Məhkəmə qərarları › İş №2(103)-11536/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11536/2021

30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11536/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarova Layla Çingiz qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5194/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli “Birgə fəaliyyət haqqında müqavilə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, X1 küçəsi, ev 13E ünvanında yerləşən 0,49905 ha torpaq sahəsinə və eyni zamanda həmin torpaq sahəsi üzərində inşa edilmiş iki ədəd şadlıq sarayına dair hər hansı sənədləşmə işlərinin aparılması cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(001)- 5194/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin görülməsi barədə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(001)- 5194/2021 qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh F.Əliyevin nümayəndəsi və vəkili şikayəti qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın həmin şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir; 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir; 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə bilər; 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər; 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır; 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına istinad edərək bildirir ki, hazırki iddia tələbi ilə iddianın təmin etmə barədə ərizə ilə bağlılığı müəyyən edilmir, bu səbəbdən də ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-5194/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar