Məhkəmə qərarları › İş №2(103)-11490/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11490/2021

23.11.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11490/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı “müqavilənin dəyişdirilməsi və borc məbləğinin göstərilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 52 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.10.2019-cu il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu Zeynalov Elçin səmədağa oğlu tərəfindən imzalanmış 3M-1025 saylı mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin dətişdirilərək əsas borc məbləğinin 50500 ABŞ dolları, 85850 manat kimi göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6.-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı tərəf şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə ərizənin geri qaytarılması barədə qərardad qəbul edərkən qanunvericiliyin bəzi müddəalarına istinad etmişdir ki, həmin müddəaların ona şamil olunması yolverilməzdir. O borclu statusundadır və cavabdeh tərəfindən pretenziya verilməsi qanunla nəzərdə tutulmamışdır Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6169/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəfindən müqavilənin dəyişdirilməsi ilə bağlı olaraq, tərəfə təklif göndərilmədiyindən və mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət olunmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmadığı qeyd edilmişdir. İddiaçı 27.10.2021-ci il tarixli şikayətlə məhkəməyə müraciət edərək, pretenziya məktubunu şikayətinə əlavə etsə də, pretenziya məktubuna əlavə edilmiş qaimədən görünür ki, pretenziya məktubu poçt xidmətinə 27.10.2021-ci il tarixdə, yəni şikayət verilən tarixlə eyni tarixdə təhvil verilmişdir. Belə olan halda, pretenziya məktubunun cavabdehə çatdırılması və mübahisənin məhkəməyə qədər nizama salınması mümkün deyil. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəasinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında olan mübahisə müqavilə münasibətlərinə aid olduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə və prosessual hüquq normalarının tələblərinə əməl etmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6169/2021 nömrəli, 21.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar