Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11573/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(006)-5484/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq qəbul edilmiş akta əsasən hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən **********20070 abunə kodlu sayğaca plombun qırılmasına görə 30.03.2018-ci il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Bildirir ki, əvvəl istifadə etdiyi smartkart tipli sayğaca (abonent kodu **********20070) 30.03.2018-ci il tarixdə onun müdaxiləsi olmadan plomb qırıq aşkar edilmiş, ******* saylı akt tərtib edilərək 464 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, 30.03.2018-ci il tarixli ******* saylı akt tamamilə əsassızdır və qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, birincisi ona məxsus mənzilin sayğacına tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Əgər həmin sayğaca hər hansı bir müdaxilə edilibsə də, o, buna cavabdehlik daşımamalıdır. Çünki, sayğac mənzilində deyil, mənzilindən çöldə yerləşir. Ona pislik etmək niyyəti olan və ya pislik etmək istəyən istənilən şəxs sayğacın rahat şəkildə plombunu qıra bilər. Bundan əlavə, cavabdeh təşkilatın işçiləri tərəfindən hər ay onun yaşadığı ünvandakı sayğacı yoxlanılmış və orada heç bir qüsur aşkar edilməmişdir. Beləliklə, bütün bunlara görə, yəni etmədiyi əmələ görə məsuliyyət daşıması absurd və gülüncdür. X2 ərizəsinə əsasən əsl olmayan İddiaçı əsl iddiaçı X3 ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(006)-5484/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh əməkdaşları tərəfindən ünvan 2 ünvanda iddiaçı X2 adına olan sayğacın plombunun qırıq olduğunun aşkar edilməsinə görə tərtib olunmuş 30.03.2018-ci il tarixli, ******* saylı aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən 464 manat 40 qəpik məbləğində cərimənin tətbiq edilməsinə dair Cavabdeh qərarının ləğv edilməsi, həmin cərimənin iddiaçı X2 abunə kodundan silinməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin işçiləri tərəfindən təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılması səbəbi ilə **********20070 saylı abonent kodu verilmiş yaşayış ünvanına quraşdırılmış qaz sayğacına baxış keçirərkən qaz sayğacına müdaxilə edildiyi, yəni sayğacının üzərində olan xüsusi nömrəli plombun qırıq olması aşkar olunmuş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2018-ci il tarixli, ******* saylı Akt tərtib olunmuşdur. Sayğac yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona müdaxilə olunduğu aşkar edilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kim maraqlı ola bilməz. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 30.03.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçı X2 yaşadığı ünvanda sərf edilən qaz həcminin hesablanması üçün quraşdırılmış G-4 markalı 1202AQ**********9 saylı sayğaca baxış keçirilmiş, xüsusi nömrəli plobun qırıq olduğu aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh tərəf iddaçının yaşadığı evdə quraşdırılmış sayğacın plombunun yararsız hala düşməsinin iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edə bilməmiş və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğacın daxilinə müdaxilə edilməsi halı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının istehlakçı tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna iddiaçı tərəfindən müdaxilə edilməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyinə görə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(006)-5484/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-11573/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11573/2021
21.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver