Məhkəmə qərarları › İş №2(103)-1146/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1146/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1146/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı “Yelo Baku” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 cavabdeh “xxxx” MMC-nin (Cavabdeh1” MMC) vəkili və nümayəndəsi Nəcəfov Faiq Əjdər oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2973/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 ASC iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı Cavabdeh1 tərəfindən hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və Cavabdeh2 tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2973/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 sifarişi əsasında Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ipoteka predmeti olan Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evinə dair hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə əlaqədar prosessual hərəkətlər və hərracın nəticələrinin ləğv edilməsi, Cavabdeh2 Maraqlı şəxs1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evinə dair yenidən hərracın keçirilməsini təşkil etməklə hərrac təşkilatına yenidən sifariş verməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərrac “İpoteka haqqında” Qanuna uyğun olaraq həyata keçirilib. Təkrar hərrac xx xxxx 2018-ci il tarixdə keçirilmişdir. Təkrar hərracın keçirilməsi zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbi isə birinci hərracın keçirilməsi zamanı bir alıcının olmasıdır. Yəni, həmin iştirakçı birinci hərracın keçirilməsi zamanı ipoteka predmetinin ilkin satış qiymətini təklif etdiyi və buna dair beh ödədiyi halda təkrar hərracda əmlak ilkin satış qiyməti ilə ikinci dəfə hərraca çıxarılmışdır. Həmin tarixdə də hərracda iştirakçı olmadığından hərrac baş tutmamış elan edilmişdir. Həmçinin hərracın baş tutmamasına dair xx xxxx 2018-ci il tarixdə Kaspi qəzetində elanlar verilmişdir. İş materiallarından “xxxx” İKB ASC tərəfindən Cavabdeh1-yə ünvanlanmış 1093/2018 saylı razılıq məktubunun surətindən görünür ki, həmin məktubu Cavabdeh1 10 avqust tarixində almışdır”. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh1-yə ipoteka predmeti almaq barədə hər hansı bir məktub ünvanlanmamışdır. İddia ərizəsinə belə bir məktub əlavə edilməmişdir. Məhkəmə belə bir sübutu cavabdehə təqdim etməmişdir. Belə məktub daxil olmadığından, Cavabdeh1 tərəfindən ipoteka predmeti sifarişçiyə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4232/2020 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 2973/2019 nömrəli qətnaməsi Cavabdeh1-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və vəkili Nəcəfov Faiq Əjdər oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4232/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4974/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-4232/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4974/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(105)-27/2017 saylı Qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-1798/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli Qətnaməsi dəyişdirilərək Maraqlı şəxs2 cəmi 41 618 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası manatının Mərkəzi Bankın müəyyən etdiyi məzənnəsinə uyğun olaraq) pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 189.500 manat müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-27/2017 icra vərəqəsinin və Cavabdeh2 xx xxxxx 2018-ci il tarixli 17/753518-9F nömrəli sifariş məktubuna əsasən Cavabdeh1 hərrac təşkil etmiş və ipoteka predmetinin ilkin satış qiyməti olan 189.500 manatla birinci hərracın keçirilməsini x xxxx 2018-ci il tarixə saat 11:00-a təyin etmiş, birinci hərrac iştirakçı olmadığından baş tutmamış və növbəti hərrac 142 125 manatla satış qiymətilə xx xxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. İkinci hərrac da iştirakçı olmadığından baş tutmamış və Cavabdeh1 tərəfindən ipoteka predmeti iddiaçıya təklif edilmiş, iddiaçı bank xx.xx.2018-ci il tarixdə aldığı bu məktuba razılıq verərək hərraca çıxarılan obyektin alınmasına razılıq vermiş, xx.xx.2019-cu il tarixdə iddiaçı bankın razılıq məktubunu Cavabdeh1 almış, lakin bu müraciətə cavab verməmiş və sonradan hərrac sənədlərin sifarişçiyə geri qaytarmışdır. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2, 43.5, 43,7, 44, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1, 319.1, 416, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 53.3-cü maddələrinə istinad edərək bu nəticəyə gəlmişdir ki, xx xxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli “Kaspi” Qəzetində hərraclarla bağlı elan yerləşdirilsə də, onun baş tutmaması barədə məlumat əks edilməmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti bu elanın yerləşdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, ilkin hərracda iştirakçı olmamış, xx.xx.2018-ci il tarixli təkrar hərracda ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılmış, bununla da “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməmişdir. Hərracın keçirilməsi prosessual olaraq qanunlara riayət edilməməklə, habelə ipoteka predmeti olan əmlakın əldə edilməsinə iddiaçı bankın vaxtında razılıq verməsinə baxmayaraq hərrac sənədlərinin xx xxxxxxxx 2018-ci il tarixdə 1517 nömrəli məktubla Cavabdeh2nə göndərilməklə Cavabdeh1 hərracın yekununda ipoteka saxlayanın hüquqlarını da pozmuşdur. Buna görə də iddia tələbi “hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və hərracın nəticələrinin ləğv edilməsi” hissəsində təmin edilməli, iddia tələbi “hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və hərracın nəticələrinin ləğv edilməsi” hissəsində təmin edildiyinə görə məhkəmə qətnamələrinin icrasının məcburiliyi nəzərə alınaraq ipoteka saxlayan “xxxx” ASC-nin iddia tələbi tam təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(105)-27/2017 icra vərəqəsinin icrası ilə bağlı Cavabdeh2 tərəfindən yenidən sifariş verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün, həmçinin maddi və prossesual hüquq normalarının tələblərini pozduğu üçün əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia üzrə qiymət verilməli olan iki məsələ var: 1) hərrac baş tutmamış elan edildikdən sonra banka təklif edilən ipoteka predmetinin qiymətinin düzgün olub-olmaması; 2) ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan 142.125 manata qiymətə almağa razılığı olduğu halda, onunla müqavilə bağlanmaması və həmin ipoteka predmetinin icra məmuruna qaytarılması. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. - 42.3-cü maddəsinin mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. - 43.5-ci maddəsinin hərracla bağlı hərəkətlərin edildiyi anda qüvvədə olan (xx xxxxxx 2018-ci il tarixədək) redaksiyasına əsasən hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. - 43.1.2-ci maddəsinə əsasən isə hərracın iştirakçısı olmadıqda, hərracın baş tutmadığı barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində dərc edilir. - 43.7-ci maddəsində qeyd edilir ki, hərraca iki nəfərdən az alıcı gəlməsi halı istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. - 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. - 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi lə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarına düzgün istinad etsə də, işdə olan sübutları düzgün qiymətləndirməyərək və iş üzrə faktiki halları ziddiyyətli müəyyən edərək, həmin faktiki hallar münasibətdə maddi hüquq normalarını düzgün təfsir etməmiş və beləliklə də, səhv nəticələrə gəlmişdir. İşin materiallarından görünür ki, “xxxx” X1 tərəfindən Cavabdeh1-yə ünvanlanmış və sonuncunun xx.xx.2018-ci il tarixdə aldığı 1093/2018 saylı razılıq məktubunun məzmunundan görünür ki “xxxx” X1 Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evini təklif edilən 25 faiz olan aşağı qiymətlə 142.125 manata balansa götürməyə razılıq vermiş və bununla bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixli Cavabdeh1-nin 1517 nömrəli Cavabdeh2nə ünvanlanmış məktubunun surətindən görünür ki, ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evi ilə bağlı sənədlər Cavabdeh2nə qaytarılmışdır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, iddiaçı 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilməsinə razılıq versə də, tərəflər arasında yaranan mübahisə bankın ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az qiymətə deyil, 40 % (15+25%) yəni, 21319 manat ucuz qiymətə almalı olması səbəbindən qaynaqlanmışdır. Çünki, bank xx.xx.2018-ci il tarixli məktubunda əmlakı 142.125 manat almağa razılıq versə də, hazırki iddia tələbindən görünür ki, o, Cavabdeh1-nin ipoteka əmlakının təkrara hərraca ilkin satış qiyməti ilə çıxarılmasından ibarət hərəkətinin qanuniliyini də mübahisələndirir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddianın bu hissəsinə hüquqi qiymət verilməlidir. Bu hissə ilə bağlı apellyasiya məhkəməsi qətnaməsində bir tərəfdən ipoteka predmetini xx xxxx 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 189.500 manata, xx xxxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda isə satış qiymətini 25 faiz aşağı salaraq 142.125 manata açıq hərraca çıxarıldığını müəyyən etmiş, digər tərəfdən isə ilkin hərracda iştirakçı olmadığını, xx.xx.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti ilə bağlı qiymətin 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarıldığını və bununla da “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilmədiyini göstərməklə ziddiyyətli faktiki hallar müəyyən etmişdir. Əslində isə işdə olan hərrac keçirilməsinə dair bildirişlərdən görünür ki, xx.xx.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti 142.125 manata deyil, qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılmışdır və cavabdeh bunu ilkin hərracda bir alıcının iştirak etməsi ilə əsaslandırmış və məhkəməyə ipotekaqoyan Maraqlı şəxs1 tərəfindən birinci hərracda iştirak etmək üçün xx.xx.2018-ci il tarixdə 9475 manat beh ödənilməsi barədə kassa mədaxil orderinin qəbzini təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə xx xxxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin birinci hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməyərək və cavabdehin xx.xx.2018-ci il tarixli məktubuna istinad edərək birinci hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlmiş, bu zaman apellyasiya şikayətinin bu barədə dəlilləri üzrə ətraflı araşdırma aparmamış, işdə olan beh ödənilməsi barədə sübutu qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamış, xx.xx.2018-ci il tarixli məktubda hərracın iştirakçı olmadan baş tutmaması barədə qeydi müvafiq araşdırma aparmadan hər iki hərraca aid etmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməməsi qənaətinə gəlməsi düzgün olmamışdır. Eyni zamanda, apelyasiya məhkəməsi Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.2-ci maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın yerləşdirilməməsini qeyd etsə də, bu halın iddiaçının hansı hüquqlarını pozduğunu və hazırki iddianın təmini üçün hansı əsas yaratdığını qətnamədə göstərməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanunun 43.2-ci maddəsinin hüquqi nəticəsi həmin Qanunun 43.3-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Lakin hazırki iddiadan da görünür ki, ipoteka saxlayan nəinki 189.500 manat ilkin satış qiymətinə, həmin qiymətin 25% aşağı salınmaqla, 142.125 manat qiymətinə də ipotekanın əldə edilməsinə razı deyil və qiymətin 40% aşağı salınmalı olduğunu iddia edir. Belə olan halda, birinci hərracın baş tutmaması barədə elanın dərc edilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar ətraflı araşdırılmaqla ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti müəyyən edilərkən “İpoteka haqqında” Qanunun 43.5ci maddəsinin tələblərinin pozulub-pozulmadığına hüquqi qiymət verilmədən, həmçinin bankın xx.xx.2018-ci il tarixli məktubu əsasında onunla ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanmamasının səbəbləri ətraflı araşdırılmadan cavabdehin hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi barədə gəldiyi qənaət əsaslı hesab edilə bilməz. İddianın Cavabdeh2 tərəfindən yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə tələbinin təmin edilməsi isə cavabdehin hərracın hansı mərhələsində pozuntuya yol verdiyi və cavabdehin konkret olaraq hansı hərəkətinin qanunsuz hesab edilməsi, hansı hərracın(ilkin və ya təkrar) etibarsız hesab edilməsi müəyyən edildikdən sonra yeni hərracın keçirilməsinə zərurət olubolmamasından asılıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iddianın bu hissədə qanuniliyi tam və düzgün əsaslandırmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin (Cavabdeh1” MMC) vəkili və nümayəndəsi Nəcəfov Faiq Əjdər oğlu apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, birinci hərracda ipoteka qoyan Maraqlı şəxs1 iştirak etmiş və 9475 manat beh ödəmişdir. Ödəmə nağd qaydada edildiyindən ciddi maliyyə hesabat sənədi olan kassa mədaxil orderi vasitəsilə rəsmiləşdirilmişdir. Həmin orderin əsli iddiaçı tərəfə göstərilmişdi. Bu cür hərraclar zamanı behlərin 90 faizindən çoxu nağd qaydada kassa vasitəsilə ödənilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 nümayəndəsi, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın bu cür təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Belə ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, “xxxx” X1 tərəfindən Cavabdeh1-yə ünvanlanmış və sonuncunun xx.xx.2018-ci il tarixdə aldığı 1093/2018 saylı razılıq məktubunun məzmunundan görünür ki “xxxx” X1 Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanlı, 0,01378 ha torpaq sahəsində yerləşən 215,1 m² olan 4 otaqlı fərdi yaşayış evini təklif edilən 25 faiz olan aşağı qiymətlə 142.125 manata balansa götürməyə razılıq vermiş və bununla bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixli Cavabdeh1-nin 1517 nömrəli Cavabdeh2nə ünvanlanmış məktubu ilə həmin evlə bağlı sənədlər Cavabdeh2nə qaytarılmışdır. Göründüyü kimi, iddiaçı 30 təqvim günü ərzində ipoteka predmetini əldə edilməsinə razılıq versə də, tərəflər arasında yaranan mübahisə bankın ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az qiymətə deyil, 40 % (15+25%) yəni, 21319 manat ucuz qiymətə almalı olması səbəbi ilə bağlı olmuşdur. Çünki, bank xx.xx.2018-ci il tarixli məktubunda əmlakı 142.125 manat almağa razılıq versə də, hazırki iddiasında Cavabdeh1-nin ipoteka predmetinin təkrar hərraca ilkin satış qiyməti ilə çıxarılmasından ibarət hərəkətinin qanuniliyini də mübahisələndirir. Belə olan halda, ilk növbədə iddianın bu hissəsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi bir tərəfdən ipoteka predmetini xx xxxx 2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 189.500 manata, xx xxxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərracda isə satış qiymətini 25 faiz aşağı salaraq 142.125 manata açıq hərraca çıxarıldığını müəyyən edir, digər tərəfdən isə ilkin hərracda iştirakçı olmadığını, xx.xx.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti ilə bağlı qiymətin 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarıldığını və bununla da “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilmədiyini göstərərək ziddiyyətli faktiki hallar müəyyən edir. Əslində isə işdən aydın olur ki, xx.xx.2018-ci il tarixli təkrar hərracda ipoteka predmeti 142.125 manata deyil, qiymət 15 faiz aşağı salınmadan 189.500 manata təkrar hərraca çıxarılmışdır və cavabdeh bunu ilkin hərracda bir alıcının iştirak etməsi ilə əsaslandırmış və məhkəməyə ipotekaqoyan Maraqlı şəxs1 tərəfindən birinci hərracda iştirak etmək üçün xx.xx.2018-ci il tarixdə 9475 manat beh ödənilməsi barədə kassa mədaxil orderinin qəbzini təqdim etmişdir. Lakin birinci instansiyası məhkəməsi xx xxxx 2018-ci il tarixdə keçirilmiş təkrar hərrac zamanı ipoteka predmetinin qiymətinin aşağı salınmamasının səbəbinin birinci hərracın keçirilməsi zamanı bir alıcının olmasına diqqət yetirməmiş və cavabdehin xx.xx.2018-ci il tarixli məktubuna istinad edərək birinci hərracın iştirakçı olmadığından baş tutmaması barədə səhv qənaətə gəlmiş, işdə olan beh ödənilməsi barədə notarial qaydada təsdiq edilmiş sübutu(bax.i.v.93) qəbul etməməsinin səbəblərini qətnamədə göstərməmiş, xx.xx.2018-ci il tarixli məktubda hərracın iştirakçı olmadan baş tutmaması barədə qeydi hər iki hərraca aid etmişdir. Bununla da, cavabdeh tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsində nəzərdə tutulan qaydalara riayət edilməməsi qənaətinə gəlməsi düzgün olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın yerləşdirilməməsini qeyd etsə də, bunun iddiaçının hansı hüquqlarını pozduğunu və hazırki iddianın əsaslılığına hansı təsir göstərməsini əsaslandırmamışdır. Həmin Qanunun 43.2-ci maddəsinin hüquqi nəticəsi eyni Qanunun 43.3-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Lakin hazırki iddiadan da görünür ki, ipoteka saxlayan nəinki 189.500 manat ilkin satış qiymətinə, həmin qiymətin 25% aşağı salınmaqla, 142.125 manat qiymətinə də ipotekanın əldə edilməsinə razı deyil və qiymətin 40% aşağı salınmalı olduğunu iddia edir. Belə olan halda, birinci hərracın baş tutmaması barədə elanın dərc edilməməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulmadığı müəyyən edilir. Göründüyü kimi, cavabdeh tərəfindən ipoteka predmetinin təkrar hərracdakı satış qiyməti müəyyən edilərkən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbləri pozulmamış, bankın xx.xx.2018-ci il tarixli məktubu əsasında onunla ipoteka predmetinin alqı-satqısı barədə müqavilə bağlanmamasının səbəbləri cavabdehin hərracın keçirilməsi ilə əlaqədar etdiyi prosessual hərəkətlərin qanusuzluğu ilə bağlı olmamışdır. Ona görə də yeni hərracın keçirilməsinə də zərurət və əsas ola bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-2973/2019 saylı qətnaməsi ləğv olunsun. İddiaçı X1 açıq səhmdar cəmiyyətinin Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2nə qarşı hərracın keçirilməsi ilə əlaqədar edilmiş prosessual hərəkətlərin və keçirilən hərracın etibarsız hesab edilməsi və yenidən hərracın keçirilməsinin təyin edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar