Məhkəmə qərarları › İş №2(103)-1138/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1138/2022

21.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1138/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Fərhad Nemətovun, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Rafik oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər X2 və X1 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh Fərhad Nemətovun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 №-li yaşayış binasının həyət hissəsində (avtomobil yolunun əks hissəsində) inşa olunmuş daş hasar sökülsün və zəbt olunmuş torpaq sahəsi boşaldılsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh Fərhad Nemətovun mülkiyyətində olan, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev № 3-də yerləşən 1 və 2 №-li mənzillər ilə iddaçıların yaşadığı, Səbail rayonu, Xanlar küçəsindəki 2 №-li binanın arasındakı (həyət hissəsində) qanunsuz inşa edilən daş hasar cavabdeh Fərhad Nemətovun hesabına sökülərək həmin torpaq sahəsi boşaldılsın, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh Fərhad Nemətov, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçıların vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız oluğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçılar Səbail rayonu, Xanlar küçəsində yerləşən 2 №-li çoxmənzilli yaşayış evini sakinləridir və həmin evdə yerləşən mənzillərin mülkiyyətçiləridir. Cavabdeh Fərhad Nemətov isə Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev № 3-də yerləşən 1 və 2 №-li mənzillərin mülkiyyətçisidir. 2 və 3 №-li evlər bir-birinin yaxınlığında yerləşir. İddiaçılar iddia edir ki, 2 və 3 №-li evlərin arasındakı boş torpaq sahəsi cavabdeh Fərhad Nemətov tərəfindən hasara alınaraq zəbt olunub, bu hal idiaçıların və digər sakinlərin torpaq sahəsindən istifadə etməsinə imkan vermir. İddiaçılar və digər sakinlər həmin torpaq sahəsini abadlaşdırmaq, oradan bina sakinlərinin istirahəti və uşaqların oynaması üçün istifadə etmək niyyətindədirlər. Cavabdeh Fərhad Nemətov torpaq sahəsinin onun sahibliyində olduğunu, habelə torpaq sahəsindəki hasarın özünə aid olduğunu etiraf edir, lakin hesab edir ki, bu, zəbt sayılmır. O, apellyasiya şikayətində qeyd edib ki, göstərilən torpaq sahəsi Bakı ŞİHB Aparatının məktubuna əsasən 03.06.2020-ci il tarixdə abadlaşdırılmaq üçün ona verilib. Torpaq sahəsi onun mülkiyyətində olan mənzilin həyətyanı, qapalı sahəsidir və iddiaçıların yaşadığı binaya aidiyyəti yoxdur, ona görə də iddiaçılar hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyillər. Mübahisəyə Mülki Məcəllənin 239.1-ci maddəsindəki normaq tətbiq edilməlidir. Həmin maddəyə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Bu maddədə istifadə olunan “sərbəst ola bilər” ifadəsi fiziki şəxs üçün müəyyən olunmuş subyektiv hüququ bildirir. İddiaçılar həmin torpaq sahəsinin yaxınlığında yerləşən binanın sakinləri olduqlarına görə torpaq sahəsində sərbəst olmaq hüququna malikdirlər. Lakin cavabdeh Fərhad Nemətov torpaq sahəsini hasara aldığına görə iddiaçılar bu hüquqlarını həyata keçirə bilmirlər. Cavabdeh Fərhad Nemətovun hasara aldığı torpaq sahəsi onun xüsusi mülkiyyətində deyil, habelə torpaq sahəsinə əşya hüququ (istifadə hüququ və s.) yoxdur. Əgər torpaq sahəsi xüsusi mülkiyyətdə deyilsə, deməli, dövlət və ya bələdiyyə mülkiyyətindədir. Torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, hər iki halda Mülki Məcəllənin 239.1-ci maddəsindəki norma tətbiq edilə bilər. Çünki torpaq sahəsi hamının buraxılması üçün açıq torpaq sahəsidir, torpaq sahəsinə fiziki şəxslərin buraxılmasına dövlət və ya bələdiyyə tərəfindən məhdudiyyət qoyulması barədə məlumat yoxdur. Odur ki, torpaq sahəsindən iddiaçıların və digər sakinlərin istifadə etməsinə (gediş-gəliş üçün, istirahət üçün və s.) cavabdeh tərəfindən yaradılan məhdudiyyət (torpağı hasar alma) qanunsuzdur. Torpaq sahəsinə dair iddiaçıların hüquq müəyyənedici sənədinin olmaması iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçılar torpaq sahəsinin onlara verilməsini tələb etmirlər, həmin torpaq sahəsində hər kəsin sərbəst olmasına (gediş-gəliş üçün, istirahət üçün və s.) yaradılan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər. Belə tələbi torpaq sahəsinin (hamının buraxılması üçün açıq torpaq sahəsinin) yaxınlığında yaşayan, işləyən, təhsil alan hər bir şəxs irəli sürə bilər, kifayətdir ki, həmin şəxsin torpaq sahəsində sərbəst olmasına (gediş-gəliş üçün, istirahət üçün və s.) məhdudiyyətin yaradıldığı müəyyən olunsun. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar