Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1148/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh1 Mənzil Tikinti Koorperativin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin istifadə və sahibliyə verilməsi, mənzildən istifadə və sahiblik etməyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.11.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 180,85 kv.m izolə edilmiş 4 otaqlı mənzilə maliyyə arayışının verilməsi, yaranmış maneələrin aradan qaldırılması və mənzilin natura şəklində ona təhvil verilməsi öhdəliyinin yerinə yetirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh2 da cavabdeh qismində işə cəlb etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m izolə edilmiş 4 otaqlı mənzilə dair bağlanmış 08.10.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 11.11.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2(001)- 2405/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MTK ilə Cavabdeh2 arasında bağlanmış 08.10.2005-ci il tarixli 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi, 11.11.2005-ci il tarixli 47 saylı müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin, 1-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 180.85 kv.m, izolə edilmiş 4 otaqlı, 37 saylı mənzilinin Gözəlov (Sorokin) Sergej Vladimiroviçin istifadə və sahibliyinə verilməsi, həmin mənzildən Gözəlov (Sorokin) Sergey Vladimiroviçin istifadə və ona sahiblik etməsinə yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Qətnamədən hər iki cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Cavabdeh MTK apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz və əsassızdır. İddiaçının adına verilmiş müqavilə və kassa mədaxil orderi Cavabdeh1 MTK tərəfindən tərtib olunmamış, həmçinin müqavilə həmin vaxt MTK-nın sədri olan İlham Qasımov tərəfindən imzalanmamışdır. Həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanıb, odur ki, etibarlı hesab edilə bilməz. Mənzil qanuni əsaslarla Cavabdeh2 oğluna 08.10.2005-ci il tarixli müqavilə əsasında satılmış, dəyəri də sonuncu tərəfindən tam ödənilmiş və mənzil onun istifadəsinə verilmişdir. Digər Cavabdeh2 apellyasiya şikayətində də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2005-ci ildən Cavabdeh1 MTK-nın əməkdaşıdır, lakin onunla əmək müqaviləsi 2007-ci il tarixdə bağlanmışdır. Mübahisəli mənzili MTK ilə arasında bağlanmış 11.11.2005-ci il tarixli müqaviləyə əsasən əldə etmiş, həmin vaxtdan mənzilə sahiblik və istifadə etmişdir. Mənzilin açarları həmişə onda olmuş, hazırda müvəqqəti olaraq açarları gözətçi olan Bəxtiyar adlı şəxsə vermişdir. Tez-tez olmasa da ən azı 3 ayda bir dəfə həmin mənzildə olmuşdur. Mənzil təmirsizdir, maddi imkanı olmadığından təmir etdirə bilməmiş, lakin mütəmadi olaraq özü və ailəsi mənzilə baş çəkmişdir. Maliyyə arayışından görünür ki, mənzilin dəyərini tam ödəmişdir. Onun müqaviləsində şəxsiyyət vəsiqəsinin rekvizitlərinin olmaması müqavilənin etibarsızlığına əsas ola bilməz. İddiaçının onun mənzilində qeyri-qanuni təmir işləri aparması onun mülkiyyət hüquqlarını pozur. İlkin olaraq onunla müqavilə bağlanıb, dəyərini tam ödəməklə mənzilə sahiblik, istifadə və mülkiyyət hüququ əldə etmişdir. Apellyasiya baxışı zamanı isə təqdim edilmiş apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yerli baxış keçirilməmişdir, hansıki apellyasiya baxışında şahid qismində dindirilmiş B.Şahverdiyev də bildirmişdir ki, onun iştirakı ilə baxış keçirilməyib, binaya giriş, liftlər kartladır və əgər binaya qalxmaq istəsələr onunla qalxmalı idilər. Göründüyü kimi yerli baxış keçirilməyib, tərəflərin bu barədə məlumatı olmamışdır. Ən azından mübahisəli mənzilin yerləşdiyi binada MTK-nın ofisinin olduğu nəzərə alınsa, məhkəmə MTK-nın nümayəndəsinin iştirakını tələb edə bilərdi. Müqavilədəki imzaların yoxlanılması barədə isə görünür ki, məhkəmə səlahiyyətinə aid olan mütəxəssisə etibar etmədən özü qiymət vermişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş müqavilələrdən görünür ki, müxtəlif insanlarla bağlanmış müqavilələr arasında kifayət qədər fərqlər vardır. Həmçinin müqaviiədə Cavabdeh2 şəxsiyyət vəsiqəsinin rekvizitiərinin olmaması iddia tələbinin təmin olunması üçün əsas deyil, başqa şəxslərlə bağlanmış müqavilələr də var ki, onlarda da şəxsiyyət vəsiqəsinin rekvizitlərinin əks olunmadığı görünür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2020-ci il tarixli, 2(103)- 2084/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2405/2019 saylı iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3862/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə, cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(103)-2084/2020 saylı qətnaməsi ləğv edilərər, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3862/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli xüsusi qərardadı ilə, Cavabdeh1 MTK-nın vəzifəli şəxslərinin və digər şəxslərin əməllərində dələduzluq faktına hüquqi qiymət verilməsi ilə əlaqədar xüsusi qərardad çıxarılmış və xüsusi qərardadın surəti qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının tələblərini nəzərə almadan 11 noyabr 2005-ci il tarixli müqavilənin birbaşa yuxarıda göstərilən şərtinə əsasən həmin müqavilənin "xxxx" MTK-nın sədri kimi X7 tərəfindən imzalanıb-imzalanmamasını araşdırmamış, bunun nəticəsində MM-nin 49.1-ci maddəsinin tələbləri baxımından həmin hüquqi şəxsin iddiaçı qarşısında mülki vəzifələr daşıyıbdaşımamasına hüquqi qiymət verməmişdir. Bundan əlavə, Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçının təqdim etdiyi 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderi qəbzindəki imzaların da həmin hüquqi şəxsin vəzifəli şəxslərinə aid olmadığını mübahisələndirsə də, apelyasiya instansiyası məhkəməsi yenə MM-nin 49.1-ci maddəsinin tələbləri baxımından müvafiq araşdırma aparmamışdır. İddiaçı iddia tələbində müqavilədə göstərilən ona məxsus mənzilin qıfılının Cavabdeh1 MTK tərəfindən dəyişdirilməklə mənzilində təmir işlərinin həyata keçirilməsinə maneələr yaradıldığını göstərsə də, apelyasiya instansiyası məhkəməsi mənzilin açarının iddiaçıda olmasına dair zidiyyətli nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi bununla əlaqədar həmçinin mübahisəli mənzildə yerində müayinənin keçirilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən tərəflərə lazımı qaydada məlumat verilməməsi ilə bağlı Cavabdeh2 apelyasiya şikayətinin dəlilinə (i/v 175) hüquqi qiymət verməmişdir. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi, iddiaçının özünün iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh təşkilat tərəfindən indiyə kimi iddiaçıya onun tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının təqdim edilməməsinin və mənzilin natura şəklində ona təhvil verilməməsinin səbəblərini hüquqi cəhətdən araşdırmamışdır...”. Təkrar apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndələri apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdilər ki, mübahisəli mənzil Cavabdeh2 istifadəsinə verilmişdir. İddiaçının təqdim etdiyi müqavilə isə saxtadır, belə ki, keçirilmiş ekspertiza tədqiqatı zamanı müqavilədə MTK-nın sədrinin adından edilmiş imzanın saxtalaşdırılması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Podratçı Cavabdeh1 MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış 08.10.2005-ci il tarixli müqavilənin surətinə əsasən Cavabdeh1 MTK dəyəri 99.467 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun, 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli, izolə olunmuş 4 otaqlı mənzili inşa edərək, Cavabdeh2 təhvil verməyi, Cavabdeh2 isə hər kvadrat metr üçün 550 ABŞ dolları, cəmi 99.467 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MTK-nın 25 sentyabr 2013-cü il tarixli maliyyə arayışının surətinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binası Cavabdeh1 MTKya məxsusdur. Bu yaşayış binasının 1-ci korpus, 1-ci bloku, 9-cu mərtəbə, ümumi tikinti sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh1 MTK-ya borcu yoxdur. İş materiallarında olan Podratçı Cavabdeh1 MTK ilə payçı X6 arasında bağlanmış 11.11.2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK dəyəri 90.425 ABŞ dolları həcmində müəyyən edilmiş Bakı şəhəri, X.Şuşinski küçəsi, 16 mərtəbəli yaşayış evinin 1ci blokunun 9-cu mərtəbəsində yerləşən 180,85 kv.m. ümumi sahəsi olan 37 nömrəli, izolə olunmuş 4 otaqlı mənzili inşa edərək, X5 təhvil verməyi, X6 isə hər kvadrat metr üçün 500 ABŞ dolları, cəmi 90.425 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.11 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən X6 tərəfindən mübahisəli mənzil üçün Cavabdeh1 MTK-ya 90.425 ABŞ dolları məbləğində vəsait ödənilmiş, kassa mədaxil orderlərinin üzərində olan qeydlərə əsasən həmin məbləğ kassaya mədaxil edilmişdir. Göründüyü kimi mübahisəli mənzilə dair müxtəlif vaxtlarda iddiaçı və Cavabdeh2la müqavilələr bağlanmışdır. Hazırda Gözəlov (Sorokin) Sergey Vladimiroviç mənzilin ona satıldığını, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında həqiqətdə 08 oktyabr 2005-ci il tarixdə hər hansı müqavilə bağlanmadığını, belə bir şəxs haqqında ötən dövr ərzində hər hansı məlumatının olmadığını, bu şəxs tərəfindən mənzillə bağlı ona qarşı hər hansı iddianın, habelə etirazın irəli sürülmədiyini, mənzilə hər hansı formada sahiblik etmək, habelə ondan istifadə etmək cəhdi göstərmədiyini, 08 oktyabr 2005-ci il tarixli, 16 nömrəli müqavilənin həqiqətdə arxa tarixlə onunla bağlanmış müqavilədən sonra imzalandığını, Cavabdeh1 MTK-nın belə bir müqavilə imzalamağa hər hansı səlahiyyətinin olmadığını bildirir və bu səbəbdən həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, ötən dövr ərzində mənzilə faktiki olaraq sahiblik və ondan istifadə etdiyini, mənzilin açarlarının onda olduğunu, lakin son zamanlar mənzildən istifadə və ona sahiblik edilməsində ona Cavabdeh1 MTK tərəfindən maneələrin yarandığını, o cümlədən mənzildə təmir işlərinin aparılmasına şəraitin yaradılmamasını və məhz öz hərəkətlərini qanuniləşdirmək məqsədi ilə 08 oktyabr 2005-ci il tarixdə həmin mənzilə dair başqa şəxslə müqavilənin bağlandığı təəsürratını yaratmağa çalışdığını qeyd edir və həmin müqavilənin etibarsız hesab edilməsini və mənzili onun istifadə və sahibliyinə verməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Cavabdeh1 MTK iddiaçı tərəfindən təqdim edilmiş 11 noyabr 2005-ci il tarixli müqavilənin, habelə həmin tarixli kassa mədaxil orderinin qəbzinin həqiqət də saxta olduğunu, həmin müqavilədə və qəbzdə olan imzanın X7 tərəfindən icra edilmədiyini, habelə qeyd edilən müqavilənin və qəbzin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmədiyini, mənzilin 08 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 məxsus olduğunu bildirir. Digər Cavabdeh2 iddianı qəbul etmir, mübahisəli mənzili Cavabdeh1 MKT ilə aralarında bağlanmış 08 oktyabr 2005-ci il tarixli müqaviləyə əsasən əldə etdiyini, həmin vaxtdan mənzilin onun sahibliyində və istifadəsində olduğunu, mənzilin açarlarının onda olduğunu, tez-tez olmasa da ən azı 3 aydan bir nəmin mənzildə olduğunu, sonuncu dəfə 3 ay əvvəl mənzili təmizlətdiyini, 1 ay əvvəl mənzildə olduğunu, mənzildə hər hansı əşya, habelə tullantı, o cümlədən zibilin olmadığını, mənzilin hər hansı başqa şəxsə satılması barədə məlumatının olmadığını, mənzilin açarlarının ondan başqa hər hansı başqa şəxsdə olmasının, habelə mənzildən hər hansı başqa şəxsin istifadə etməsinin qeyri-mümkün olduğunu bildirir. Məhkəmə kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişləri baxımından eləcə də işin obyektiv həllinə nail olmaq üçün təkrar apellyasiya baxışı zamanı mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında – “mülki işin 6-8-ci səhifələrində olan 11 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsindəki və eyni tarixli kassa məxaric orderindəki rəhbər və sədr qrafası qarşısındaki imzalar X8 tərəfindən icra olunmuşdurmu” sualı qoyulmuşdur. Təqdim edilmiş 01 iyul 2021-ci il tarixli, 4/715 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MTK ilə X6 adından bağlanmış olan X.Şuşinski küçəsində yerləən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbəsindəki 37 nömrəli mənzilə dair 11 noyabr 2005-ci il tarixli 47 nömrəli müqavilənin 2-ci vərəqində “Kooperativin sədri:” hissəsində “Qasımov.İ.S” qrafasındakı imza, X4 adından olan 90.425 ABŞ dolları məbləğinə dair 11 noyabr 2005-ci il tarixli kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmçinin təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, Sergey Vladimiroviçi tanımır, sonuncu ilə MTK arasında hər hansı müqavilə bağlanmamış, iş materiallarında olan 11.11.2005-ci il tarixli müqavilədəki kooperarivin sədri qrafasındakı imza və eyni tarixli kassa məxaric orderindəki imza onun tərəfindən icra edilməmiş, işdə olan MTK ilə digər şəxslər arasnda olan müqavilələrdəki kooperarivin sədri qrafasındakı imzalar isə ona məxsusdur. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası kimi sözügedən 11 noyabr 2005-ci il tarixli 47 nömrəli müqaviləyə istinad etsə də, həmin müqavilədəki eləcə də həmin tarixli kassa mədaxil orderinin qəbzindəki imzalar məhz Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası iddianı təmin edərkən birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslara münasibətdə həmçinin qeyd edir ki, Cavabdeh2la Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında bağlanmış müqavilədə Cavabdeh2 şəxsiyyət vəsiqəsində olan məlumatlarının müqavilədə göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsas yaratmır, belə ki, mülki qanunvericiliyə əsasən müqavilə azadlığı prinsipi mövcuddur və həmin prinsipə əsaslanaraq Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları müqaviləyə yazılmaya bilər. Eləcə də təqdim edilmiş Cavabdeh1 Mənzil Tikinti Kooperativinin digər vətəndaşlarla bağladığı müqavilələrin əksəriyyətində də həmin məlumatlar göstərilməmişdir. Göründüyü kimi iddiaçı ilə həmin MTK arasında müqavilə bağlandığı zaman Cavabdeh2la daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, həmin müqavilədə mənzilin dəyərini təşkil edən 99.467 ABŞ dolları ödənilməklə Cavabdeh2 həmin mənzilə dair borcunun olmaması qeyd olunmuşdur. Digər tərəfdən MTK ilə iddiaçı arasında bağlanmış müqavilədə MTK tərəfdən edilmiş imzaların MTK-nın sədri tərəfindən deyil, başqa şəxs tərəfindən edildiyi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunanlar əsasən, mübahisəli mənzilin Cavabdeh2 mülkiyyətində və sahibliyində olunması müəyyən edilmişdir; bu isə o deməkdir ki, mülkiyyətçi sahib olduğu əmlaka dair sərbəst şəkildə sərəncam verə bilər və həmin əmlakdan istifadə edə bilər. Mülkiyyətçinin mənzilinə baş çəkməməsi və ya mənzilin açarının başqa şəxs tərəfindən əldə edilməsi onun həmin mənzil üzərində olan mülkiyyət hüququna təsir göstərmir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalı həmçinin təkrar apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2019-cu il tarixli 2(001)- 2405/2019 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Koorperativi və Cavabdeh2 qarşı “Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blok, 9-cu mərtəbə, mənzil 37, ümumi sahəsi 185,85 kv.m izolə edilmiş 4 otaqlı mənzilə dair bağlanmış 08.10.2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 11.11.2005-ci il tarixli 47 saylı müqavilə əsasında əldə etdiyi həmin mənzilin onun istifadə və sahibliyinə verilməklə mənzildən istifadə və sahiblik etməyinə yaradılmış maneənin aradan qaldırılması” barədə iddia tələbləri təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1148/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1148/2021
22.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver