Məhkəmə qərarları › İş №2(103)-11579/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11579/2021

08.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11579/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5677/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından doğulmuş 04 avqust 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması və uşağın ürək əməlliyatı, ürəyinin, gözünün müalicəsi üçün çəkilən 2100 manat xərcin, dərman üçün ödənilmiş 210 manat pulun, uşağın gələcəkdə müalicəsi üçün hər ilə görə 178 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5677/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından olan 10 avqust 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli, 2(007)-870/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər ay 175 manat sabit pul məbləğində müəyyən edilmiş, həmin məbləğdə aliment qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmış, həmçinin, uşağın yetkinlik yaşına çatanadək müalicəsi üçün hər il 90 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamədən uşağın əməliyyatı və dərmanlar üçün çəkilən xərc barədə iddia tələbinin təmin edilməməsi hissəsində narazıdır. Belə ki, övladı anadangəlmə ürək və göz qüsurludur, bu da cavabdehə məlumdur. Bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi və uşağın ürək əməliyyatı, ürəyinin və gözünün müalicəsi üçün 2100 manat, dərman xərci 210 manat, uşağın gələcəkdə müalicəsi üçün hər ilə görə 178 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Ç.Eyyubova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, cavabdehin müalicədən xəbəri var idi. Cavabdeh tərəfindən ödənilmiş 3015 manat pul yığılıb qalmış aliment borcudur. Əməliyyat və müalicə məsrəfləri ilə bağlı kifayət qədər əsaslı sübutlar təqdim edilib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onun həmin dövrdə uşağın əməliyyatından məlumatı olmuş, o, uşağın əməliyyat olunması üçün müalicə müəssisəsi ilə 1500 manata razılaşmış, lakin iddiaçı öz istəyi ilə, onun fikrini əvvəlcədən öyrənməyərək daha baha qiymətə özəl xəstəxanada uşağı əməliyyat etdirmişdir. Bununla belə, o, əməliyyat üçün 05 aprel 2019-cu il tarixdə iddiaçıya 1000, 15 aprel 2019-cu il tarixdə isə 3015 manat ödəmişdir. Maddi vəziyyəti yaxşı deyil, axırıcı iki ilə kimi işsiz olub, birtəhər dolanır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli 2(001)- 188/2012 saylı qətnaməsinə əsasən, İddiaçı Vüsal qızı ilə Cavabdeh Müzəffər oğlu arasında 21 iyun 2009-cu il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan X5 anasının yanında qalması və 04 avqust 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və ya başqa gəlirlərinin dörddə-bir hissəsi miqdarında aliment tutulması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2014-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 103 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli 2(001)- 693/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 26 mart 2015-ci il tarixdə bağlanmış nikahın pozulması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli 2(001)-188/2012 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş 04 avqust 2010-cu il təvəllüdlü X5 yanında qalmasının nəzərə alınması qərara alınmışdır. Mülki iş materiallarında olan Mərkəzi Klinikanın epikrizindən məlum olur ki, X3 7 yaşında olarkən qüsur olduğu bilinib, ona cərrahi əməliyyat məsləhət görülüb, doğulandan qüsur var, xəstəyə 21.06.2019-cu il tarixdə anesteziya altında “PDA-nın ləğvi” cərrahi əməliyyatı icra olundu, sonrakı dövrün gedişatı normal olmuşdur (i/v 92-93). Mülki iş materiallarında olan Sabunçu Rayon İcra və Probasiya X2 müraciətinə əsasən verdiyi 08.04.2019-cu il tarixli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh 08.04.2019-cu il tarixə aliment borcu 3252 manat təşkil edir(i/v 157). Ekspress bankın period əməliyyatlarından görünür ki, Cavabdeh aliment borcundan 3015 manat ödəmişdir (i/v 158). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya bildirir ki, iddiaçı qətnaməni iddia tələbinin uşağın əməliyyatı və müalicəsi ilə bağlı çəkilən xərc hissəsində mübahisələndirmişdir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən “iddia tələbinin uşağın əməliyyatı və müalicəsi ilə bağlı çəkilən xərc hissəsində” yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən, əməliyyat xərci hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Rayon məhkəməsi həmin hissədə iddia tələbini rədd edərəkən qeyd etmişdir ki, iddiaçı tərəfindən uşağın əməliyyatı, müalicəsi üçün cavabdehə daha öncədən müraciət etməsi sübut olunmur. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh izahatında da bildirmişdir ki, uşağın əməliyyat olunması ilə bağlı iddiaçı ilə söhbətləri olmuş, o uşağın əməliyyat olunması üçün müalicə müəssisəsi ilə 1500 manata razılaşmış, lakin iddiaçı öz istəyi ilə, onun fikrini əvvəlcədən öyrənməyərək daha baha qiymətə özəl xəstəxanada uşağı əməliyyat etdirmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi uşağın əməliyyat xərcinə görə iddia tələbini yuxarıda qeyd edilən əsasa görə, yəni iddiaçının uşağın əməliyyatı, müalicəsi üçün cavabdehə daha öncədən müraciət etməməsi əsası ilə təmin etməməkdə haqlı olmamışdır. Kollegiya cavabdehin əməliyyat üçün 3015 manat ödəməsi barədə dəlilinə münasibətdə isə bildirir ki, mülki iş materiallarında olan Sabunçu Rayon İcra və Probasiya X2 müraciətinə əsasən verdiyi 08.04.2019-cu il tarixli cavab məktubundan müəyyən olunur ki, Cavabdeh 08.04.2019-cu il tarixə aliment borcu 3252 manat təşkil edir (i/v 157). Ekspress bankın period əməliyyatlarından görünür ki, Cavabdeh aliment borcundan 3015 manat ödəmişdir (i/v 158). Belə olan halda müəyyən edilir ki, həmin məbləğ aliment borcu ilə əlaqədar ödənilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı əməliyyat üçün 2100 manat tələb etsə də, bununla bağlı əsaslı sübut verə bilmədiyindən hazırkı iddia tələbi, cavabdehin də əməliyyat üçün etiraf etdiyi 1500 manat hissədə təmin edilməlidir. Apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5677/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi qismən, əməliyyat xərci hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, 10 avqust 2010-cu il təvəllüdlü X5 ürək əməliyyatı xərci üçün 1500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə qalan mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 388-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5677/2021 saylı, 12.08.2021-ci il tarixli qətnaməsi qismən, əməliyyat xərci hissədə ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. 10 avqust 2010-cu il təvəllüdlü X5 ürək əməliyyatı xərci üçün 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar