Məhkəmə qərarları › İş №2(103)-115/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-115/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-115/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Bəhram qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 Cavanşir oğlunun vəkili X5 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4605/2016 saylı, 27 may 2016-ci il tarxili qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bəhram qızı Cavabdeh1 Cavanşir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 04 aprel 2015-ci il tarixli, 120/13/15929/15 saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün girov müqaviləsinə əsasən cavabdehdən 7027 ABŞ dolları, mənəvi ziyana görə 1000 ABŞ dolları, maddi ziyana görə 1000 ABŞ dolları və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4605/2016 saylı, 27 may 2016-ci il tarxili qətnaməsi iddia qismən təmin edilərək Cavabdeh1 Cavanşir oğlundan 7027 (yeddi min iyirmi yeddi) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivelenti ilə), habelə ödənilmiş dövlət rüsumu hesabına 15 (on beş) manat pul vəsaitinin tutularaq İddiaçı Bəhram qızına ödənilməsi qət edilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın ona qarşı qaldırılması və cavabdeh kimi cəlb edilməsi əsassızdır, ona görə ki, o, hazırkı iddia üzrə heç cür cavabdeh ola bilməz. Çünki o, bankda olmamış və heç bir müqavilə imza etməmişdir. Onun əvəzindən başqa adam imza edib. O, heç bir sənədə imza etməmişdir. Belə olan halda onu əsassız olaraq məhkəməyə veriblər və işin bu hallarını bank işçiləri özləri çox yaxşı bilirlər ki, ona qarşı haqsızlıq edirlər. O, isə bu işdə cavabdehlik daşımır. O, iddiaçının kim olmasını bilmir və onunla tanışlığı və münasibəti belə olmayıb. İşin bu xüsusatını araşdımaq üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilməli olduğu halda bu, edilməyib. Belə olan halda əsl cavabdeh məhkəməyə cəlb edilməli idi. Məhkəmədə iştirakı təmin edilmədiyi üçün sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda həmin iddia üzrə qəbul edilmiş qətnamə əsasında ona axtarış elan ediblər, halbuki, onun bu məsələdən xəbəri belə yoxdur və əsassız olaraq onun hüqularını məhdudlaşdırıblar. Məhkəmə iclasında Cavabdeh1 Cavanşir oğlunun vəkili X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı Bəhram qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 442, 269.1, 269.7, 370.1, 431.1, 431.3, 21.1, 21.2, 425.1, 439.2-ci maddələrinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək qənaətini belə əsaslandırmışdır ki, cavabdeh Abbasov Ruslan Cavanşir oğlu ilə QSC “Bank Standard” KB arasında 04 aprel 2015-ci il tarixdə kredit müqaviləsi bağlanaraq R.C.Abbasova 36 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmiş və həmin müqavilə üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə iddiaçı İddiaçı Bəhram qızı mülkiyyətində olan, QSC “Bank Standard” KB depozitə qoyulmuş pul vəsaitini girov qoymuşdur. Abbassov Ruslan Cavanşir oğlu tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və lazımi qaydada icra olunmadığı üçün bank tərəfindən cəmi 7027 ABŞ dolları borc girov müqaviləsinə əsasən iddiaçının razılığı ilə sonuncunun depozitində olan vəsaitə yönəldilməklə ödənilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələbinin təmin edilən hissədə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edir. Lakin iddia tələbinə etiraz edirsə etirazının əsası kimi istinad etdiyi halları cavabdeh sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Belə ki, cavabdeh bankda olmadığını və heç bir müqaviləni imza etmədiyini, onun əvəzindən başqa adam imza etdiyini və iddiaçını tanımadığını bəyan edirsə bu hallar sübutlarla təsdiq edilməlidir. Bu fikirləri səsləndirmək hələ onların həqiqi olması demək deyildir. İkincisi, apellyasiya icraatı mərhələsində iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və cavabdeh Ruslan Abbasovun eksperimental imza və xətt nümunələri götürülmüş və ekspertiza keçirilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının 4/1560 saylı, 30 dekabr 2021-ci il tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş 04 aprel 2015-ci il tarixli, 120/13/15929/15 nömrəli kredit müqaviləsinin 1-2-3 səhifələrində olan aşağı sağ künclərdəki imzalar, 4-cü səhifəsində “Borc alan” qrafasındakı imza; mülki işin 9-11-ci vərəqələrində olan 04 aprel 2015-ci il tarixli, 120/13/15929/15 nömrəli girov müqaviləsininin kserosurətinin 1-2-ci səhifələrində aşağı sol künclərdə əks olunmuş imzalar; 3-cü səhifəsində “Borc alan” qrafasında əks olunmuş imza; 04 aprel 2015-ci il tarixli 120/13/15929/15 nömrəli ipoteka müqaviləsinin 1-2-3 səhifələrində aşağı sağ künclərdəki imzalar və 4-cü səhifəsində “ipoteka qoyan” qrafasındakı imza- X6 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçını tanımadığını, bankda olmadığını və hər hansı bir sənədi, o cümlədən girov müqaviləsini imzalamadığını göstərsə də bu dəlillər iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə də təkzib olunur. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Əlavə yaxud təkrar ekspertiza təyin edilməsi üçün də əsas və zərurət olmalıdır. Ona görə də, işdə olan ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4605/2016 saylı, 27 may 2016-ci il tarxili qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4605/2016 saylı, 27 may 2016-ci il tarxili qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 124 (yüz iyirmi dörd) manat cavabdeh X1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar