Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1158/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı- cavabdeh “X1 Mərkəzi” MMC-yə (3-cü şəxslər “xxxx” ASC və Cavabdeh3 göstərilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli icra vərəqəsi əsasında iddiaçıya məxsus ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzil cavabdeh tərəfindən 80.000 manata hərraca çıxarılmışdır. Mənzil xx.xx.2019-cu il taixdə 51.000 manata satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. O, mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır və hesab edir ki, həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. Göstərilənlərə əsasən qiymətləndirilmə barədə hesabatın və hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X4 cavabdehlər “X1 Mərkəzi” MMC-yə və “xxxx” ASC–yə (3-cü şəxs Cavabdeh3 göstərilməklə) qarşı iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59 ünvamndakı 17 saylı mənzilin açıq hərracda satılmasına dair keçirilən hərracın və hərracın nəticəsi olaraq “X2 Mərkəzi” MMC-nin tərtib etdiyi xx xxxxxxxx 2019-cu il tarixli “Hərracın nəticələri haqqında” Y-234/1 saylı Protokolun etibarsız hesab edilməsinə, xx xxxxxxxx 2019-cu il tarixli “Hərracın nəticələri haqqında” Y-234/1 saylı Protokolun hüquqi nəticələrinin (Bankın adma daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısının (müvafiq Çıxarışın)) ləğv edilməsinə, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 59 ünvamndakı 17 saylı mənzilin yenidən hərraca çıxarılmasına və qanunvericilikdə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı təmin edilməklə təkrar hərracın keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilən dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki işə baxılarkən məhkəmə tərəfindən maddi və prosessual qanunvericiliyin tələbləri pozulduğundan, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasına görə Səbail Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilməli, iddia tələblərimin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəməyə verilmiş iddia ərizəsi və iddia ərizəsinə əlavədə də qeyd etdiyi kimi hərracın (nə ilkin, nə də təkrar hərracın) keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmiş, onun iştirakı olmadan keçirilmiş hərraclar nəticəsində əmlakın real dəyərindən olduqca aşağı qiymətə satılmışdır. Məhkəmənin qətnamədə istinad etdiyi 142481, 143257 nömrəli poçt qəbzlərində olan imzalar ona məxsus deyildir, hərracın keçirilməsi barədə hər hansı bir məktub almamışdır. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq tərəfindən imzalanmamış poçt qəbzlərinə istinad etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Həmçinin iddia ərizəsinə verilən əlavədə “xxxx” ASC də cavabdeh qismində göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia ərizəsinə əlavənin təqdim edildiyini qeyd etsə də, “xxxx” ASC-ni üçüncü şəxs qismində qeyd etmiş, həmçinin qəbul etdiyi qətnamədə verilmiş ilkin tələbə hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbinə əlavədə “xxxx” ASC-ni iş üzrə cavabdeh qismində cəlb etsə də, həmin cavabdehə münasibətini ümumiyyətlə müzakirə etməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələbindən görünür ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki halda isə birinci instansiya məhkəməsi “xxxx” ASC-nin iş üzrə cavabdeh qismində işə cəlb etməmiş və ona aid hissədə iddia tələbinə qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat dəyərində müəyyən edilmiş və keçirilən hərracda 51.000 manata “xxxx” ASCyə satılmışdır. İşin bu halları mübahisəsizdir və iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilə, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin surəti və Y-234/1 nömrəli protokolla təsdiqlənir. Məhkəmə kollegiyası iddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2- ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materillarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018- ci il tarixli icra vərəqəsinin surətindən görünür ki,ünvan 1 mənzil 17 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilmişdir. “X1 Mərkəzi” MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin rəyi mənzilin hərracdaki ilkin satış qiyməti ilə eynidir. Məhkəmə iddiaçının tələbinin əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə əsassızdır. “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın; 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur; 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hərracın nəticələri haqqında protokoldan görünür ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 51.000 manata satılmışdır (80.000x15%=68.000; 68.000x25%=17.000; 68.000- 17.000=51.000). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 142481, 143257 nömrəli qəbzlərin surətlərindən və hərrac təşkilatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli bildirişlərin surətlərindən görünür ki, X1 Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına Mega Ekspress sürətli poçt vasitəsi ilə məktublar göndərilmiş və xəbərnamələrə imza olunmaqla xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə iddiaçı tərəfindən qəbul edilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Məhkəmə kollegiyası iddia üzrə digər cavabdeh “xxxx” ASC–yə münasibətdə hesab edir ki, iddia tələblərindən göründüyü kimi tələbin bir hissəsinin nəticəsi, digər hissəsinin nəticəsi ilə bağlıdır. Yuxarıda göstərilən əsaslarla iddia tələbi ümumilkidə rədd edildiyindən cavabdeh “xxxx” ASC–yə münasibətdə iddia tələbi təmin edilə bilməz. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya hesab edir ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı – cavabdehlər “X1 Mərkəzi” MMC-yə və “xxxx” ASC-yə (3-cü şəxs Cavabdeh3 göstərilməklə) qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1158/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1158/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver