şikayəti təmin edilməmişdir. Göründüyü kimi cavabdehin iddia ərizəsinə mahiyyəti üzə münasibət bildirməsi üçün kifayət qədər zamanı olmuş, lakin cavabdeh bu barədə fikir bildirmək əvəzinə nümayəndəsi-vəkilinin məhkəmə iclasında iştirak edə bilməməsini əsas göstərməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Halbuki, cavabdehin özünün məhkəmə iclasında iştirak edərək iddia ərizəsinə işin faktiki halları baxımından münasibət bildirməsi üçün hər-hansı bir maneə olmamışdır. Onun məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəblərdən olmasına dair də heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, prosessual qənaət prinsipi əsas götürülməklə məhkəmə iclasının lüzumsuz yerə təxirə salınmasına zərurətin olmaması və iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 atası olub-olmamasının müəyyən olunması üçün iş üzrə məhkəmə-tibbi (bioloji) ekspertizası təyin edilməsi həmçinin rəy alınanadək iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3918/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1135/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1135/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver