Məhkəmə qərarları › İş №2(103)-1142/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1142/2023

16.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1142/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-498/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə quraşdırılmış İtron G4 markalı qaz sayğacı İddiaçı adınadır. Abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə ona 2203,20 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən xx.xx.2020-ci il tarixində tərtib edilmiş aktdan görünür ki, həmin ünvanda sayğacdan kənar təbii qazdan istifadə aşkar olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı – ünvan 1 ünvanına Cavabdeh tərəfindən qanunsuz əsasla yazılmış 2203,20 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında Cavabdeh işçiləri əraziyə texniki baxış keçirmişlər və iddiaçının həyətindəki yardımçı tikilinin üstündən qaz xətti keçmişdir, həmin qaz xəttinə iddiaçıya məlum olmayan şəxs tərəfindən əlavə xətt çəkilmişdir. Cavabdeh İstehsalat Biliryinin işçiləri tərəfindən iddiaçıya aid olması barədə AKT tərtib edilmişdir. Halbuki, həmin əlavə xəttin iddiaçının həyətinə, evinə və ya yardımçı tikilisinə aidiyyatı yoxdur. Həmin əlavə xətt hazırkı günə kimi açıqıdır və iddiaçı kimlər tərəfindən istifadə edildiyini bilmir. Həmçinin, əlavə xəttə görə iddiaçıya Akt tərtib edib cərimə yazan şəxslər həmin əlavə xəttinin hazırkı vaxta kimi işləməsinə imkan verir. Qeyd edilən hadisə barədə Akt-ın tarixləri yanlışdır, həmin hadisə 2020-ci ilin noyabr ayında olduğu halda, xx.xx.2020-ci il tarixdə akt yazılmışdır ki, buda qanunla qadağa olunur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-498/2022 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia təmin edilmiş, ünvan 1 ünvanı (Abonent kodu: **********00000) üzrə İddiaçı hesablanmış 2203,20 (iki min iki yüz üç manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, 42,04 (qırx iki manat dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə məhkəmə tərəfindən yerində müayinə təyin edilmiş və ünvan 1 ünvanında sayğacdan kənar xətt aşkar edilsə də, həmin kənar xəttin İddiaçı məxsus fərdi yaşayış evinə çəkilməsi öz təsdiqini tapmamış, iddiaçının təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2203,20 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin göstərilən hal məhkəmə araşdırılması zamanı və ünvana keçirilmiş yerində müayinə nəticəsində öz təsdiqini tapmamışdır.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 2203,20 manat məbləğində borc silinməlidir.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, AR MM-in 448.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 2203.20 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı koduna yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin 1-ci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 16.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 20.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 21.1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 22.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun

23. 6.2-ci maddəsi üzrə bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır.

24. 20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

25. 22-ci maddəsinə əsasən Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın:

26.1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 27.3.4.1-cü bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 28.4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 29.6.5-6.7-ci bəndələrinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

30. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

31. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

37. 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

38. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

39. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin o hallarına istinad etmişdir ki, iddiaçıya məxsus ünvanda məhkəmə tərəfindən yerində müayinə aparılarkən həmin ünvanda sayğacdan kənar xəttin olması müəyyən edilsə də, bu xəttdən iddiaçının istifadə etməsi təsdiqini tapmamışdır. Məhz bu hala istinad etməklə məhkəmə cavabdeh tərəfindən tərtib edilmiş aktı qanunsuz hesab edərək, bu akt əsasında hesablanmış borcu da əsassız saymışdır.

40. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulmaqla qazın talanmasına dair akt xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir.

41. Məhkəmə tərəfindən həmin ünvanda müayinə isə xx.xx.2022-ci ildə, yəni həmin aktın tərtib edilməsindən və pozuntunun aşkar edilməsindən iki ilə yaxın müddət keçdikdən sonra aparılmışdır.

42. Kollegiya hesab edir ki, pozuntunun aşkar edildiyi andan bu qədər uzun müddət ötdükdən sonra həmin ünvana baxış keçirilməklə, iki il əvvəl pozuntunun olub-olmadığını müəyyən etmək ağlabatan deyil.

43. Bundan başqa, kollegiya nəzərə alır ki, həm xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən, həm də məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə müayinə aparılarkən qanunsuz qoşulmaya dair fotoşəkillər çəkilmişdir və bu fotoşəkillər iş materiallarına əlavə edilmişdir.

44. İddiaçı tərəf həmin fotoşəkillərdə onun yaşadığı ünvanın əks olunmasını mübahisələndirməmişdir.

45. Qeyd edilən fotoşəkillərin təhlili göstərir ki, xx.xx.2020-ci il tarixdə qanunsuz qoşulma elastik (rezin) boru (şlanq) vasitəsilə olmuşdur. Məhkəmə tərəfindən yerində müayinə zamanı xx.xx.2022-ci il tarixli fotoşəkillərdə isə qoşulmanın metal boru vasitəsilə olduğu görünür.

46. Bu isə onu deməyə əsas verir ki, cavabdeh təşkilat tərəfindən 2020-ci ildə aşkar edilmiş qanunsuz qoşulma xətti hazırda həmin ünvanda mövcud olan və iddiaçıya aidiyyatının olması təsdiq edilməyən xətt deyil, başqa xəttdir.

47. Ümumiyyətlə kollegiya hesab edir ki, qaz şəbəkəsinə qanunsuz qoşulmuş xəttin abonentə aid olan ünvanda yerləşməsi halında, bu xəttin onun istifadə olmamasına dair gətirdiyi dəlil əsaslı hesab edilə bilməz.

48. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının yaşadığı ünvanda qaz xəttinə qanunsuz qoşulma halı baş verdiyindən, həmin qoşulma nəticəsində ziyanın hesablanaraq ondan tələb edilməsi qanuna müvafiq olmuşdur.

49. Lakin kollegiya hesab edir ki, ziyanın məbləği cavabdeh təşkilat tərəfindən düzgün müəyyən edilməmişdir.

50. Belə ki, iş materiallarında olan abonent saldosunda qeyd edilən məlumatlardan görünür ki, iddiaçının istifadəsində bir ədəd PQ-4 markalı qaz cihazı və bir ədəd qızdırıcı radiator peçi vardır.

51. Lakin tərtib edilmiş aktdan görünür ki, dəymiş ziyanın məbləği bir ədəd PQ-3 və bir ədəd kombiyə görə hesablanmışdır.

52. Lakin iddiaçının istifadəsində müqavilədən kənar cihazın – kombinin olması iş materialları ilə sübuta yetmir.

53. Bundan başqa, aktdab görünür ki, hesabat müddəti kimi aktın tərtib edilməsindən əvvəlki 270 gün nəzərə alınmış, gündəlik sərfiyyat isə 24 saat üçün hesablanmışdır.

54. Kollegiya hesab edir ki, bu qaydada hesabatın aparılması qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

55. Belə ki, “X2”nın 2.7-ci bəndinə əsasən FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər.

56. Göründüyü kimi, qaz şəbəkəsinə texniki baxışın ən azı altı ayda bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, iddiaçının istifadə etdiyi qaz şəbəkəsinə akt tərtib edilməmişdən ən azı altı əvvəl baxış keçirilmiş və hər hansı qanunsuz qoşulmanın olduğu müəyyən edilməmişdir.

57. Belə olan halda dəymiş ziyanın altı ay (180 gün) üçün deyil, doqquz ay (270 gün) üçün hesablanmasını kollegiya işin hallarına uyğun hesab etmir.

58. Həmçinin kollegiya hesab edir ki, ziyanın hesablanması zamanı iddiaçının istifadəsində olan qaz cihazlarının gündəlik 24 saat ərzində maksimal sərfiyyatının nəzərə alınması da düzgün olmamışdır.

59. Belə ki, bu cür hallarda ziyanın məbləği hesablanarkən qaz paylayıcısı tərəfindən SOCAR-ın kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli 11 saylı qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydaları”na istinad olunur. Qeyd edilən qaydalarda isə qazın sərfiyyatının PQ-4 qaz cihazı üçün qış aylarında 8 saat, yay aylarında isə 6 saat gündəlik istifadə edilməsi nəzərə alınmaqla hesabatın aparılması müəyyən edilmişdir.

60. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə cavabdehə dəymiş ziyanın məbləği yuxarıda göstərilən hallar nəzərə alınmaqla müəyyən edilməlidir.

61. Bu cür hesablama ilə dəymiş zərərin məbləği aşağıdakı kimi müəyyən edilmiş olacaqdır:

62. 30.12.2021-ci il tarixli akt üzrə 1 ədəd PQ-3 qaz cihazına görə həmin cihazın maksimal sərfiyyatı 0,8 m3, gündəlik qazdan istifadə yay ayları üçün 6 saat, qazdan qanunsuz istifadə 135 gün olmaqla (0,8m3 x 6 saat x 135 gün) 648 m3, qış ayları üçün gündəlik qazdan istifadə 8 saat, qazdan qanunsuz istifadə 45 gün olması nəzərə alınmaqla (0,8m3 x 8 saat x 45 gün) 288 m3, cəmi 936 m3 qaz itkisi müəyyən edilir.

63. İddiaçıya borc hesablanarkən itirilmiş qazın 1 m3-nin qiyməti 0,10 qəpikdən hesablandığından, qeyd edilən akt üzrə qaz itkisinə görə ziyanın məbləği 93,60 manat təşkil etməsi müəyyən edilir.

64. Deməli, iddiaçıya hesablanmış 2203,20 qəpik borcun 2109,60 manat hissəsi (2203,2 – 93,60 = 2109,60) əsassız olmuşdur.

65. Kollegiya qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır.

66. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddiaçının qazdan qanunsuz istifadə etməsi ilə bağlı dəymiş ziyana görə ona hesablanmış borcun 2109,60 manat hissəsi silinməli, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdir.

67. Kollegiya qeyd edir ki, hazırkı iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh İB QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-498/2022 saylı qətnaməsi qismən ləğv edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********00000) üzrə İddiaçı hesablanmış borcun 2109,60 (iki min yüz doqquz manat altmış qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar