Məhkəmə qərarları › İş №2(103)-1144/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1144/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1144/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, cavabdeh ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X15 iştirakları ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və "X7 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1640/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş xx xxxx 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASC-nin ləğvedicisi ipoteka predmetini «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməsi və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən mənzil iddiaçının mərhum həyat yoldaşı X3 mülkiyyətində olmuşdur. Əmlak birgə nikah dövründə əldə edilmişdir. Abdullayev Məhiyəddin xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Əmlak birgə nikah dövründə əldə edildiyindən hazırda mübahisəsi gedən mənzil ümumi mülkiyyətdə olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(105)-1063/2015 saylı qətnaməsi ilə “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birlikdən 2.151.470 (iki milyon bir yüz əlli bir min dörd yüz yetmiş) manat və X1 358.607,32 (üç yüz səkkiz min altı yüz yeddi) manat pulun tutulması və tutmanın X2mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və digər ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş birinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(82)-3904/2016 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmışdır. Məhz sözügedən qərardadın icrası ilə əlaqədar olaraq hərrac dayandırılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)-425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Artıq hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş və hərrac yenə də baş tutmamışdır. Daha sonra qanunvericilikdə nəzərdə tutulmayan “3-cü hərrac” isə xx xxxx 2018-ci il tarixdə keçirilmiş və nəticə etibarı ilə xx xxxxx 2018-ci il tarixdə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu əmlakı qəbul etmiş və bununla bağlı olaraq həmin tarixdə də əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilmiş “3-cü hərrac” tamamilə qanunsuz olmuş və əmlakın ipoteka saxlayan tərəfindən götürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət məhz xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı və xx xxxx 2018-ci il tarixdə başa çatmışdır. Belə olduğu halda ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Keçirilmiş “3-cü hərracla bağlı olaraq qeyd edilməsi zəruridir ki, Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən də hesab edirik ki, mübahisəsi gedən mənzilin satılmasına dair keçirilmiş xx xxxx 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASC-nin ləğvedicisi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzili «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindəqeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1640/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, qətnamənin maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nüsrət Hüseynov iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəfa Qədirova isə apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə hərrac keçirilməmişdir. İddiaçı tərəfin fevral ayında hərracın keçiriləcəyi ilə bağlı təqdim etdiyi bildiriş iş materiallarında olsa da, bununla bağlı nə elan verilmiş, nə də tərəflərə bildiriş göndərilmişdir. 28 fevrala hərrac planlaşdırılmış, lakin keçirilməmiş, 7 marta təxirə salınmışdır. Sadəcə bildiriş çap olunmuş, işin içinə qoyulmuşdur. Hərrac keçirilsə idi, protokol və KİV-də bu barədə elan olardı. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və "X7 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndələrini məhkəməyə göndərməmişlər, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, kollegiya onun qununiliyini və əsaslılığını tam yoxlayır. İddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, qanunsuz olaraq 3 dəfə hərrac keçirildiyinə istinad etmişdir. İş materiallarında olan xx xxx 2013-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 857850 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X9 xx xxxxxx 1972-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1972-ci ildə 946 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 784545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin xx xxxxxx 2015-ci ildə 1036 № ilə qeyd edilmişdir. İş materiallarında olan «X7 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar "Cavabdeh1" ASC-yə, borclular “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birliyə, X9, X11, X19 və İddiaçı ünvanlanmış xx xxxxxxx 2016cı il tarixli, 4228 №-li bildirişə əsasən X4 mülkiyyətindəki ünvan 1 olan əmlaka dair hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın ilkin satış qiyməti 145000 manat göstərilmişdir. İş materiallarında olan «X7 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar "Cavabdeh1" ASC-yə, borclular “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birliyə, X10, X11, X19 və İddiaçı ünvanlanmış xx xxxxxx 2016cı il tarixli, 4899 №-li bildirişə əsasən X5 mülkiyyətindəki ünvan 1 olan əmlaka dair hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın satış qiyməti 123250 manat göstərilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 07 oktyabr - xx xxxxxxx 2016-cı il tarixli buraxılışının çıxarışından görünür ki Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin ilkin satış qiyməti 145000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxx 2016-cı il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3904/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadından görünür ki, icra sənədi üzrə borclular X6, X13 və İddiaçı Nərimanov rayon icra şöbəsinin «icraata başlamaq haqqında» xx xxxxxxxx 2016-cı il tarixli 7507 saylı qərarının ləğv edilməsi və icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 4 otaqdan ibarət 22-ci mənzili ilə əlaqədar «X7 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinin sifariş məktubu əsasında keçirilən hərracın dayandırılması qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-425/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X6 X13 və İddiaçı cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı (üçüncü şəx "X7 Mərkəzi" məhdud məsuliyyətli cəmiyyəti) "icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə" iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Market” qəzetinin 16 fevral – xx xxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti 123250 manat müəyyən edilməklə, açıq hərracın xx xxxx 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan «X7 Mərkəzi»nin xx xxxxx 2018-ci il tarixli Hərracın nəticələri haqqında yekun Y-137 №-li protokoldan və xx xxxxx 2018-ci il tarixli il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 145000 manat müəyyən edilmiş X4 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan "Cavabdeh1" ASC əmlakı 92438 manata almışdır. "Cavabdeh1" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq kollegiya edir ki, hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarixə təyin edilsə də, sözügedən hərrac keçirilməmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair KİV-də və hərrac təşkilatının rəsmi internet saytında hər hansı məlumat verilməmişdir. Beləliklə, iddiaçı xx xxxx 2018-ci il tarixdə 3-cü hərracın keçirildiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin tarixdə keçirilən hərracın 2-ci dəfə keçirilən hərrac olduğu və əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətin ötürülmədiyi müəyyən edilmişdir. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1640/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar