Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1141/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-1141/2023 (Açar sözlər: kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(004)-3595/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. 2.Nikaha daxil olduqdan sonra cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzildə qeydiyyata alınmışdır və hal-hazırda orada yaşayır. 3.Cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozduğundan onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini istəyir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı "kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pul ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Qeyd edir ki, nikaha daxil olduqdan sonra cavabdeh mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzildə qeydiyyata alınmışdır və hal-hazırda orada yaşayır. Cavabdehin həmin mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnu pozduğundan onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini istəyir. Suala cavab olaraq bildirir ki, 18000 manat kompensasiya ödəməyə razıdır. Ondan artıq ödəyə bilməz. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, birgə nikahdan olan uşaq xəstədir və müalicə xərcləri vardır. İddiaçının aliment borcu vardır və ödəmir. Bu tələbə bir dəfə baxıldığından təkrar baxıla bilməz. Suala cavab olaraq bildirir ki, evin qiyməti 120000 manat idi. İddiaçı 80000 manat versə razı olar, 18000 manata isə razı deyil, o pula ev ala bilməz. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmetlə bağlı eyni mübahisə olduğundan hazırkı işə xitam verilməlidir. Əlavə olaraq bildirir ki, iddia predmeti baxış mərhələsində dəyişdirilə bilməz. 18000 manat məbləğində kompensasiyanı qəbul etmir. İş üzrə icraata xitam verilməsini xahiş edir. 8.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 noyabr 2022-ci il tarixli, 2(004)-3595/2022 saylı qətnaməsi ilə (hakim-Günay Axundova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməsi, ödənilmiş dövlət rümunun iddiaçıya aid edilməsi, keçirilmiş 200 manat dəyərində ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat pul İddiaçı və 100 (yüz) manat pulun Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB********************, müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilməsi qət edilmişdir. 9.İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. 10.İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 869 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. 11.İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 227170 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. 12.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2528/2016 saylı, xx.xx.2016cı il tarixli qətnaməsindən müəyyən olunur ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququ tanınmış, İddiaçı Cavabdeh qarşı 10800 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. 13.İş materiallarında olan "xxxx" MMC-nin 02-123/22 saylı, xx.xx.2022-ci il tarixli ekspert (mütəxəssis) rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilin xx.xx.2022-ci il tarixə kirayə dəyəri 500 manat təşkil edir. 14.Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehlə xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Tərəflər arasında nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsilə cavabdehin həmin mənzilə istifadə hüququ tanınmışdır. Hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır və orada yaşayır. 15.İddiaçı onun mülkiyyətində olmaqla mübahisə predmeti olan mənzildə cavabdehin qeydiyyatda olması və orada yaşamasının onun mülkiyyət hüquqularını pozduğunu bildirərək cavabdehin mənzildən istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsini xahiş edir, cavabdeh isə kompensasiya məbləği ilə razı olmadığını bildirir. Həmçinin eyni tərəflər arasında eyni predmetlə bağlı mübahisə ilə bağlı məhkəmə qətnaməsinin olduğnu bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı tələbində 6000 manat kompensasiya ödənilməsini təklif etsə də, iş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan mənzilin kirayə dəyəri 500 manat təşkil edir. Məhkəmə oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehə 3 il üzrə kompensasiya hesablanmalıdır. Bu halda cavabdehə 18000 manat (500x12x3=18000) məbləğində kompensasiya müəyyən edilir. 17.Məhkəmə iddiaçının 18000 manat məbləğində kompensiya ödəməyə razı olmasını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh mənzilə istifadə hüquqununa 18000 manat kompensasiya ödənilməklə xitam verilməlidir. 18.Məhkəmə qeyd etmişdir ki, hər iki tərəf ekspertizanın keçirilməsini tələb etdiyindən və iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci tərəflərdən tutulmalıdır. 19.Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 9, 60 saylı mənzilə istifadə hüququna Cavabdeh 18000 (on səkkiz min) manat kompensasiya ödənilməklə xitam verilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Konstitusiyasının 13-cü maddəsinin 1-cü hissəsi, 29-cu maddəsinin 2-ci bəndi; Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 152.5, 228.2; Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 10800 manat məbləğində pul kompensasiyası verilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 9 saylı evin, 60 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2016-cı il tarixli 2(103)-2528/2016 №li qətnaməsiilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair 2(004)-3595/2022 saylı mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3595/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
24.Məhkmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında qeyd etdi ki, uşağı yetkinlik yaşına çatmışdır, onunla bir otaqda yaşamağı alınmır, buna görə də kompensasiya məbləği ilə razı deyil. 25.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, əlavə olaraq izahatında qeyd etdi ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, kompensasiya məbləği iddianın predmeti ola bilməz, həmçinin Yasamal Rayon Məhkəməsi tərəfindən kifayət qədər yüksək məbləğdə kompensasiya məbləği müəyyən edilmişdir. Buna görə də qətnaməni qanuni və əsaslı hesab edərək, onun dəyişdirimədən saxlanmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının: 27.13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 28.29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 29.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 30.Maddə 152.5.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 31.Maddə 228.2.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 33.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(004)-3595/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Kollegiya qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ildə yaranmış və buna görə də mövcud mübahisə üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı nəzərə alınmalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 40.İşin faktiki hallarından görünür ki, tərəflər arasında nikah 30 dekabr 2008-ci il tarixdə bağlanmışdır və həmin vaxt mənzilin mülkiyyətçisi 25 aprel 2008-ci il tarixdən etibarən İddiaçı olmuşdur. Cavabdeh mübahisə predmeti olan mənzilə istifadə hüququ qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınmışdır. 41.Kollegiya apellyatorun iş üzrə icraata xitam verilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına əsasən yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. 42.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. 43.İddiaçı tələbində 6000 manat kompensasiya ödənilməsini təklif etsə də, məhkəmə tərəfindən iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan mənzilin kirayə dəyəri 500 manat təşkil etməsini, oxşar işlərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, cavabdehə 3 il üzrə kompensasiya hesablanmalıdır. 44.Buna görəə də, məhkəmə cavabdehə 3 il üçün 18000 manat (500x12x3=18000) məbləğində kompensasiya müəyyən etmişdir. 45.Məhkəmə iddiaçının 18000 manat məbləğində kompensiya ödəməyə razı olmasını nəzərə alaraq qeyd etmişdir ki, Cavabdeh mənzilə istifadə hüquqununa 18000 manat kompensasiya ödənilməklə xitam verilməlidir. 46.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 49.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(004)-3595/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov