Məhkəmə qərarları › İş №2(103)-1155/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1155/2022

28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1155/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Əli Novruzovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun reyestrdə qeydə alınması üçün zəruri sənədlərin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 758-759-cu məhəllədəki yaşayış binasının 3-cü girişinin 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 188,65 kv.m təşkil edən 175 №-li mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb olunan sənədlərin – MTK binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzələrinin ümumi yığıncağının qərarının və digər müvafiq sənədlərin (plan-sxem və s.) iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin sənədlərin iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əli Novruzov apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 29.10.2011-ci il tarixdə həmin mənzilə dair tərəflərin arasında “kooperativ mənzil tikintisi haqqında” müqavilə bağlanıb (iş v. 8). Müqaviləyə əsasən cavabdeh üzərinə öhdəlik götürüb ki, mənzili tikib iddiaçıya verəcək, iddiaçı isə üzərinə öhdəlik götürüb ki, mənzilin müəyyən edilmiş dəyərini cavabdehə ödəyəcək. İddiaçı tələbini onunla əsaslandırıb ki, mənzilin dəyərini tam ödəyib. Cavabdeh buna etiraz edir. O, apellyasiya şikayətini onunla əsaslandırıb ki, mənzildə artıq sahə var, əlavə pul ödənilməlidir. Lakin cavabdeh indiyə kimi iddiaçıya qarşı “artıq sahəyə görə əlavə pul ödənilməsi barədə” tələb irəli sürməyib. Əksinə, cavabdehin özünün verdiyi maliyyə arayışına görə mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilib, onun cavabdehə borcu yoxdur (iş v. 10). Müqavilə bağlandığı zaman Mülki Məcəllənin 178.8-ci maddəsinin qüvvədə olmuş redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. O cümlədən Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 03.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar