Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1140/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin ("xxxx" ASC) nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC ("xxxx" ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 məhkəmədə cavabdeh X1 və digərlərinə qarşı iddia qaldıraraq, ‘‘Nikoyl” İKB ASC (bundan sonra Bank) ilə X5 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair X10 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, sonuncu ilə Bank arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları pulun girov qoyulmasına dair X10 arasında bağlanmış əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi və onlar arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanət və onun üzərinə hesablanmış faizlərin və X10 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən həmin filialın 15-83478-110-41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları əmanət və onun üzərinə hesablanmış faizlərin Bank tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X10 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15- 83478-101-41220 nömrəli bank hesabında olan 50.000 ABŞ dolları pulun girov qoyulmasına dair onlar arasında bağlanmış 03 mart 2015-ci il tarixli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, X10 arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110- 41220 nömrəli bank hesabında olan 28.500 ABŞ dolları pulun girov qoyulmasına dair onlar arasında bağlanmış 10 aprel 2015-ci il tarixli əmanətin girov müqaviləsinin etibarsız hesab edilməsi, X10 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-101-41220 nömrəli bank hesabında qoyulmuş 50.000 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin və onlar arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən 15-83478-110-41220 nömrəli bank hesabında qoyulmuş 28.500 ABŞ dolları əmanətin və onun üzərinə hesablanmış faizlərin Bankdan tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh İKB ASC apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia yenə də rədd olunub. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, baxılması üçün işin yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4994/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4994/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 21 oktyabr 2008-ci ildə Məhərrəm Məhərrəmov harada yerləşməsindən və nədən ibarət olmasından asıl olmayaraq, bütün əmlakını idarə etməyi, onların üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 21 oktyabr 2018-ci il tarixədək qüvvədə olmaqla oğlu İsmayıl Məhərrəmovun adına etibarnamə verib. 03 dekabr 2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İsmayıl Məhərrəmovun ailə vəziyyəti subay olub. X3 Bank arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən, sonuncu əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürüb (əmanət hesabı 15-83478- 101-41220; əmanətin adı Nikoyl Prestij, əmanətin məbləği və valyutası 50.000 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi 06 dekabr 2016-cı il, əmanətin faiz dərəcəsi isə 13 faiz müəyyən edilib. Eyni zamanda X3 Bank arasında bağlanmış 18 fevral 2014-cü il tarixli müddətli əmanət müqaviləsinə əsasən sonuncu əmanətçidən daxil olan əmanəti qəbul edir, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətin məbləğini qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürüb (əmanət hesabı 15- 83478- 110-41220; əmanətin adı Nikoyl Sabit, əmanətin məbləği və valyutası 28.500 ABŞ dolları, əmanətin müddəti 36 ay, əmanətin qaytarılma tarixi 20 fevral 2017-ci il, əmanətin faiz dərəcəsi 12,5 faiz müəyyən edilib). Bankla borcalan Elnarə Umbatova arasında bağlanmış 03 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana 21 ay müddətinə illik 16 faizlə istehlak məqsədi üçün 45.000 ABŞ dolları kredit verib. Bank, borcalan Elnarə Umbatova və girov qoyan Məhərrəm Məhərrəmovun adından etibarnaməyə əsasən təmsilçi İsmayıl Məhərrəmov arasında bağlanmış 03 mart 2015-ci il tarixli əmanətin girov müqaviləsinə əsasən, Bankla borcalan arasında imzalanmış 03 mart 2015-ci il tarixli kredit müqaviləsinin təminatı Məhərrəm Məhərrəmova məxsus olan 05 dekabr 2013-cü il tarixli əmanət müqaviləsi üzrə 50.000 ABŞ dolları əmanət müəyyən edilib. Həmçinin Bankla borcalan Elnarə Umbatova arasında bağlanmış 10 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana 21 ay müddətinə illik 17,5 faizlə istehlak məqsədi üçün 25.650 ABŞ dolları kredit verib. Bank, borcalan Elnarə Umbatova və girov qoyan Məhərrəm Məhərrəmovun adından etibarnamə üzrə təmsilçi İsmayıl Məhərrəmov arasında bağlanmış 10 aprel 2015-ci il tarixli əmanətin girov müqaviləsinə əsasən Bankla borcalan arasında imzalanmış 10 aprel 2015-ci il tarixli kredit müqaviləsinin təminatı Məhərrəm Məhərrəmova məxsus olan 18 fevral 2014-cü il tarixli əmanət müqaviləsi üzrə 28.500 ABŞ dolları əmanət müəyyən edilib. 19 avqust 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən isə Məhərrəm Məhərrəmov ölən günədək ona məxsus olan əmlakını, o cümlədən Cavabdeh İKB ASC olan müqavilə nömrəsi D13/218, hesab nömrəsi 15- 83478-101-41220; müqavilə nömrəsi D14/023, hesab nömrəsi 15- 83478-110-41220 olan depozitləri qızı İddiaçıya vəsiyyət edib. 03 sentyabr 2016-cı ildə Məhərrəm Məhərrəmov ölüb. Bundan sonra 03 dekabr 2016-cı ildə 45.000 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün İsmayıl Məhərrəmovun 21 dekabr 2016-cı il tarixli ərizəsinə əsasən girov qoyulmuş əmanətdən sözügedən kredit borcu silinib. Həmçinin 10 yanvar 2017-ci ildə 25.650 ABŞ dolları kreditin vaxtı bitdiyi üçün İsmayıl Məhərrəmovun 23 yanvar 2017-ci il tarixli ərizəsinə əsasən girov qoyulmuş əmanətdən qeyd olunan kredit borcu silinib. 22 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən isə Məhərrəm Məhərrəmovdan miras qalmış sözügedən əmanətlər üzərində qızı İddiaçının vərəsəlik hüququ tanınıb. Əvvəla, işdən görünür ki, X12 sözügedən etibarnaməni oğlu İsmayıl Məhərrəmovun adına 21 dekabr 2008-ci il tarixdə verib, Banka qeyd olunan əmanətləri isə 05 dekabr 2013-cü il və 18 fevral 2014-cü il tarixli əmanət müqavilələr üzrə yerləşdirib. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, qeyd olunan hallara diqqət yetirməyib və İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən atası Məhərrəm Məhərrəmovun adından sözügedən kredit müqavilələrinin təminatı kimi sonradan Bankla bağladığı 03 mart 2015-ci il və 10 aprel 2015-ci il tarixli girov müqavilələrinin bilavasitə onun iradəsini ifadə edib-etməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmayıb. Digər tərəfdən, X6 öz sağlığında, yəni 19 avqust 2016-cı il tarixli vəsiyyətnamə üzrə digər əmlakları ilə yanaşı Bankda olan sözügedən əmanətləri də qızı İddiaçıya vəsiyyət etməsi hazırki iddia tələblərinin açıq-aşkar əsassız olması və onun sözügedən girov müqavilələrini sonradan bəyənməsi nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilib. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçidən üstün müdafiəyəyə malik olduğundan onun qanuni maraqları təmin edilsin. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Apellyasiya instansiyası məhkəməsi isə hesab etmişdir ki, Mülki Məcəllənin 359.3- cü maddəsindəki qadağa ancaq etibarnamə üzrə təmsil edənin özü ilə əqd bağlaması halını ehtiva edir Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən maddənin təfsirində səhvə yol verib və həmin maddənin məzmununa hərfi mənada yanaşmaqla onu daha dar çərçivədə təfsir edib. Belə ki, sözügedən maddədə şəxsin özü barəsində əqd bağlaması dedikdə- həmin şəxsin həm özü ilə əqd bağlamasını, həm də öz maraqları daxilində (öz xeyrinə) əqd bağlaması halını nəzərdə tutur. Eyni hüquqi mövşqe “M.Şahverdiyevanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli Qərarında da ifadə edilib. Belə ki, həmin Qərarda göstərilir ki, ilk növbədə aydanlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin etibarnaməni verməsində hansı əqdi bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunan iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Göründüyü kimi Mülki Məcəllənin 359.3-cü maddəsində qadağan olunan hal sadəcə təmsilçinin özü ilə əqd bağlamasını deyil, həmçinin təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamasını nəzərdə tutur. Ona görə də təmsilçinin əqdin hər iki tərəfində iştirak etməsi vacib şərt deyil. Hazırki halda təmsilçi İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən təmsil edilən Məhərrəm Məhərrəmovun adından şəxsən özü barəsində əqd bağlaması, yəni arvadı Elnarə Umbatovanın Banka olan kredit borcunun təminatı kimi X12a məxsus və İddiaçıya vəsiyyət edilmiş sözügedən əmanətləri girov qoyması və beləliklə də şəxsən özü barəsində əqd bağlaması mülki iş materialları ilə istisna edilmir. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, X8 Umbatovanın nikahda olmalarından girov müqavilələri bağlanarkən Bankın məlumatsız olduğunu və işin bu halını İsmayıl Məhərrəmovun şəxsiyyət vəsiqəsində subay qeyd edilməsi ilə əsaslandırmağa çalışsa da, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Belə ki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün təmsilçinin həmin maddədə nəzərdə tutulan qadağanı pozması kifayətdir və bunun üçün müqavilənin digər tərəfinin həmin pozuntunun iştirakçısı olması tələb olunmur. Əksinə, Bank bu pozuntunu bilib müqaviləni bağlamış olsaydı, o zaman bu mübahisə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri ilə deyil, həmin Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) tələbləri ilə edilməli idi. Bununla yanaşı, nəzərə alınmalıdır ki, X12 öz sağlığında vəsiyyətnamə qoyaraq sözügedən əmanət məbləğlərini qızı İddiaçıya vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə qızı İddiaçıya heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə heç bir qeydin olmaması halları girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) iradəsinin ifadə olunmamasını və ümumiyyətlə Məhərrəm Məhərrəmovun bundan xəbərsiz olmasını açıq şəkildə təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən əmanətdən kredit borcunun silinməsinə dair İsmayıl Məhərrəmov tərəfindən yazılı ərizələr verilərkən Banka münasibətdə etibarnamənin qüvvədə olduğunu, Məhərrəm Məhərrəmovun ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halını Bankın bilməyə borclu olmadığını göstərsə də, gəldiyi nəticənin hüquqi əsasını qətnamədə göstərməyib. Belə ki, Mülki Məcəllənin 366.1-ci maddəsinin mənasına görə, etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi etibarnamənin verilməsindən məlumatlı olan hüquq varislərinin üzərinə qoyulub. Hazırki halda iddiaçı, sözügedən əmanətlərin ona vəsiyyət edildiyini bilsə də, atası Məhərrəm Məhərrəmov tərəfindən qardaşı İsmayıl Məhərrəmovun adına etibarnamə verildiyindən məlumatlı olması mülki iş materialları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçının atası Məhərrəm Məhərrəmovun ölməsi ilə bağlı Banka məlumat vermək öhdəliyi də yaranmayıb. Əksinə, İsmayıl Məhərrəmov atası Məhərrəm Məhərrəmovun 03 sentyabr 2016-cı il tarixdə öldüyünü bildiyi halda, nəinki bu barədə Banka məlumat verib, hətta həmin tarixdən qüvvəsinə xitam verilmiş etibarnamədən sui-istifadə edərək 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixlərdə mərhum atası Məhərrəm Məhərrəmovun adından Banka yazılı ərizələr verərək arvadı Elnarə Umbatovanın götürdüyü kreditlərin sözügedən əmanətlərin hesabına silinməsinə nail olub. Halbuki, mülki qanunvericilikdə yalnız bir halda qüvvəsinə xitam verilmiş etibarnamənin üçüncü şəxslər barəsində öz qüvvəsini saxlaması təsbit edilib. Belə ki, Mülki Məcəllənin 366.2-ci maddəsinin mənasına görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini birildisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Maddənin dispozisiyasından da göründüyü kimi, qüvvəsinə xitam verilmiş etibarnamə əsasında yerinə yetirilən hərəkətlər nəticəsində yaranan hüquq və vəzifələr ancaq o halda üçüncü şəxslər barəsində qüvvəsini saxlayır ki, etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bilməmiş olsun. Başqa sözlə etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bildikdən sonra yerinə yetirdiyi hərəkətlər üçüncü şəxslər barəsində öz qüvvəsini saxlamır. Bu halda üçüncü şəxsin etibarnaməyə xitam verilməsini bilməməsi heç bir əhəmiyyət kəsb etmir. Kasassasiya instansiyası məhkəməsi, eyni zamanda iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, işdən, kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə deyil, 04 aprel 2018-ci il tarixdə müraciət edib. Bu hal, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli məktubunun, habelə həmin Məhkəmənin dəftərxana müdiri Namiq Cavadovun arayışının surətləri ilə də istisna olunmur. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan, iddiaçının 24 aprel 2017-ci il tarixdən məlumatlı olduğu halda, sözügedən girov müqavilələrinin etibarsızlığı ilə bağlı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə müraciət etməklə bir illik kəsici müddəti ötürməsinə dair işin halları barədə də səhv nəticəyə gəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan üzrə digər cavabdeh, üçüncü şəxs və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, X8 Umbatova birgə nikahda olduqları üçün, onlardan birinin götürdüyü kredit onların ümumi birgə mülkiyyəti (və ya ümumi borcları) sayılır. İsmayıl Məhərrəmov onun adına verilmiş etibarnamə əsasında atası Məhərrəm Məhərrəmova məxsus olan əmanəti arvadı Elnarə Umbatovanın götürdüyü kreditin təminatı üçün girov qoymaqla şəxsən özü barəsində əqd bağlayıb. Belə ki, İsmayıl Məhərrəmov sözügedən etibarnamədən Məhərrəm Məhərrəmovun maraqları baxımından deyil, öz maraqları üçün istifadə edib. 03 sentyabr 2016-cı ildə Məhərrəm Məhərrəmovun ölməsinə və sözügedən əmanətlər vərəsəlik üzrə 22 aprel 2017-ci ildə iddiaçıya keçməsinə baxmayaraq, İsmayıl Məhərrəmovun 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixli ərizələrinə əsasən arvadı Elnarə Umbatovanın sözügedən kredit borcu qeyd olunan əmanətin hesabına silinib. Lakin bu barədə İddiaçını məlumatlandırmayıb və etibarnamənin qüvvəsinə isə Məhərrəm Məhərrəmovun ölməsi ilə xitam verilib. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 359.1, 359.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin 337.1, 359.1, 359.3, 365.1.7, 366-cı maddəsinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə istinad edilmiş və diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir. Əvvəla, işdən aydın olur ki, X12 qeyd olunan etibarnaməni oğlu İsmayıl Məhərrəmova 21 dekabr 2008-ci il tarixdə verib, əmanətləri isə 05 dekabr 2013-cü il və 18 fevral 2014-cü il tarixli əmanət müqavilələri üzrə banka yerləşdirmişdir. İsmayıl Məhərrəmovun həmin etibarnaməyə əsasən atası Məhərrəm Məhərrəmovun adından kredit müqavilələrinin təminatı kimi sonradan bağladığı 03 mart 2015-ci il və 10 aprel 2015-ci il tarixli girov müqavilələrinin bilavasitə sonuncunun iradəsini ifadə etməmişdir. X6 öz sağlığında, yəni 19 avqust 2016-cı il tarixli vəsiyyətnamə üzrə digər əmlakları ilə yanaşı qeyd olunan əmanətləri də qızı İddiaçıya vəsiyyət etməsi də onun girov müqavilələrini sonradan bəyənmədiyini göstərir. X12 öz sağlığında vəsiyyətnamə qoyaraq sözügedən əmanət məbləğlərini qızı İddiaçıya vəsiyyət etməsi və həmin əmanətlərin yüklü olması barədə qızı İddiaçıya heç bir məlumat verməməsi, habelə vəsiyyətnamədə əmanət məbləğlərinin yüklü olması barədə heç bir qeydin olmaması halları girov müqavilələrinin bağlanmasında onun (etibar edənin) iradəsinin ifadə olunmamasını və ümumiyyətlə Məhərrəm Məhərrəmovun bundan xəbərsiz olmasını açıq şəkildə təsdiq edir. İkincisi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən edib. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilib. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçidən üstün müdafiəyəyə malik olduğundan onun qanuni maraqları təmin edilsin. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Şəxsin özü barəsində əqd bağlaması dedikdə - həmin şəxsin həm özü ilə əqd bağlamasını, həm də öz maraqları daxilində (öz xeyrinə) əqd bağlaması halını nəzərdə tutur. Eyni hüquqi mövşqe “M.Şahverdiyevanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli Qərarında da ifadə edilib. Belə ki, həmin Qərarda göstərilir ki, ilk növbədə aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin etibarnaməni verməsində hansı əqdi bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunan iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Demək, Mülki Məcəllənin 359.3-cü maddəsində qadağan olunan hal sadəcə təmsilçinin özü ilə əqd bağlamasını deyil, həmçinin təmsilçinin təmsil edilənin adından şəxsən özü barəsində əqd bağlamasını nəzərdə tutur. Ona görə də təmsilçinin əqdin hər iki tərəfində iştirak etməsi vacib şərt deyil. Hazırki iş üzrə İsmayıl Məhərrəmovun etibarnaməyə əsasən təmsil edilən Məhərrəm Məhərrəmovun adından şəxsən özü barəsində əqd bağlaması, yəni arvadı Elnarə Umbatovanın banka olan kredit borcunun təminatı kimi X12a məxsus və İddiaçıya vəsiyyət edilmiş sözügedən əmanətləri girov qoyması və beləliklə də şəxsən özü barəsində əqd bağlaması mülki iş materialları ilə təsdiq edilir. X8 Umbatovanın nikahda olmalarından girov müqavilələri bağlanarkən bankın məlumatsız olması, yəni şəxsiyyət vəsiqəsində subay kimi qeyd edilməsi iddianın əsasızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinin hazırki mülki mübahisəyə tətbiqi üçün təmsilçinin həmin maddədə nəzərdə tutulan qadağanı pozması kifayətdir və bunun üçün müqavilənin digər tərəfinin həmin pozuntunun iştirakçısı olması tələb olunmur. Əksinə, kassasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi bank bu pozuntunu bilib müqaviləni bağlamış olsaydı, o zaman bu mübahisə Mülki Məcəllənin 359.3-cü maddəsinin tələbləri ilə deyil, həmin Məcəllənin 339.1-ci maddəsinin (bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd) tələbləri ilə həll edilməli idi. Bundan əlavə, apellyasiya şikayətində göstərilən Elnarə Umbatova tərəfindən götürülmüş kredit vəsaitinin onların birgə mülkiyyəti sayılmayacağından əmanətin girov müqavilələri şəxsin özü barəsində bağladığı əqd hesab edilə bilməz, çünki Ailə Məcəlləsinin 32-ci maddəsində borcalanın nikah dövründə hər hansı kredit öhdəliyi götürməsi ümumi birgə mülkiyyət hesab edilməmişdir dəlilləri də əsaslı hesab edilə bilməz. Çünki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə əsasən nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən də ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Demək, nikah dövründə əldə edilmiş əmlak bölündüyü kimi, əldə edilmiş öhdəliklər, o cümlədən kredit öhdəlikləri də bölünür. Bununla əlaqədar, Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Apellyasiya şikayətinin digər dəlili olan əmanətlərdən kredit borcunun silinməsinə dair İsmayıl Məhərrəmovun yazılı ərizələri imzalamasının qanuni və əsaslı olması, banka münasibətdə etibarnamənin qüvvədə olması, Məhərrəm Məhərrəmovun ölümü nəticəsində etibarnaməyə xitam verilməsi halının bankın bilməyə borclu olmaması dəlili də əsaslı hesab edilə bilməz. Çünki, Mülki Məcəllənin 366.1-ci maddəsinin mənasına görə, etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi etibarnamənin verilməsindən məlumatlı olan hüquq varislərinin üzərinə qoyulub. Hazırki iş üzrə iddiaçı, sözügedən əmanətlərin ona vəsiyyət edildiyini bilsə də, atası Məhərrəm Məhərrəmov tərəfindən qardaşı İsmayıl Məhərrəmovun adına etibarnamə verildiyindən məlumatlı olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçının atası Məhərrəm Məhərrəmovun ölməsi ilə bağlı banka məlumat vermək öhdəliyi də yaranmayıb. Əksinə, İsmayıl Məhərrəmov atası Məhərrəm Məhərrəmovun 03 sentyabr 2016-cı il tarixdə öldüyünü bildiyi halda, nəinki bu barədə banka məlumat verib, hətta həmin tarixdən qüvvəsinə xitam verilmiş etibarnamədən sui-istifadə edərək 21 dekabr 2016-cı il və 23 yanvar 2017-ci il tarixlərdə mərhum atası Məhərrəm Məhərrəmovun adından banka yazılı ərizələr verərək arvadı Elnarə Umbatovanın götürdüyü kreditlərin sözügedən əmanətlərin hesabına silinməsinə nail olub. Halbuki, mülki qanunvericilikdə yalnız bir halda qüvvəsinə xitam verilmiş etibarnamənin üçüncü şəxslər barəsində öz qüvvəsini saxlaması təsbit edilib. Belə ki, Mülki Məcəllənin 366.2-ci maddəsinin mənasına görə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini birildisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Göründüyü kimi, qüvvəsinə xitam verilmiş etibarnamə əsasında yerinə yetirilən hərəkətlər nəticəsində yaranan hüquq və vəzifələr ancaq o halda üçüncü şəxslər barəsində qüvvəsini saxlayır ki, etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bilməmiş olsun. Başqa sözlə etibarnamə verilmiş şəxs etibarnaməyə xitam verildiyini bildikdən sonra yerinə yetirdiyi hərəkətlər üçüncü şəxslər barəsində öz qüvvəsini saxlamır. Bu halda üçüncü şəxsin etibarnaməyə xitam verilməsini bilməməsi heç bir əhəmiyyət kəsb etmir. Apellyasiya şikayətinə əlavədə iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə müraciət edənədək qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürməsi dəlili də əsaslı hesab edilə bilməz. Çünki, işdə olan sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbləri ilə Abşeron Rayon Məhkəməsinə 15 yanvar 2019-cu il tarixdə deyil, 04 aprel 2018-ci il tarixdə müraciət etmişdir. Bu fakt, işə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli məktubunun, habelə həmin Məhkəmənin dəftərxana müdiri Namiq Cavadovun arayışının surətləri ilə də istisna olunmur. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Demək, bu cür vəziyyətdə, hansısa müddətin, o cümlədən kəsici müddətin də keçməsindən söhbət gedə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh "xxxx" ASC-nin ("xxxx" ASC) apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin ("xxxx" ASC) apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3183/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1140/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1140/2022
24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver