Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11351/2019 29.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi, İddiaçı Abiəli oğlu, nümayəndəsi və vəkili Vəkil, cavabehin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1844/2019 saylı qətnaməsindən X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1 və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 36/04 nömrəli, xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-i, Cavabdeh2, ACavabdeh3 və xxxx QSC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ilə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən 0,0718 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərracın yekunları barədə 36/04 nömrəli, xx xxxxxx 2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi və həmin fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı X8 tərəfindən "xxxx" QSC-nin adına verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, Seriya RX, ******* nömrəli çıxarışın ləğv edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-(073)-174/2016 saylı qətnaməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbləri qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X3 müştərək qaydada xx xxxx 2013-cü il tarixli, 20R000002480 saylı kredit razılaşması üzrə 9085,40 ABŞ dolları əsas borc, 1594,49 ABŞ dolları faiz borcu, 1000 ABŞ dollan cərimə olmaqla, cəmi 11679,89 ABŞ dollan, xx xxxxxxxx 2013-cü il tarixli 20R000005174 saylı kredit razılaşması üzrə 7718,15 ABŞ dolları əsas borc, 1363,26 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 9881,41 ABŞ dolları borcun, ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi; tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən 0,0718 ha torpaq sahəsinə və hamin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan vəsaitdən bu qətnamə ilə müəyyən edilən məbləğdə borcun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və sair qət edilmişdir. Qətnamə ilə mənzilin ilkin dəyəri 37500 manat məbləğdə qiymətəndirmişdir. Həmin qətnamənin surəti cavabdeh İddiaçı təqdim olunmadan, Cavabdeh2nə icra vərəqi göndərilmişdir. İş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 hərracın keçirilməsini digər cavabdeh, "xxxx" MMCyə sifariş vermişdir. "xxxx" MMC güva bir neçə dəfə hərrac keçirmiş və sonda həmin mənzili "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 23906,25 manata satmışdır. Halbuki, "xxxx" MMC real olaraq heç bir hərrac keçirməmiş və mənzilin mülkiyyətçisi olan İddiaçı hərrac barədə heç bir məlumat verməmişdir. Nəticədə İddiaçı məhkəmə qətnaməsinin surəti verilmədən və onun həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti gözlənilmədən qətnamə qanunsuz olaraq icraya göndərilmiş, hərracın keçirilməsi sifarişini alan "xxxx" MMC isə saxtakarlığa yol vermiş, mülkiyyətçiyə bu barədə məlumat vermədən və əslində heç bir hərrac keçirmədən hərracın yekunları barədə 07 avqust 20'18-ci il tarixli, 36/04 nömrəli protokol tərtib etmiş və oııa məxsus olan mənzili çox ucuz qiymətə tələbkar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə vermişdir. İddiaçı sonradan Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-(073)-174/2016 saylı qətnaməsinin surətini əldə etmiş və həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılmış, lakin apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamənin surətini aldıqdan sonra həmin qətnamədən kassasiya şikayəti verəcəkdir. Göründüyü kimi, Cəlilabad rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 2-(073)l74/2016 saylı qətnaməsi qanuni qüvvəsini almadan, tamamilə qanunsuz olaraq həmin qətnamə icraya yönəldilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən hərracın nəticələrinə dair saxta protokol tərtib olunmuş, bununla da qanunvericiliyin tələbləri və iddiaçın hüquqları kobud qaydada pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1844/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC, Cavabdeh2, ACavabdeh3 və “xxxx” QSC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. X1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1844/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məkəmənin gəldiyi nəticə və öz qərarının əsası kimi istinad etdiyi hallar tamamilə səhvdir. Hərracların keçirilmə vaxtı və yeri barədə iddiaçıya heç bir məlumat verilməmişdir və işdə bunu təsdiq edən heç bir möhtəbər sübut yoxdur. Hərrac barədə məlumatın iddiaçıya göndərildiyinə dair məhkəməyə təqdim olunan qəbzlər tamamilə saxtadır. Həmin qəbzlər üzərində olan imzalar nə iddiaçıya, nə iş üzrə zaminlərə, nə də onların ailə üzvlərinə məxsus deyildir. Bundan başqa həmin qəbzlər məhkəməyə «xxxx» MMC tərəfindən deyil, iş üzrə digər cavabdeh olan «xxxx» QSC tərəfindən təqdim olunmuşdur. İşin bu və digər fikiki halları onu göstərir ki, «xxxx» MMC tərəfindən nəinki heç bir hərrac keçirilməmişdir, hətta hərrac prosesində «xxxx» MMC-nin adının keçməsi belə formal xarakter daşıyır. Cavabdehlərin və məhkəmənin hərrac hesab etdikləri həmin proses tələbkar təşkilat olan «xxxx» QSC-nin özü tərəfindən və saxta üsulla aparılmış, ipoteka predmetlərinin sahibi olan iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə heç bir məlumat verilmədiyi halda, saxta qəbzlər tərtib edilmiş və həmin qəbzlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Buna görə məhkəmədən müvafiq ekspertiza təyin olunmasını xahiş etmişlər. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Həmin qəbzlərin saxta olub-olmamasını yalnız ekspert rəyi ilə müəyyən etmək mümkündür. İddiaçı ipoteka qoyan kimi həmin hərracda iştirak edə bilərdi və eyni zamanda mənzilin sahibi olduğuna görə digər paycılara nisbətdə mənzli əldə etmək üstünlüyünə malik idi. Lakin hərracda onun iştirakı təmin edilmədiyi üçün o, həmin hüquqdan məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun olaraq izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların və ya nümayndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanmalıdır. İşdə olan hərrac materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus olan Cəlilabad şəhəri, M.Hüseyn küçəsi 0.0718 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi Cəlilabad Rayon Məhkəməsinin 2(073)-174/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 87493/30-4 nömrəli, xx.xx.2018-ci il tarixli sifariş məktubunun və “xxxx” QSC-nin 11006 saylı, xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 37500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 31875 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 23906,25 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Bununla bağlı həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Hərrac təşkilatı hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar “xxxx” QSC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. İpoteka haqqında” Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. "İpoteka haqqında" Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə nəticəyə gəlir ki, hərracın keçirilməsini həyata keçirən «xxxx» MMC tərəfindən «İpoteka Haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan «xxxxı» QSC öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ona edilmiş təklif əsasında ipoteka predmetini 30 gün müddətində müəyyən olunmuş məbləğə münasibətdə əldə etmişdir. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi dəlillər hərracın keçirilməsi ilə bağlı bildirişlərin ona çatdırılmaması, ipoteka predmetinin onun tərəfindən alınmasına imkan yaradılmaması, ona təklif edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi 0.0718 ha torpaq sahəsində yerləşən 67 saylı fərdi yaşayış evi ilə bağlı hərracların təşkili və keçirilməsi barədə bildiriş İddiaçı göndərilmiş və bunu təsdiq edən müvafiq qəbzlər mövcuddur. Müvafiq olaraq mətbuatda bununla bağlı məlumat verilmişdir. Bildirişlər onun yaşadığı ünvana göndərilmiş və həmin ünvanda imza edilərək qəbul edilmişdir. Bu halda iddiaçı həmin hərracların keçirilməsi ilə bağlı tam olaraq məlumatlandırılmış hesab olunur. İşin halları ilə təsdiq olunur ki, iddiaçıya borcun, ipoteka saxlayan qarşısında məsuliyyətinin mövcudluğu məlum olmuşdur. Lakin borcun ödənilməsi təmin olunmadığına görə bank haqlı olaraq borcun tutulması və tələbin əmlaka yönəldilməsini tələb etmişdir. Hazırda isə iddiaçı imkan yaradıldığı təqdirdə hərracda iştirak edərək onu almaq hüququnun olmasını göstərir. Hər bir halda iddiaçıya aşkar olaraq aydın olmuşdur ki, ipoteka predmetinin hərraca çıxarılması mütləqdir. Belə olan halda mülkiyyətində olan əmlakın taleyi ilə maraqlanmaq və bank qarşısında kredit öhdəliyinin icra etmək vəzifəsi olmuşdur. Lakin o, nəinki həmin vəzifələrini yerinə yetirməmiş, əksinə mübahisəli ünvana göndərilmiş bildirişləri əhəmiyyət verməyərək, sonradan hazırkı iddia tələbinin irəli sürülməsi ilə bağlı özü üçün əsas yaratmağa çalışmışdır. İddiaçı ona bildiriş göndərilmədiyini, təqdim olunmuş bildirişdə olan imzaların ona və ailə üzvlərinə məxsus olmadığını və saxtalaşdırıldığını göstərir. Lakin aşkar surətdə müəyyən olunur ki, bildirişlər məhz hazırkı işdə də ona bildiriş göndərilən ünvana göndərilmiş və həmin ünvanda bildiriş qəbul olunmuşdur. Hərrac təşkilatçsı isə haqlı olaraq bildirişlərin iddiaçıya çatmasının təmin olduqdan sonra hərracın keçirilməsini davam etdirmişdir. İş materialları ilə müəyyən olunur ki, hərrat təşkilatçısı bir deyil, bir neçə bildiriş göndərmiş və hər bir bildiriş müvafiq imza edilməklə qəbul edilmişdir. Belə olan halda nə birinci instansiya məhkəməsində, nə də hazırkı icraat daxilində müvafiq ekspertizasın təyin olunması üçün əsaslar olmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, hərrac təşkilatçısı tərəfindən bildirişlərin göndərilməsi işin mübahisəsiz halıdır. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısının bildirişi iddiaçıya çatdırmaq vəzifəsi yoxdur. Belə ki, “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə yalnız ipoteka saxlayana edilmiş təklifin qəbul edilməsi ilə bağlı ümumi hərracın yekunlarına görə protokolun tərtib olunması üçün hərracdan kənar müqavilənin bağlanması təşkil edilmişdir. Mülki qanunvericilikdə edilmiş təklifin qəbulu ilə bağlı qaydalar müəyyən edilməmişdir. Çünkü qanunvericilikdə ipoteka saxlayanın əmlakın qəbul etməsinə dair müqavilənin bağlanması üçün təyin olunmuş gündə ipoteka qoyanın həmin hərəkətlərin icra edilməsində iştirakının təmin olunması vacibliyi nəzərdə tutulmamışdır. Qanunla müəyyən edilməyən əsaslara istinad edərək xx xxxxxx 2018-ci il tarixdə bağlanmış müqavilənin (protokolun) etibarsız hesab edilməsi nəticəsinə gəlinməsi yolverilməzdir. İddiaçı ipoteka predmetinin onun tərəfindən əldə edilməsinə imkan yaradılmadığını göstərir, lakin qeyd edilməlidir ki, qətnamənin qanuni qüvvədə olması və icraya yönəldilməsi, bank qarşısında iddaçının öhdəliklərinin mövcud olması işin mübahisəsiz halıdır. Belə olan halda hərracın keçirilməsindən və edilmiş sifarişdən əvvəl, qətnamə qəbul olunduğu zaman iddiaçının hərracdan kənarda ipoteka predmetinin əldə edilməsi üçün kifayət qədər imkanı olmuşdur. Bunun üçün hərracın keçirilməsinin və ona hərrac vasitəsi ilə təklif göndərilməsinin gözləməyin heç bir əhəmiyyəti olmamışdır. Onun istinad olunan dəlili isə ona görə əsassız hesab edilir ki, maddi vəsaitinin olduğu təqdirdə bank qarşısında öhdəliyin icrasını təmin etmək vəzifəsi vardır, lakin o belə vəzifəsini icra etməməklə mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinə razı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1844/2019 saylı qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11351/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11351/2019
29.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver