Məhkəmə qərarları › İş №2(103)-1138/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1138/2020

15.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1138/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1002/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10000) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona hesablanmış 1598 (bir min beş yüz doxsan səkkiz) manat 40 qəpik və 592 (beş yüz doxsan iki) manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1002/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanı (abonent kodu: **********10000) üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 1598 (bir min beş yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasına və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, 592 manat nə borcdur məlumatı yoxdur. Apelyasiya baxışı zamanı Cavabdeh İB-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sayğacın dəyəri abonentdən tələb olunur. 592 manat yeni quraşdırılmış sayğacın dəyəridir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanı üzrə abonent kodu **********10000 olmaqla abonent kimi İddiaçı qeydiyyata alınmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə 26.07.2018-ci il tarixli ******* saylı akta əsasən iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* nömrəli aktda sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş tələbnamədə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1598,40 manat borcun (cəmi 7992 kub.metr x 0.20 manat = 1598,40 manat) tələb edilməsi göstərilmişdir. Bundan əlavə abonentin saldosunda iddiaçının 592,20 manat borcunun olması da qeyd olunmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qazdan istifadə qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Bundan başqa, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı 1598.40 manat borc məbləğinin silinməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi 592 manat borcun silinməsi hissəsində də əsaslıdır və həmin hissədə də təmin edilməlidir. Belə ki, abonentin saldosuna əsasən həmin borc məbləğinin ayın sonuna borc kimi hesablanaraq iddiaçının istifadə etdiyi təbii qazın dəyəri kimi ödənilməmiş borc olması, yəni həqiqətən qeyd edlən borc məbləğinin iddiaçının istifadə etdiyi təbii qazın dəyəri olması barədə cavabdeh hər hansı sübut təqdim etməmişdir. Eləcə də apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçından tələb edilən 592 manat məbləğində borc, quraşdırılmış sayğacın dəyəridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası istinad edilənlərə əsasən hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, işin mübahisə edilməyən hallarına əsasən sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh tərəfindən sayğacın dəyəri tələb oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1002/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı (abonent kodu: **********10000) üzrə İddiaçı hesablanmış 1598,40 (bir min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat və 592 (beş yüz doxsan iki) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar