Məhkəmə qərarları › İş №2(103)-11435/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11435/2021

13.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11435/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-106/2021 saylı, 29 sentyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 ünvanının qonşuluğunda aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-106/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ********************; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və X4 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə; Torpaq Məcəlləsinin 111-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarına istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 İddiaçı adına qeydiyyata alındığı müəyyən edildi. İddiaçıya məxsus əmlaka təhlükə yarada biləcək və tikinti normalarına zidd olan cavabdeh tərəfindən inşa edilmiş hər hansı qeyri-qanuni tikilinin mövcudluğu iş materiallarında olan dəlillərlə öz təsdiqini tapmır. İş materiallarında olan sübutları ekspert rəyi ilə yanaşı yoxlayaraq məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi ünvanda cavabdeh tərəfindən hər hansı qanunsuz tikinti işləri aparılmamışdır. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh qanuni əsaslarla ona ayrılmış ərazidə hər hansı qeyri-qanuni tikinti aparmamış və tikinti normalarını pozmamışdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında formlaşdırdığı hüquqi mövqeyə görə.... ikinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın tam olaraq təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı iddia tələb(lər)inin qanuni əsası kimi Mülki Məcəllənin 180.1, 180.4, Torpaq Məcəlləsinin 111-ci maddələri nəzərdən keçirilə bilər. Ancaq iddianın faktiki əsası (faktiki hallar) müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə cavabdehin iddiaya etirazı və təqdim etdiyi sənədlər də iddianın faktiki hallarının dispozisiya əlamələri ilə uzlaşmadığını açıq-aşkar təsdiq edir. İkincisi, cavabdeh tərəfindən mübahisəli ünvanda inşa olunan çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 02 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən icazə verilmişdir. Demək, bu yüksək mərtəbəli binanın layihələndirilməsi və tikintisi qanunsuz olmamışdır. İddiaçı həmin binanın yüksək təhlükə mənbəyi kimi qeyd etməməsini, iddianın əsasını təşkil edən əsas məqamın insan həyat və sağlamılığının təhlükədə olması, ciddi şəkildə insan faciəsinə çevriləcək hadisə ilə bağlı olsa da məhkəmənin bu hissəyə ötəri yanaşdığını göstərsə də bu dəlillər də tikintinin qanunsuz olduğuna dəlalət etmir və avtomatik olaraq inşa olunan yüksək mərtəbəli binanın sökülməli olmasını labüd etmir. Belə ki, iddia tələbi tikintinin qanunsuz olduğuna görə sökülməsi ilə bağlıdır. Əlbətdə ki, tikinti fəaliyyəti və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Ancaq iddiaçı yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyi yaxud da tikinti fəaliyyətinin qanunvericiliyin tələbinə uyğun aparılmasını cavabdehdən tələb etmir. Tələbi yalnız tikintinin qanunsuz hesab edilərək sökülməsi ilə bağlıdır. Bu cür vəziyyətdə iddiaçının tələbi təmin edilə bilməzdi ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdi. Üçüncüsü, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti texniki ekspertiza təyin edilərək rəy alınmışdır. Ekspertiza rəyində də cavabdeh tərəfindən tikinti norma və qaydalarına uyğun olmayan tikilinin inşa edilmədiyi göstərilmişdir. Düzdü, ekspert qarşısında qoyulan 2 və 3-cü suallar üzrə cavabdeh tərəfindən aparılan qazıntı və tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun və sərəncama əlavə olunmuş 22.09.2016-cı il il tarixli Akt ilə ayrılmış sahədə həyata keçirildiyi nəzərə alınaraq tədqiqat aparılmadığı göstərilmişdir. Ancaq qeyd olunan sualların məzmununa diqqət yetirdikdə aydın olur ki, həmin suallar əslində hazırki iddianın mahiyyəti ilə bağlı deyil, daha çox tikinti fəaliyyətinin qanunvericiliyin tələbinə uyğun aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı ola bilərdi. Bundan əlavə, tikinti, qazıntı və söküntü zamanı iddiaçıya məxsus evin təhlükəyə məruz qalıb-qalmaması yaxud həmin evin həyətində insan həyat və sağlamlığına təhlükənin olub-olmamasına ekspertin iddiaçını qane edəcək rəyi olsa belə yenə də bu hallar hazırki iddianı əsaslı və mütləq təmin edilməli olmasını labüd etməyəcəkdir. Çünki, qeyd olunduğu kimi iddiaçı yalınz göstərdiyi hallara görə tikintini qanunsuz hesab edir və sökülməsini tələb edir. Lakin iddiaçının göstərdiyi hallar cavabdehə ayrılmış torpaq sahəsində və tikinti norma və qaydalarının tələblərinə uyğun, artıq xeyli hissəsi inşa olunmuş yüksək mərtəbəli binanın sökülməsi üçün heç bir halda əsas ola bilməz. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Lakin hazırki iş üzrə əlavə yaxud təkrar ekspertizanın keçirilməsinə hər hansı bir əsas və zərurət yoxdur. Dördüncüsü, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Tərəflərin nümayəndə və vəkillərinin apellyası baxışı zamanı verdikləri izahatların məzmunundan da bəlli oldu ki, əslində bu iddia cavabdehin iddiaçıya məxsus evin alınmasında qiymətlə bağlı razılığa gələ bilmədikləri üçün qarşı tərəfə təsir məqsədilə qaldırılmışdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı rədd etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür münasibətlər zamanı hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki prosessual hüquqda iddianın əsassızlığına görə rədd edilməsi institutunun yaranmasına zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçının mübahisələndirdiyi hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-106/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar