Məhkəmə qərarları › İş №2(103)-11510/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11510/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11510/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində X1 tərəfindən verilmiş şikayəti mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat məbləğində əsas borcun və 2018-ci ilin dekabr ayından etibarən gecikdirilmiş vaxt üçün illik 5% gecikmə məbləğinin iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi hesablanması ilə Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi qismində X1 apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti İddiaçı nümayəndəsi qismində X1 tərəfindən elektron qaydada imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı Nümayəndə məhkəmə aktından şikayət verilməsini özündə əks etdirən etibarnamə verilməsi müəyyən edilsə də, apellyasiya şikayətini elektron qaydada imzalamış O.Xudatlıya iddiaçının adından məhkəmə aktından şikayət verilməsini özündə əks etdirən hər hansı bir etibarnamə verilməmiş, həmçinin order iş materiallarına əlavə edilməmişdir. Başqa sözlə apellyasiya şikayəti faktiki olaraq İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının MPM-nin 74.2-ci maddəsinə əsasən İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində X1 tərəfindən verilmiş apelyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən imzalanmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Odur ki, Kollegiya hesab edir ki, hazırki apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2033/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi qismində X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar