Məhkəmə qərarları › İş №2(103)-11455/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11455/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11455/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (BOKT) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (bank) və cavabdeh arasında 17.01.2014-cü il tarixdə kredit müqaviləsi bağlandığını, müqailəyə əsasən cavabdehə illik 20% olmaqla 17 ay müddətinə 2939 manat kredit verildiyini, cavabdehin bank qarşısında öhdəliklərini yerinə yetirmədiyini və 999,34 manat əsas kredit borcunun yarandığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə bağlı bankdan Cavabdeh aid sənədlərin 19 aprel 2018ci il tarixli təhvil-təslim aktına əsasən BOKT-a verildiyini, borcun ödənilməsi barədə dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq bunun heç bir nəticəsi olmadığını bildirmiş, cavabdehdən qeyd olunan pul məbləğinin, həmçinin 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin onun məhkəmə iclasında iştirakını təmin etmədiyi, bununla Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilən məhkəmə müdafiəsi hüququnu və çəkişmə prinsipini pozması, sübutlarını təqdim etmək imkanından məhrum etməsi, iddiaçıya heç bir borcunun qalmadığı, iddia tələbi üzrə iddia müddətinin ötürüldüyü arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini də xahiş etmiş, qətnamənin ləğv olunaraq iddia tələblərinin tam rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını istəmişdir. İşə baxılmasının yeri və vaxtı barədə iddiaçı təşkilata məlumat verilmiş olsa da, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin əsas dəlillərindən biri çəkişmə hüququnun pozulması, cavabdehin ümumiyyətlə məhkəmə prosesi barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində başlanmış icraat barəsində ümumiyyətlə xəbərdar olunmamış, lakin məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxaraq ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi də nəzərə alınmaqla işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, məhz şərh olunan pozuntu sayəsində cavabdeh iddia müddətinin tətbiqi haqqında ərizəsini birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olmuşdur; Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında 17 yanvar 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə görə adı çəkilən şəxsə 17 ay müddətinə, illik 20 % ödəməsi şərtilə 2939 manat kredit verilmiş, iddia qaldırılan tarixə onun 999,34 manat əsas kredit borcunun qaldığı hesablanmışdır. İş materiallarından həmçinin aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri, o cümlədən Cavabdeh dair sənədlər 19.04.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-nə verilmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə isə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair dəlil əsaslıdır və hazırki işdə iddia müddətinin axımı kredit öhdəliyinin icrası müddətinin başa çatdığı 17.06.2015-ci il tarixindən hesablanmalıdır. Başqa sözlə, hazırkı iddia üzrə iddia müddəti 17.06.2015-ci il tarixindən sonra keçən 3 ilin sonunda, yəni 18.06.2018-ci il tarixdə bitmişdir, iddiaçı isə ərizə ilə məhkəməyə 14.07.2021-ci il tarixdə müraciət etdiyinə görə iddia müddəti ötürülmüş hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı iş üzrə iddia müddətinin keçmiş olması dəlilinin apellyasiya instansiyasında nəzərə alınması ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş aktlarının (qərarlarının) əsaslılığını yoxlayır, habelə apellyasiya şikayətinin dəlillərindən çıxış edərək artıq birinci instansiya məhkəməsində baxılmış işi yenidən araşdırır və mahiyyəti üzrə həll edir (MPM-in 372.1 və 372.6-cı maddələri). Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh məhkəmə prosesi barədə faktiki olaraq məlumatlandırılmamış və işə onun iştirakı olmadan baxılmışdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində iştirak etməyərək iddia müddətinin tətbiq olunmasına dair ərizə verməmiş olması onun özündən asılı olmayan səbəblərdən baş vermişdir və buna görə də iddia müddətinin ötürülmüş olmasına dair verdiyi ərizə apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5453/2021 saylı iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar