Məhkəmə qərarları › İş №2(103)-1146/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1146/2023

06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1146/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aktın ləğv edilməsi və borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-2193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 09 mart 2022-ci il tarixli, № 007304 nömrəli aktın ləğv olunması və Abonent haqqında məlumat vərəqəsində göstərilmiş 4104 manat borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

2. Nizami Rayon Məhkəməsinin 2(007)-2193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Əliyeva Qumru) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri:

3. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin su təchizatı və kanalizasiya sistemlərinə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyriqanuni istifadə faktıaşkar edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli 007304saylıakt tərtib edilmiş, faktı təsdiq edən video çəkilişaparılmışdır. Aktaəsasən 4104 manat dəymişziyan hesablanmışdır. Məhkəmə tərəfindən məhkəmə prosesində sudan qeyriqanuni istifadə faktını sübut edən video görüntü ətraflı araşdırılmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, onun oğlu X1 əlili olmuş, 10 mart 2020-ci ildə vəfat etmişdir. Onun uşaqlarına da o baxır, maddi vəziyyəti çox çətindir. Sübutların tədqiqi:

6. Cavabdeh ASC-nin SSTŞ-nin mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli 007304 nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında su sayğacından keçməyən d-20 mm olan əlavə su xətti aşkar edilmişdir. Həmin əlavə xətdən qeyri-qanuni istifadə etdiyi üçün tərəflərindən xətt ləğv edilmiş və dəymiş ziyan aktı tərtib edilmişdir. Aktı hər üç nümayəndə imzalanmış, abonentin isə imzalamaqdan imtina etdiyi göstərilmişdir

7. İddiaçı məxsus olan obyektdə su təchizatı xəttində aşkarlanmış kənar xəttə görə hesablanacaq sərfiyyat haqqında məlumatdan görünür ki, İddiaçı 4104 manat məbləğində cərimə hesablanmışdır.

8. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Cavabdeh ASC-nin Apellyasiya Şurasına ünvanladığı xx.xx.2022-ci il tarixli Ə10960 nömrəli müraciətə baxılmışdır. Bildirirlər ki, “Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndinin tələbinə görə Apellyasiya Şurası tərəfindən sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı dövlətə məxsus hüquqi şəxsin qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verilən müraciətlərə baxılır. Qeyd edirlər ki, şikayət yuxarıda adı çəkilən Əsasnamənin 5.1-5.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, yol verilmiş nöqsanlar şikayətçinin nəzərinə çatdırılmaqla, işçi qaydada aradan qaldırılır. Həmin nöqsanlar vaxtında aradan qaldırılmadıqda, şikayət baxılmamış saxlanılır. Belə ki, Əsasnamənin 5.5-ci bəndinə uyğun olaraq, şikayət Apellyasiya Şurasına daxil olduqdan sonra işçi qaydada sizinlə əlaqə saxlanılmış, müraciətində göstərilən nöqsanlar barədə ona məlumat verilmişdir. Lakin hüquqi şəxs yatarmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sənəd (VÖEN) təqdim edilməmiş, həmçinin şikayət üzrə aşkar olumuş nöqsanlar tərəfindən aradan qaldırılmamışdır. Bununla da bildirirlər ki, Apellyasiya Şurasına ünvanlandığı şikayət Şura tərəfindən baxılması üçün əsasnamənin 5-ci bəndində əks olunmuş şikayətə dair tələblərə cavab vermədiyi üçün şikayəti Apellyasiya Şurası tərəfindən mahiyyəti üzrə baxılmamış saxlanılır. Tətbiq edilən maddi hüquq normaları: Mülki Məcəllə

9. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

10. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

11. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

12. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

13. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 30. Verilən suyun həcminin hesablanması

15. 1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Maddə 67. Qanunsuz qoşulma

17. 1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.

18. 2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir.

19. Maddə 59.3.. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır:

20. a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna;

21. b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları

23. Bənd 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq;

24. Bənd 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır:

25. 5.1.5. verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək;

26. Bənd 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

38. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçıya hesablanmış borcun əks olunduğu akt Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edildiyi üçün həmin sənəddə göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin mübahisəli aktda iddiaçıya məxsus ünvanda kənar xəttinin vasitəsi ilə sudan istifadə olunması qeyd olunsa da, buna dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

44. Cavabdeh tərəfindən təqdim edilmiş akt və sözügedən obyektdə cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş “əlavə xətt” ilə bağlı videonun əks olunduğu diskə baxış keçirərək onları mötəbər sübut qismində qiymətləndirməmişdir. Belə ki, həmin video çəkilişlərə əsasən, “su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətt”in hansı xəttə birləşdirilməsini müəyyən etmək, obyektdə bil il müddətində sözügedən “kənar xətt”dən istifadə olunması, iddiaçıya hesablanan cərimə məbləğinni həmin borcunun diametrinə uyğun hesablanması ilə bağlı cavabdehin dəlillərinin həqiqiliyini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh ASC-nin əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd mübahisələndirilən aktın etibarlılığını şübhə altına qoyur.

45. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

50. Qətnamənin 40-cı bəndinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nizami Rayon Məhkəməsinin 2(007)-2193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar