Məhkəmə qərarları › İş №2(103)-11440/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11440/2021

14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11440/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi cəlb edilməklə) «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılması» tələbinə dair 2(007)-1693/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Mistsubishi Pajero İO» markalı, hazırda ** BH *** (əvvəlki AZ **-BD-***) dövlət qeydiyyat nişanlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli avtomobilin satılmasına dair Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, pozulmuş hüququnun bərpa edilərək nəqliyyat vasitəsinin yenidən Cavabdeh2 adına qeydiyyata alınaraq mülkiyyətə qaytarılması və Cavabdeh2 adına yeni texniki pasportun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 12 avqust 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Lakin sonradan ailədaxili problemlər səbəbindən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(008)-430/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, o da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə edilmiş pulun 1/2 hissədə bölünməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin həmin qərardad vaxtında icra edilməsi üçün göndərilmədiyindən 17 avqust 2020-ci il tarixdə cavabdeh onun mülkiyyət hüquqlarını pozaraq onun razılığı olmadan gizli şəkildə həmin mübahisə predmeti olan avtomobili alğı-satqı müqaviləsinə əsasən iş üzrə digər Cavabdeh1 satmışdır. Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli, 2(001)-2790/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduqları dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» minik markalı, AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında 1/2 hissədə bölünməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Lakin hazırda icra edilə bilmir. Bu səbəbdən, Nizami rayon İcra və Probasiya Şöbəsinin 17 fevral 2021-ci il tarixli məktubuna əsasən icrası mümkün olmayan icra sənədi kimi Binəqədi Rayon Məhkəməsinə geri qaytarılmışdır. Hesab edir ki, Cavabdeh2 qəsdən gizli şəkildə birgə nikah dövründə əldə edilmiş əmlakı satması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə hərrac vasitəsilə satılaraq ona yarı hissəsi çatmalı əmlakdan onu məhrum etmək niyyəti ilə bağlanmış əqd olduğundan həmin alğı-satqı müqaviləsi qanunsuzdur və hu halda həmin mübahisə predmeti olan nəqliyyat vasitəsinə dair bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, «Mitsubishi Pajero İO» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı (hazırda ** BH *** dövlət qeydiyyat nişanlı), 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin satılmasına dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 17 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş «Mitsubishi Pajero İO» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmiş, «Mitsubishi Pajero İO» markalı, ** BD *** dövlət qeydiyyat nişanlı (hazırda ** BH *** dövlət qeydiyyat nişanlı), 2000-ci il buraxılışlı, gümüşü metallik rəngli, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin Cavabdeh2 mülkiyyətinə qaytarılması və Cavabdeh2 adına yeni nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi qət edilmiş, məhkəmə xərclərinə aid olan ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli avtomobili Cavabdeh2 3000 manat ödəməklə almışdır və şəxsi mülkiyyətinə keçirmişdir. Hətta İddiaçı 3.000 manat avtomobilin pulunu ondan şəxsən almışdır. Həmin faktı təsdiq edən şahidləri vardır. O, həmin avtomobili 3000 manat ödəməklə əldə etmişdir. Əgər tərəflər avtomobili yenidən əldə etmək istəyirlərsə nağd şəkildə ödədiyi 3000 manat pulu ona qaytarmalıdırlar. Avtomobilin sonradan ona problem yaradacağını bilsə idi həmin avtomobili almazdı. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və bildirdi ki, mübahisəli avtomobili İddiaçı almış və 3000 manat pulu ona vermişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasına etiraz etməyərək, bildirdi ki, Cavabdeh1 mübahisəli avtomobili İddiaçı satmışdır. Ona pul verilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ailəsinin dağılmasının səbəbkarı Cavabdeh1dur. Cavabdeh1 keçmiş həyat yoldaşı Cavabdeh2 ilə əlbir olub onun xəbəri olmadan öz aralarında qanunsuz olaraq həmin avtomobilə dair alqı-satqı müqaviləsi bağlamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(008)- 430/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasında Cəbrayıl rayon VVADQ şöbəsində 12 avqust 2015-ci il tarixdə 315 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra 02 fevral 2014-cü il təvəllüdlü X1 anası Cavabdeh2 yanında saxlanılması, cavabdeh İddiaçı 02 fevral 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh2 verilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(001)- 2790/2020 saylı qərardadından görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(001)- 2790/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» markalı AZ 99-BD- 684 dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında 1/2 hissədə bölünməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin çıxarışından görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero İO» markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 17 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra «** BH ***» olaraq dəyişdirilmişdir. AD seriyalı 925889 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BH *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero İO» markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsi alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır, şəhadətnamə 17 avqust 2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin 22 aprel 2021-ci il tarixli 314-1470-1221 saylı məktubundan və ona əlavə edilmiş 17 avqust 2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında 17 avqust 2020-ci il tarixdə nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı özünə məxsus ** BD *** dövlət qeydiyyat nişanlı «Mitsubishi Pajero İO» markalı, 2000-ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsini 9300 manata alıcıya satmışdır. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh2 aralarında nikah bağlanmış, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah akt qeydi pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» markalı AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında 1/2 hissədə bölünməsi qət edilmişdir. Həmin qətnamənin qəbul olunmasından bir qədər əvvəl Cavabdeh2 ilə Cavabdeh1 arasında qeyd olunan nəqliyyat vasitəsinin 9300 manata satılmasına dair 17 avqust 2020-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. «Mitsubishi Pajero İO» markalı, 2000- ci il buraxılışlı, H76W0200355 ban nömrəli nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı 17 avqust 2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra «** BH ***» olaraq dəyişdirilmişdir. Hazırda iddiaçı bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsini və pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyə qaytarılmasını xahiş edir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, iddianın predmetini təşkil edən «Mitsubishi Pajero İO» markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə əldə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında 1/2 hissədə bölünməsi qət edilmişdir. Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi, İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulduqdan sonra Cavabdeh2, iddiaçının razılığı olmadan birgə nikah müddətində əldə edilmiş əmlak olan «Mitsubishi Pajero İO» markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili 17 avqust 2020-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Vurğulanmalıdır ki, alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl qeyd edilən nəqliyyat vasitəsinin üzərinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2020ci il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən məhkəmə qətnaməsi çıxarılanadək iddianın təmini tədbiri qismində həbs qoyulmuş, bu halın özü də hazırki iş üzrə Cavabdeh2 məhz həmin tarixdə məhkəmə iclasında şəxsən iştirak etdiyindən məlum olmuşdur. Cavabdeh2 məhkəmənin icraatında avtomobilin hərracda satılması yolu ilə dəyərinin tərəflər arasında bölünməli olması ilə bağlı iddia tələbi olduğu halda iddianın predmeti olan əmlakı özgəninkiləşdirməyə nail olmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında münasibətlərin olmasını təsdiq edən və məhkəməyə təqdim edilmiş fotoşəkillər, o cümlədən cavabdehlərin məhkəmə iclasında nəqliyyat vasitəsini guya 3000 manat müqabilində iddiaçıya satmaları barədə verdikləri ifadələr də özü-özlüyündə qeyd olunan alqı-satqı müqaviləsinə münasibətdə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Çünki, iş materiallarında olan 17 avqust 2020-ci il tarixli alqı- satqı müqaviləsindən də göründüyü kimi, nəqliyyat vasitəsinin alqı-satqı qiyməti 9300 manat müəyyən edilmişdir, müqavilə tərəfləri də həmin müqaviləni imzaları ilə təsdiq etmişlər, sonradan da mübahisələndirilməmişdir. Bununla da, faktiki olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqları məhdudlaşdırılmış, o cümlədən İddiaçı ilə Cavabdeh2 birgə nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, Cavabdeh2 mülkiyyətində olan «Mitsubishi Pajero İO» markalı AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac vasitəsilə satılaraq satışdan əldə olunmuş pul məbləğinin İddiaçı və Cavabdeh2 arasında 1/2 hissədə bölünməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(001)-2790/2020 saylı qətnaməsi icra oluna bilməmişdir. Təsadüfi deyildir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru T.Hümbətzadənin 17 fevral 2021-ci il tarixli qərarı ilə aparılmış icra tədbirləri nəticəsində «Mitsubishi Pajero İO» markalı AZ **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 17 avqust 2020-ci il tarixdə alğı-satqı yolu ilə özgəninkiləşdirildiyindən, icra sənədinin icrası mümkün olmadığını görə icra sənədi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə görə ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Birinci instansiya məhəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı Cavabdeh2 ilə olan yaxın münasibətləri nəticəsində Cavabdeh2 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakı əldə edərkən (adına alğı-satqı müqaviləsi bağlanarkən) alıcı kimi əqdin legitimsizliyi barədə bilmiş, məlumatlı olmuşdur, ona görə də Cavabdeh1 vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmçinin, Cavabdeh2 niyyəti məhkəmə mübahisəsinin predmeti olmaqla ayrıldığı həyat yoldaşı İddiaçılə birgə nikah dövründə əldə etdikləri əmlakı özgəninkiləşdirmək olmuşdur. Belə olan halda, əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında mübahisələndirilən alğı-satqı müqaviləsi üzrə avtomobilin dəyəri və onun ödənilməsi subyekti barəsində mübahisə mövcud olduğundan hazırkı mülki mübahisə üzrə etibarsız hesab edilmiş əqd üzrə restitusiyanın tətbiqi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(007)-1693/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar