Məhkəmə qərarları › İş №2(103)-11389/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11389/2021

14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11389/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs qsimində cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)-5297/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçüncü şəxs qsimində cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)- 5297/2021 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia rədd olunmuşdur. Qeyd olunan qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 11 noyabr 2021-ci il tarixli, 2(103)-11389/2021 saylı qərardadı ilə şikayət üzrə apellyasiya mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəmə iclasında apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsi müzakirəyə çıxarılmış və iddiaçının nümayəndəsi (vəkili) yoxlanılan məsələ ilə bağlı bildirmişdir ki, tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla apellyasiya şikayəti verilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sentyabr ayında çıxarıldığından qanunvericiliyə edilmiş dəyişikliklər həmin qətnamədən verilmiş şikayətlərə tətbiq oluna bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra, MPM) dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsilə 25 oktyabr 2021-ci il tarixdə daxil olsa da, MPMin yeni qüvvəyə minmiş digər normalarının tələblərinə cavab vermir. Belə ki, MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçı isə apellyasiya şikayətini qanunla müəyyən edilmiş konkret formaya (həmin forma Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmişdir) riayət etmədən vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361-ci və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(001)- 5297/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2(103)-11389/2021 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar