Məhkəmə qərarları › İş №2(103)-1149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1149/2021

28.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1149/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Əhmədova Aysel Zöhrab qızının, cavabdeh – ləğv prosesindəki “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesindəki “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna qarşı “əksik verilmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesindəki “xxxx” ASC-nin (bank) ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna (Fond) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bankla arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən həmin müəssisənin “Kreditlərin yığımı Departamenti”ndə aylıq əmək haqqı 1700 manat olmaqla Regional Menecer (B dərəcəli) vəzifəsində işlədiyini, əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə edilmiş 4 saylı əlavəyə görə əmək haqqının 2000 manat, vəzifə maaşına əlavənin isə 500 manat müəyyənləşdirildiyini, “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixli 349-k saylı əmrinə əsasən xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyini və ona son haqq-hesab ödənildiyini, bu zaman 2018ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əmək haqqının və son haqq-hesabının ödənişinin 4000 manat əskik həyata keçirildiyini irəli sürmüş, buna görə də xx.xx.2016-cı il tarixli 2263 saylı əmək müqaviləsinə və ona edilmiş 4 saylı əlavəyə əsasən 2018-ci ilin mart, aprel, may, iyun, iyul ayları üzrə əskik ödənilmiş əmək haqqının və işdən çıxarılan zaman əskik ödənilmiş son haqq-hesabın əvəzi qismində 4000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin mübahisənin həllinə tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etmədiyi, Fondun əsas funksiyasının sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi olduğunu, bankla iddiaçı arasında isə bank əmanəti müqaviləsi bağlanmadığını, beləliklədə iddianın əsl olmayan cavabdehə qarşı irəli sürüldüyünü nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərara alınmışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən apellyatorun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçı və onun vəkili isə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxxxxxx 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...İşin müəyyən olunmuş işin hallarına görə, İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 2263 saylı əmək müqaviləsinə əsasən o, ASC-də Kreditlərin yığımı Departamentinə regional menecer (B dərəcəli) vəzifəsinə təyin edilmiş və əmək haqqı 1700 manat məbləğində müəyyən olunmuş, əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli 4 saylı əlavəyə görə İddiaçı əmək haqqı 17xx xxxxxxxx 2000 manata qaldırılmış və vəzifə maaşına 500 manat əlavə müəyyənləşdirilmişdir. X1 Palatasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, “xxxx” ASC müflis elan edildikdən sonra “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə uyğun olaraq onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2018-ci il tarixli 349-k saylı əmrinə əsasən xx.xx.2018-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və ona son haqq-hesab ödənilmişdir. İddiaçının hazırki tələbi 2018-ci ilin mart-iyul ayları üzrə əksik ödənilmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, 71.3, 82.1-ci maddələrinə istinad etməklə iddianı rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ləğvedici müflis elan olunmuş bankın qanuni nümayəndəsi olsa da və onu idarə etsə də, müstəqil hüquqi şəxs olmaqla, ləğv etmədə olan bankın öhdəliklərinə cavabdehlik daşımır. Bankın ləğv prosesi başa çatanadək bank hüquqi şəxs kimi mövcud olaraq qalır. Həmçinin qanunvericiliyin mənasına görə işçinin banka qarşı olan əmək haqqı və əskik ödənilmiş son haqq-hesab tələbləri onun aktivlərindən ləğvetmə proseduru çərçivəsində müəyyən olunmuş növbəlilik əsasında ödənilməlidir. Bu səbəbdən hazırki iş üzrə “xxxx” ASC ləğv prosesində olduğundan, qanunvericiliyə əsasən iddiaçının əmək haqqı və əskik ödənilmiş son haqq-hesabın ödənilməsi tələbləri həmin bankın təsdiqlənmiş tələblər siyahısına daxil edilməli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsində təsbit olunmuş növbəliyə uyğun olaraq icra olunmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarına və MPM-nin 54.1, 54.4-cü maddələrinə istinad edib hesab etmişdir ki, iddia tələbi əsassız olaraq Əmanətlərin Sığortalanması Fonduna ünvanlamış, yəni hazırkı iş üzrə Əmanətlərin Sığortalanması Fondu mülki hüquqi məsuliyyət daşımır və cavabdeh ola bilməz. İddia tələbi iddia cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, işin materiallarından görünür ki, iddiaçı əmək müqaviləsi əsasında “xxxx” ASC-də işləmişdir. X1 Palatasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə “xxxx” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, “xxxx” ASC müflis elan edildikdən sonra "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə uyğun olaraq onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 82.1 -ci maddəsinə əsasən müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlilik qaydasında bölüşdürülür: 1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 7. təminatsız kreditorların tələbləri. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin 5-ci hissəsini hazırki mübahisə üzrə tətbiq edərkən nəzərə almamışdır ki, bu norma xx.xx.2017-ci il tarixindən əvvəlki 6 aydan çox olmayan dövründə yaranmış tələblərə şamil olunur. Bank müflis elan oldunduqdan sonra bankın orqanlarının bütün səlahiyyətləri ləğvediciyə keçmiş, iddiaçıya bankın işçisi kimi işdən azad olunan günədək əmək haqqını hesablanması və ödənilməsini yeganə qanuni təmsilçi olan ləğvedici həyata keçirmiş, həmçinin ləğvedici onunla əmək müqaviləsinə xitam vermişdir. İddiaçının tələbi də məhz ləğvedicinin ona 2018-ci ilin mart, aprel, may və iyun aylarında əmək haqqını düzgün ödəməsi və son haqq-hesabın düzgün hesablanmaması barədədir. Belə olan halda, ləğv prosesində olan “xxxx" ASC-nin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun hazırki iş üzrə cavabdeh olmaması və bu tələblərin banka qarşı irəli sürülməli olması barədə apellyasiya məhkəməsinin mövqeyi əsassızdır. Buna görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin "xxxx” ASC ləğv prosesində olduğundan, qanunvericiliyə əsasən iddiaçının əmək haqqı və əskik ödənilmiş son haqq-hesabın ödənilməsi tələblərinin həmin bankın təsdiqlənmiş tələblər siyahısına daxil edilməsi və qeyd edilən norma əsasında təsbit olunmuş növbəliyə uyğun olaraq icra olunmalı olmasına dair nəticəsini qanuni və əsaslı saymır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilmiş və bununla da iddia tələbi üzrə düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində iddiaçı, Əmanətlərin Sığortalanması Fondunu müstəqil hüquqi şəxs kimi deyil, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedici qismində cavabdeh kimi göstərmişdir, buna görə də, iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması barədə nəticəyə gələrkən apellyasiya məhkəməsi əmək münasibətləri əsasında yaranmış hazırkı mübahisənin tərəfləri kimi ləğvedici və iddiaçının hesab olunmalı olması, onların bir-biri qarşısında qanunvericiliklə nəzərdə tutulan hüquq və öhdəliklərinin mövcud olmalarına düzgün hüquqi qiymət verməmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçı ilə əmək münasibətlərinin ləğvedici tərəfindən tənzimlənməməsi və ləğvedicinin səlahiyyətlərinə aid olmamasına dair dəlillərinə, belə səlahiyyətləri olmadığı halda ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2018-ci il tarixli 349-k saylı əmrə əsasən xx.xx.2018-ci il tarixindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsinin hüquqi əsaslarına da hüquqi qiymət verməmişdir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etdiyi zaman hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4588/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar