Məhkəmə qərarları › İş №2(103)-1140/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1140/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1140/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, 2(002)-1408/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh1 arasında kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ona və ailə üzvlərinə (Cavabdeh2-həyat yoldaşı, Cavabdeh3-oğlu və X9-qızı) kirayəyə verilmişdir.

2. Müşfiqabad qəsəbəsi MKİS-in müxtəlif tarixli (xx.xx.2023-xx.xx.2024) aktlarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı əsasında Qaradağ rayon Müşfiqabad qəsəbəsi Qaçqınlar və X10 üzrə Dövlət Komitəsi tərəfindən uzun müddətli icarəyə götürülmüşdür. Qəsəbə ərazisində olan bütün yaşayış və qeyriyaşayış obyektləri Dövlət Qaçqın Komitəsinin balansında olmaqla dövlət mülkiyyəti sayılır. Dövlət Mülkiyyətində olan mənzillərin hər hansı şəxslər tərəfindən alqı-satqısı, bağışlanması, kirayə verilməsi, zəbt edilməsi qəti qadağan olunmuşdur. 22 saylı binanın 52 saylı mənzilini Ağdam rayonundan məcburi köçkün Cavabdeh1 və onun ailəsinə müvəqqəti yaşaması üçün verilmişdir. Lakin Cavabdeh1 qeyri qanuni yolla 22 saylı binanın 52 saylı mənzilini X1 vermişdir.Yuxarıda qeyd edilənlər dəfələrlə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Cavabdeh1 və həmin mənzildə kirayədə qalan X6 şifahi və yazılı xəbərdarlıq edərək nəzərinə çatdırılsa da bu qanun pozuntusunu aradan qaldırılmasını təmin etməmişdilər.

3. Elm və Təhsil Nazirliyinin Qaradağ Regional Təhsil İdarəsinin Ağdam rayon 33 nömrəli tam orta məktəbinin 28 iyun 2024-cü il tarixli arayışından görünür ki, X2 rayon 33 nömrəli tam orta məktəbində müəllim vəzifəsində işləyir.

4. Elm və Təhsil Nazirliyinin Qaradağ Regional Təhsil İdarəsinin Ağdam rayon sektoru üzrə 35 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X9 35 nömrəli tam orta məktəbində (ünvan:Xəzər rayonu, Binə qəsəbəsi) 11-ci sinfində oxuyur.

5. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 246 nömrəli məktəb-liseyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 Bakı şəhəri 246 nömrəli məktəb-liseyiində müəllim vəzifəsində işləyir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadələrinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilə dair 07 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması və “22/52” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil istismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 7 iyul 2015-ci il tarixli “22/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Qaradağ rayonu, Müşviqabad qəsəbəsi 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir.Sonradan Qaradağ rayon Müşfiqabad Mənzil Kommunal İstismar sahəsinin rəisi iiə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxs olan X5 qeyriqanuni kirayə verdiyi müəyyən edilmişdir və hal-hazırda Sərxan Ağakişiyev mənzildə qeyri-qanuni yaşayışını davam etdirir (bu barədə aktlar əlavə ounur). Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 52 nömrəli mənzildə yaşamadıqlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirililərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq etsə də nəticəsi olmamışdır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, saqıslamaq. başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləsdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən, Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Komitənin Mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsindəki 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilin cavabdehə verilməsi ilə bağlı 7 iyul 2015-ci il tarixli il 22/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. 7 iyul 2015-ci il tarixli il 22/52 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən, Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2. kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3. yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4.yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə .etirilmədikdə; 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini cağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla corunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə; 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri ((Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Cavabdeh1 və ailə üzvlərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, 22 saylı binada yerləşən 52 nömrəli 2 otaqlı mənzilində yaşamadığı müəyyən edildiyindən onunla bağlanılmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə Pərvizgilə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli mənzilində yaşayır. O, mənzil ilə təmin olunmamışdır. Bu haqda Nazirlikdən ona ev ayrılmasını xahiş etdikdə, ona cavab olaraq ondan daha pis vəziyyətdə yaşayanların olduğu bildirilərək, gözləməsini təklif etmişdilər. Onun yoldaşı həmin ərazidə-qəsəbədə olan məktəbdə müəllim vəzifəsində işləyir. Uşaqları isə oradakı məktəbdə təhsil alırlar. Rövşəngil ilə lap əvvəldən münasibətləri olmuşdur. Uşaqlıq dostlarıdır. Pərvizgilin ailəsi hər həftəsonu gəlib, həmin evdə qalırlar. Həmin vaxt onlar isə qohumlarıgildə qalmağa məcburiyyətində olurlar.

9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1408/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış 7 iyul 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7-ci və 5.7.1 maddələrinə əsasən kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xususi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

11. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələbində cavabdehlərin ailə üzvləri də qeyd edilmiş, lakin onun dəqiq adı qeyd edilməmişdir. Həmin hal iddiaçının nümayəndəsi fikrini onunla əsaslandırmışdır ki, yetkinlik yaşına çatmayan Ayanı nəzərdə tutublar deyə qeyd etməyiblər. Həmçinin müəyyən edildi ki, cavabdeh Tuncay da yetkinlik yaşına çatmayıb, lakin həmin evdə yaşamır, oxumaq üçün Naxcıvana getmişdir. Cavabdehlər tərəfindən həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtləri pozulmuşdur. Bu hal isə öz növbəsində həm mənzil qanunvericiliyinin, həm də müvafiq müqavilənin şərtlərinə əsasən tərəflər arasında bağlanılmış müvafiq müqavilənin ləğv edilməsi və cavabdehin həmin mənzildən çıxarılması üçün əsasdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 82.3, 82.4, 91.2, 91.3, 96, 98.1, 98.2, 99.1, 99.4, 100.1, 100.2 və 100.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1408/2024 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamədə qeyd olunub ki, X4 qeyri-qanuni, kirayə yaşaması barədə müvafiq akt tərtib olunub, lakin məhkəmə prossesi zamanı iddiaçı tərəfindən heç bir akt təqdim edilməmişdir. X4 qeyriqanuni, kirayə yaşaması məhkəmə prossesi zamanı sübuta yetirilməmişdir. Bundan əlavə iddiaçı tərəf bildirmişdir ki, 7 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün o ailə üzvləri ilə birlikdə təmin edilmişdir, lakin Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən heç bir müqavilə təqdim edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində Qaradağ rayon Müşviqabad Mənzil Kommunal İstismar Sahəsi tərəfindən ona, Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri haqqında arayış təqdim edilmişdir hansı ki, onun, Cavabdeh2 və Cavabdeh3 sözügedən mənzildə yaşadıqlarını sübut edir. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, iş materiallarında olan kirayə müqaviləsindəki imza onun qardaşına məxsus deyildir. Qardaşı ümumiyyətlə o müqaviləni görməmişdir. Cavabdeh1 övladı Naxçıvanda ödənişli əsaslarla təhsil alır, dövlətin vermiş olduğu imtiyazlardan istifadə etmək üçün Cavabdeh1 yaşayış yerindən arayış lazım olduğuna görə MİS-ə müraciət etməli idi. MİS-də onun həmin vəzyyətindən istifadə edərək ona izahat yazdırıblar. Cavabdeh1 Bakıda yaşayır, lakin İmişlidə işləyir. Mehri xanım Bakıda yaşayır, lakin onun anasının gözləri tutulduğuna görə anasının yanında nənəsinin evində yaşayır. Tuncay Naxçıvanda oxuyur, Ayan da orta məktəbi bu il bitirəcək. Ayan anası ilə birgə nənəsinin yanında yaşayır. Mübahisəli evdə hazırda Sərxan adlı şəxs yaşayır, hazırda onların da evi yoxdur. Pərvizgil öz evlərinə gələn zaman Sərxangil bacısıgildə yaşayırlar. Onları Ağdama köçürtsələr orada yaşayacaqlar. 17.Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz etmiş, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçnin bildirmişdir ki, yoxlama nəticəsində müəyyən olunmuşdur, mübahisəli mənzildə başqa şəxsin yaşayışı müəyyən olunmuşdur. Daha sonra həmin şəxsin Ağakişiyev Telman olduğunu müəyyənləşdirilmişdir. Müqavilədə adıgedən şəxslərin orada yaşamadığı müəyyən olduğundan onlar məhkəməyə verilmişdir. Hazırda cavabdehin nümayəndəsi də təsdiq edir ki, həmin şəxslər mübahisəli mənzildə yaşamırlar. Bu mənzillər xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında məcburi köçkünlərə verilmişdir

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin apellyasiya şikayətini vermiş cavabdehə münasibətdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

23.91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 24.91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 25.91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. 26.96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 27.98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 28.99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 29.99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 30.100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 31.102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 32.107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun

33.4 (1-ci hissə) Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi;nəqliyyat və mənzil-kommunal və digər güzəştləri; 34.5 (1-ci hissə, birinci cümlə) Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

35.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəcam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36.157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 37.157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 38.158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 39.404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcəmüqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 40.404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədənmüqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 41.421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

42. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

43. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma,əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 44.425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 45.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 46.675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 47.686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. 48.697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №-li Qərarının 49.Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 50.Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 51.Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 52.Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

Komitənin Mənzil-istismar Departamenti ilə Cavabdeh1 arasında Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsindəki 22 saylı binada 52 nömrəli 2 otaqlı mənzilin kirayə verilməsi ilə bağlı bağlanmış 7 iyul 2015-ci il tarixli il 22/52 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən,

53.Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2. kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3. yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4.yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. 54.Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə; 55.5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri ((Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

56.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

57. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 59.Belə ki, iddianın tərəflər arasında bağlanmış müqavilənin ləğvinə dair hissəsinin qanuni əsasını Mənzil Məcəlləsinin 100.3-cü maddəsi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə ... xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) təşkil edir. 60.Həmin normanın dispozisiya şərtlərinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməsi üçün kirayə müqaviləsi üzrə vəzifələr kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən yerinə yetirilməməlidir. 61.Belə ki, yuxarıda sadalanan normaların dispozisiya şətrlərinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələrini yerinə yetirmədikdə, o cümlədən yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə; habelə məcburi köçkün ailəsi müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsində faktiki yaşamadıqda, yaxud yaşayış sahəsini başqasının istifadəsinə verdikdə və sair digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 62.Hazırda iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 22 saylı binada 52 nömrəli iki otaqlı mənzilin dövlət fonduna aid olmaqla, xüsusi təyinatlı yaşayış sahəsi sayıldığını, həmin mənzilin dair 7 iyul 2015-ci il tarixli “22/52” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Cavabdeh1 və onun ailə üzvlərinin müvəqqəti istifadəsinə verildiyini, lakin onların həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədiklərini, mənzili üçüncü şəxslərin istifadəsinə verdiklərini göstərərək, kirayə müqaviləsinin ləğv edilərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxmalarını və mənzili boşaldaraq ona təhvil vermələrini iddia edir. 63.İddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin 7 iyul 2015-ci il tarixli “22/52” nömrəli kirayə müqaviləsinin 5.4-cü bəndi ilə nəzərdə tutulan belə vəzifələr kimi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) Müqavilənin 5.7.1 və 5.7.2-ci bəndlərinə (kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) istinad edir. 64.Cavabdehlər isə Ağdam rayonundan məcburi köçkün düşməklə kirayə müqaviləsi əsasında ona və ailə üzvlərinə verilmiş mənzildə həftəsonu yaşadıqlarını, mövcud vəziyyətin müvəqqəti olduğunu, müvafiq məsələlərin öz həllini tapdıqdan sonra daimi olaraq sözügedən mənzildə yaşamağa davam edəcəyini bildirərək, iddiaya etiraz edirlər. 65.Göründüyü kimi tərəflər arasındakı hazırkı mübahisə, məcburi köçkün ailəsi kimi cavabdehlərin müvəqqəti olaraq istifadələrinə verilmiş mübahisəli mənzildə iddia olunan müddətdə yaşayıb-yaşamamaları, onların həmin mənzili üçüncü şəxslərə veribverməmələri, başqa sözlə cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxıb-qalxmaması ilə bağlı yaranıb. 66.Qeyd edilməlidir ki, cavabdehlərin mübahisəli mənzildə 3 aydan artıq müddətdə yaşamamaları onların özlərinin izahatları ilə də inkar olunmur. Həmçinin cavabdehlərin mənzilə olan ehtiyaclarının aradan qalxması iddiaçının əməkdaşları tərəfindən tərtib edilib imzalanmış aktlarla, həmçinin şahid qismində dindirilmiş X4 ifadəsi və Cavabdeh1 nümayəndəsi Nümayəndə2 izahatı ilə də təsdiq olunur. 67.Məhkəmə hesab edir ki, cavabdeh-kirayəçi üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır.

68. İddiaçının “cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və ailə üzvləri ilə birlikdə 52 nömrəli iki otaqlı mənzildən çıxarılması və bu mənzilin boşaldılaraq Komitənin Mənzil istismar Departamentinə təhvil verilməsi”nə dair tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 102.1-ci maddəsi təşkil edir.

69. Həmin normanın dispozisiya şərtlərinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilə əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Yaşayış sahəsini boşaltmaqdan imtina edən vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

70. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı (hazırkı halda Azərbaycan Respublikasının adından onun hüquqi şəxs olmayan orqanı) cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçisidir, aralarında yaranmış öhdəlik hüquq münasibətlərinə və bununla da cavabdehlərin həmin mənzil üzərində titul sahibliyinə xitam verilmişdir. Buna baxmayaraq cavabdehlər iddiaçıya məxsus hüquqların sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradırlar, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

71. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 72.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 73.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1408/2024 saylı, 10 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar