Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1154/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «subroqasiya qaydasında pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6168/2023 saylı, 27 oktyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 3(023)-45/2023 saylı qərarı ilə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə olunmuşdur.
2. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarla Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli, CML-4560/2022/1AKT693/23 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında, sığortalanmış “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz 212D” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və dəymiş zərər 6215 manat təşkil etmişdir.
4. xx.xx.2023-cü il tarixli, CML-4560/2022/1AKT694/23 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktında "xxxx" ASC tərəfindən X2 hesabına sağlamlığa dəymiş yüngül zərərə görə sığorta məbləğinin 15%-i, yəni 750 manat ödəniş həyata keçirilməsi göstərilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən X2 hesabına 005XOH********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzi ilə 5000 manat, 005XOH********** nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə 750 manat məbləğində ödəniş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" ASC subroqasiya tələbinə dair iddia ərizəsi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərək cavabdehdən 5750(beş min yeddi yüz əlli) manatın və ödənilmiş 77,50(yetmiş yeddi manat, əlli qəpik) manat dövlət rüsumu əvəzinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiada göstərilir ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “NAZ LİFAN” minik markalı 99HG711 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Qazax rayonu, Qazax-Əskipara yolu, Ürkməzli kənd ərazisində 10OX581 dövlət qeydiyyat nişanlı “Mercedes Benz 212D” mikroavtobus markalı avtomobili ilə toqquşmuşdur və Qazax rayonu, Dəmirçilər kəndində yaşayan X4 avtomobil ilə vuraraq yüngül xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Qazax rayonu DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində İXM-nin 327.1-ci, 327.6-cı, 328 və 330-cu maddələri ilə TP ******* qərar yazılmışdır. “Mercedes Benz 212D” mikroavtobus markalı, 10OX581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 5000 manat ödənişi verilmişdir. X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla da sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yaranır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6168/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia tələbinin təmin edilərək Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat və 77.50 (yetmiş yeddi manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin idarə etdiyi “Mercedes Benz 212D” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya zərər dəydiyinə görə, həmin vaxt cavabdehin yol nişanlarının tələblərinə riayət etməyərək, nəticədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuş və 5750 manat məbləğində pul vəsaiti (5000 manat avtomobilə dəymiş zərərə, 750 manat sağlamlığa dəymiş yüngül zərərə görə) yəni sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 5750 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh (vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması, eləcə də hüquqi xidmətin göstərilməsinə görə cavabdeh tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manatın, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat və vicdansızcasına iddia verməklə cavabdehin və məhkəmənin vaxtını alınmasına görə 500 (beş yüz) manat olmaqla, cəmi 1038 (min otuz səkkiz) manat pulun "xxxx" ASC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, məhkəmə işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, cavabdeh yol-nəqliyyat hadisəsinə görə məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi, Qazax RPŞ tərəfindən isə İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.8-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni ki, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasına əsas olan sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması halı iş materialları ilə təsdiq olunmamışdır. Belə olan halda, iddia təmin edilə bilməzdi. Məhkəmə isə nəzərə almamışdır ki, mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçının sığortalıya qarşı subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Qanunda müəyyən olunmuşdur (25 və 63.1-ci maddələr). Həmin əsaslardan heç biri hazırkı işdə mövcud deyildir. İddianı təmin edən məhkəmə zərər vurulmasını və sığorta ödənişinin həyata keçirilməsini qeyd etsə də, iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranıb-yaranmamasına hüquqi qiymət verməmişdir. İş materiallarında olan inzibati xəta haqqında qərarlar əsasında cavabdeh nəqliyyat vasitəsini idarə etməyə hüququ olmadığına görə təqsirli bilinməmişdir. Nə qədər ki, cavabdeh İXM-nin 332 və 335-ci maddələri ilə məsuliyyətə cəlb edilməmişdir, o, bu hüquq pozuntusu barədə təqsirsizdir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər içərisində olan AC 232834 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. Eyni zamanda, iş materiallarında olan Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Elvin İsgəndərovun 20 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında da təhqiqatçının müəyyən etdiyi hallarda qeyd olunmuşdur ki, “NAZ LİFAN” markalı, ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh özünə məxsusdur. Həmçinin, iş materiallarında olan AC 669268 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh “B” kateqoriyalı avtomobilləri idarə etmək hüququna malikdir. Göründüyü kimi, məhkəmə iş materiallarına baxmadan qərar qəbul etmişdir. Bundan başqa, açıq-aşkar əsassız iddianın verilməsi cavabdehin əlavə məsrəflərinə (ziyana) səbəb olmuşdur. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi ilə bərabər həm cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 38 manat dövlət rüsumu, həm də hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat və vicdansızcasına çsassız iddia verərək cavabdehin və məhkəmənin vaxtını aldığına görə 500 manat vəsait də iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında iddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı ərizəsində üzrlü səbəbdən hazırki məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə cavabdehin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 25.1 və 25.1.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda yaranır. Maddə 25.1 və 25.1.3. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Maddə 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın faktiki halları “İcbari sığrtalar haqqında” Qanunun 25.1 və 25.1.3-cü maddəsinin, nədə 63.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmırdı.
22. Əvvəla, iddiaçı iddia tələbinin qanuni əsası kimi iddia ərizəsində “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsini göstərmişdir. Həmin normanın dispozisiya şərtinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi tələbin qanuni əsası kimi, qeyd olunan normanı nəzərdə tutduqlarını təsdiqlədi.
23. Demək ki, iddiaçı tərəf özü də tələbin başqa qanuni əsasını aşkar etməyib yaxud aşkar edə bilməyib və ya başqa qanuni əsasın olmadığına şübhə etmir. Birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 1096, 1097, 1108.1, 926.1, 936 və “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddələrini tətbiq edilən hüquq kimi qətnamədə göstərsə də konkret olaraq hazırki iddianın qanuni əsası kimi, daha dəqiq deyilsə subroqasiya hüququnun hansı normaya əsasən yarandığını müəyyən etmədən iddianı təmin edib. Düşünmək olar ki, məhkəmə də iddiaçı tərəfin göstərdiyi qanuni əsasla razılaşaraq bu qənaətə gəlib. Ancaq ən azından qətnamədə göstərməli idi ki, iddianı hansı normaya əsasən təmin edir, ancaq göstərməyib, başqa sözlə subroqasiya hüququnun yaranma əsasını müəyyən etməyib.
24. İndi isə keçək sübutlar məsələsinə, hansı ki, bu məsələ də mülki prosessual qanunvericiliyin imperativ tələbidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. 25.Hazırki iddia üzrə tələbin əsası kimi istinad etdiyi halları iddiaçının sübut etməli olması heç bir mübahisə doğurmur. Lakin iddiaçı istinad etdiyi hallara dair məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Əksinə təqdim etdiyi bütün sübutlar iddianın əsassızlığını təsdiq edir. Yəni, işdə olan heç bir sənəd və məlumatlarda cavabdehin baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayınması göstərilməyib. Ən azından işdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, məhkəmə qərarında yaxud inzibati tənbeh vermə haqqında qərarda iddia edilən hal təsdiqlənməyib. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 3(023)- 45/2023 saylı qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında ******* nömrəli qərarla isə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yəni, hazırki iddianın əsaslı olması üçün cavabdeh ən azından İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməli idi. Ancaq, həmin maddə ilə nəinki məsuliyyətə cəlb olunmayıb, işdə olan heç bir sənəddə, o cümlədən araşdırma materiallarında da bu barədə hansısa fikir söylənilməyib. Bu cür vəziyyətdə sual oluna bilər ki, məhkəmə, onda nəyin əsasında bu qənaətə gəlib. Əlbətdə ki, ritorik sual kimi səslənsə də birinci instansiya məhkəməsi bu cür nəticəyə gəlməzdən əvvəl bu barədə düşünməli idi.
26. Göründüyü kimi, hazırki iddia tələbi açıq-aşkar əsassız olduğu halda birinci instansiya məhkəməsi işə baxdığı 2 ay, 20 gün müddətində bu faktı müəyyən edə bilməyib, nəticədə hüququn tətbiq edilməsində səhv buraxıb, eləcədə qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar isə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün birmənalı əsasdır.
27. Mülki Prosessual Məcəllənin 119.1, 119.5 və 121.1-ci maddələrinin tələbinə əsasən iddia tələbi əsassız olduğuna görə rədd edildiyindən cavabdeh tərəfindən vəkilə ödənilmiş 500 (beş yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat iddiaçıdan tutularaq cavabdehin xeyrinə ödənilməlidir. Çünki, cavabdeh tərəfindən şikayətinə bu barədə mötəbər sübut təqdim edilmişdir. Həmin Məcəllənin 120-ci maddəsinin pozulmasına görə həmin normanın tətbiq edilməsinə gəldikdə isə məhkəmə tərkibi buna əsas görmür. Çünki, iddiaçının vicdansızcasına iddia verməklə cavabdehin və məhkəmənin vaxtını alması ən azından inandırıcı və ağlabatan görünmür. Yəni, iddiaçının vicdansızcasına iddia verməsində hansısa səbəb yaxud maraq olmalı idi, ancaq belə bir səbəb və maraq olduğu təsdiq olunmur. Əks halda iddiasının rədd ediləcəyi təqdirdə bu cür təsirlərə məruz qalacağının göz ardına alınması iş materiallarından sezilərdi. Ona görə də Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən iddiaçıdan cavabdehin xeyrinə 500 (beş yüz) manat tutula bilməz.
28. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6168/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6168/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə pul tələbinə dair iddiası təmin edilməsin. Vəkilə ödənilmiş 500 (beş yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat iddiaçı "xxxx" ASC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.