Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11390/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Müsənnif oğlunun Cavabdeh MMC-yə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödəncin ödənilməsi və mənəvi ziyan” tələbinə dair 2(004)- 2950/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Müsənnif oğlu Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona 14 oktyabr 2018-ci il tarixdən qətnamə icra olunan günə qədər hər ay 450 manat məbləğində əmək haqqı hesablanaraq birdəfəlik müavinətin ödənilməsi, sağlamlığı tam bərpa olunana kimi əlavə olaraq hər ay üçün 450 manat məbləğində əmək haqqı həcmində müavinətin ödənilməsi, mənəvi ziyanın əvəzi kimi 15000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Avanqard-N" MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru işləmişdir. 14 oktyabr 2018-ci il tarixdə X2 Cavabdeh MMC-də 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsi və eyni tarixli əmrə əsasən nəqliyyat dispetçeri vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi avtoyükləyicilərin idarə edilməsinə, operatorların biliklərinin və nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasına, nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinə nəzarət etməli olsa da, “Avanqard-N" MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru İddiaçı Müsənnif oğlunun avtoyükləyicinin idarə edilməsinə dair hüququ verən sənədi olmadan, onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılması (attestasiyası) aparılmadan avtoyükləyicidə sərbəst işləməsinə icazə verdiyinə, müəssisədə daxili nəqliyyatının (konkret olaraq hadisə baş verdiyi avtoyükləyicinin) texniki saz vəziyyətdə (hadisə zamanı avtoyükləyicinin işıqları sönmüşdür) saxlanılması üçün müvafiq texniki xidmətlərin və növbəyə (xəttdə) buraxılarkən nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasını və operatorların (sürücülərin) işə başlamazdan əvvəl nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinin təşkil edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanına lazımi diqqət və ehtiyatsızlıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək «Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları»nın 2.4, 2.13 bəndlərinin və “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsilik texnikası qaydaları”nın 5.3 bəndinin tələblərini pozmuş, bu əməli (hərəkətsizliyi) nəticəsində Cavabdeh MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən Quliyev X1 gips zavodunun həyətində gips daşınması üçün istifadə olunan taxta lövhələri götürən zaman idarə etdiyi “Komatsu” İ-008 markalı, FD25T- 17 modelli 330817 seriya nömrəli avtoyükləyicinin idarəedici kabinəsinin üzərində olan işıqlarının sönməsi, həmçinin ətraf ərazidə işıqlanmanın olmaması və havanın da qaranlıq olması səbəbindən qarşısını görməyərək idarə etdiyi avtoyükləyici ilə zavodun həyətində olan taxta parçaların üzərinə çıxaraq avtoyükləyicinin aşması zamanı avtoyükləyicinin idarəedici kabinəsinin sağ tərəfindən kürəyi üstə yerə yıxılmış və avtoyükləyici onun üzərinə düşmüş, nəticədə ehtiyatsızlıqdan İddiaçı həyatı üçün təhlükəli olan sağlamlığa agır zərər vurmanın əlamətlərinə malik hemotoraksla müşayiət olunan sağ tərəfli Xİ, Xİİ qabırğaların yerinidəyişən, sol tərəfli İ, İX qabırğaların, sol qasıq və qasıq oturaq birləşməsinin yerinidəyişməyən sınıqları xəsarətlərini almasına səbəb olmuşdur. Törətdiyi cinayətə görə F.E.Əliyev Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə cəzasına məhkum edilmişdir. İddiaçı ağır xəsarət aldığından uzun müddətə sağlamlığını, iş qabiliyyətini itirmişdir. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqı 450 manat təşkil etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manatın tutularaq İddiaçı Müsənnif oğlunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin "xxxx" MMC-dən mənəvi zərərin əvəzi olaraq 10000 manatın tutularaq İddiaçı Müsənnif oğlunun xeyrinə ödənilməsi və 12 (on iki) manat dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq dövlət nəfinə köçürülməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının şüurunda məhkəmə qətnaməsində iddia edildiyi kimi mənfi psixi reaksiyanın olması ilə əlaqədar işin materiallarına iddiaçı tərəfindən hər hansı sənəd əlavə edilməmiş, bu hal sübuta yetirilməmişdir. İddiaçıya xəsarət aldığı andan etibarən müəssisə tərəfindən ona maddi və mənəvi dəstək göstərilmiş, tutuğu vəzifədən azad olunduğu tarixədək hər ay əmək haqqı ödənilmişdir. Belə olan halda, onun müəssisəyə qarşı mənəvi ziyanın ödənilməsi ilə bağlı tələbi tərəflər arasındakı münasibətlərin faktiki xarakterinə uyğun deyildir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini iddianın təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı cavabdehin məsul işçisinin törətdiyi cinayət nəticəsində sağlamlığına dəymiş ağır zərər nəticəsində uzun müddət işləyə bilməmiş və hal-hazırda həkim ekspert komissiyasının məsləhətinə görə əlavə müalicəyə ehtiyacı vardır və ixtisaslaşmış bərpa stasionar müalicəni davam etdirməlidir. Göstərilənlər şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallar olduğundan cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 10000 manat məbləğində pul tutularaq ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanın tutulması hissəsində düzgün nəticəyə gəlmiş olsa da, tutulmalı olan məbləği düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməli, Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 7000 (yeddi min) manat tutularaq İddiaçı Müsənnif oğlunun xeyrinə ödənilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.09.2020-ci il tarixli, 1(002)-212/2020 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən İddiaçı Müsənnif oğlunun Ağdağ gips zavodunun həyətində gips daşınması üçün istifadə olunan taxta lövhələri götürən zaman idarə etdiyi avtoyükləyicinin idarəedici kabinəsinin üzərində olan işıqlarının sönməsi, həmçinin ətraf ərazidə işıqlanmanın olmaması və havanın qaranlıq olması səbəbindən qarşısını görməyərək idarə etdiyi avtoyükləyici ilə zavodun həyətində olan taxta parçaların üzərinə çıxaraq avtoyükləyicinin aşması zamanı avtoyükləyicinin idarəedici kabinəsinin sağ tərəfindən kürəyi üstə yerə yıxılmış və avtoyükləyici onun üzərinə düşmüş, nəticədə ehtiyatsızlıqdan İddiaçı həyatı üçün təhlükəli olan sağlamlığa agır zərər vurmanın əlamətlərinə malik hemotoraksla müşayiət olunan sağ tərəfli Xİ, Xİİ qabırğaların yerinidəyişən, sol tərəfli İ, İX qabırğaların, sol qasıq və qasıq oturaq birləşməsinin yerinidəyişməyən sınıqları xəsarətlərini almasına səbəb olmuşdur. Həmin hökmlə törətdiyi cinayətə görə “Avanqard-N" MMC-də nəqliyyat dispetçeri vəzifəsində işləyən.F.E.Əliyev Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki halda iddiaçı cavabdehin məsul işçisinin törətdiyi cinayət nəticəsində sağlamlığına dəymiş ağır zərər nəticəsində uzun müddət işləyə bilməmiş və hal-hazırda həkim ekspert komissiyasının məsləhətinə görə əlavə müalicəyə ehtiyacı vardır və ixtisaslaşmış bərpa stasionar müalicəni davam etdirməlidir. Göstərilənlər isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(004)- 2950/2021 saylı qətnaməsi mübahisələndirilən - mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən mənəvi zərərin əvəzi olaraq 7000 (yeddi min) manat tutularaq İddiaçı Müsənnif oğlunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11390/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11390/2021
14.12.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver