Məhkəmə qərarları › İş №2(103)-1158/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1158/2023

16.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1158/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni əsaslarla bağlı deyildir. Belə ki, hazırki iddia uşaq hüquqları, yəni iş üzrə yeni şəxslər olan azyaşlı X6 və X5 hüquqlarının pozuntusu ilə bağlıdır. Kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evində mülkiyyətçi X15 və onun həyat yoldaşından başqa, oğlu X8 və onun ailə üzvləri, hazırki iddia üzrə İddiaçı və onların övladları xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X11 yaşayırlar. Uşaqlar vaxtı ilə ipotekaya qoyulan evdə dünyaya gəlmişlər. Bununla da onların həmin evdən istifadə hüququ yaranmışdır. Mübahisələndirilən ipoteka müqaviləsi bağlanarkən böyük qızlarının 3 yaşı tamam olmuşdu, kiçik qızları isə hələ dünyaya gəlməmişdi. Bu səbəbdən ipoteka müqaviləsi etibarsızdır. Çünki, Cavabdeh2 ipoteka müqaviləsi bağlanarkən notarius həmin evdə yaşayan şəxslər barədə arayış tələb etməmişdir. Arayış tələb olunacağı təqdirdə, həmin evdə azyaşlı uşaq, xx.xx.2009-cu il təvəllüdlü X3 yaşadığı məlum olardı. Hazırda isə fərdi yaşayış evində iki azyaşlı uşaq yaşayır və evin hərracdan satılacağı təqdirdə onların hüquqları pozulmuş olur. Məlum olduğu kimi, mübahisəli ev ipoteka ilə yüklü edilən zaman Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubu olmalı idi ki, bu qaydaya da nə Cavabdeh2, nə Cavabdeh1 ASC, nə də ipoteka qoyan şəxslər riayət etməmişlər. Halbuki, həm Cavabdeh2, həm də Cavabdeh1ASC bundan xəbərdar olmuşlar və bu arayış vətəndaşdan tələb edilməli idi. Qəyyumluq və Himayəçilik orqanının razılıq məktubunun olub-olmaması barədə məlumat əldə olunması üçün Ağdaş rayon İcra Hakimiyyətinə vəkil sorğusu ünvanlanmışdır. Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən göndərilmiş 28 noyabr 2022-ci il tarixli, 08-1014 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “ipotekanın predmeti olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklənməsinə razılıq verilməsi barədə Qəyyumluq və Himayəçilik komissiyasında heç bir məlumat yoxdur”. Göstərilənlərdən də belə qənaətə gəlmək olur ki, məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən ləğv prosesində olan “Atabank"ASC-nin mənafelərini müdafiə etmiş, ipoteka ilə yüklü edilmiş evdə yaşayan azyaşlı X3 və X5 hüquqlarını nəzərə almamışdır. Bundan başqa, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair” Qərardadı ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə də əqdi mübahisələndirilməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. Bununla belə, mübahisələndirmə şəxsə bağlı olan hüququdur. Əgər tərəf əqdlə bağlı olmadığına dair öz iradə bəyanını qarşı tərəfə bildirmirsə, etibarsızlıq nəticəsini doğuracaq hüquqi hərəkət aidiyyəti şəxs tərəfindən edilməmiş olur. Bu halda, məhkəmə işdən iradənin zədələnməsi faktlarını görsə belə, öz xidməti vəzifəsinə əsaslanaraq, əqdin etibarsızlığı ilə bağlı həmin halları araşdıra və nəzərə ala bilməz. Çünki şəxsə bağlı hüquqlar əlaqədar şəxsdən başqa heç kim tərəfindən istifadə edilə bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 4139/2022 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(014)- 59/2019 nömrəli qətnaməsi ilə 26 iyul 2013-cü il tarixli, GYF- 8215 saylı kredit müqaviləsi üzrə yaranmış 16.411,12 manat borc və 3.000 manat cərimə, cəmi 19.411,12 manat borcun cavabdeh X7 alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, 26 iyul 2013-cü il tarixli, GYF8215 saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka qoyulmuş, mülkiyyət hüququ üzrə cavabdeh X12 məxsus ünvan 4 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinə və cavabdeh X13 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasına yönəldilərək, həmin daşınmaz əmlakların açıq hərrac yolu ilə satılması, ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə cavabdeh X12 məxsus ünvan 4 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 72.000 manat məbləğində və cavabdeh X13 mülkiyyətində olan Ağdaş şəhəri, Bakı-Ağdaş-Qəbələ yolunun 1-ci kilometrliyinin sol tərəfində yerləşən qeyri-yaşayış binasının hərracda ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə satışdan əldə edilən pul məbləğinin X9 26 iyul 2013-cü il tarixli, GYF-8215 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 19.411,12 manat məbləğində borcunun ödənilməsinə yönəldilməsi, cavabdeh X12 məxsus ünvan 4 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra ipoteka predmeti olan fərdi yaşayış evinin boşaldılması, iddia ərizəsi verilərkən dövlət büdcəsinə köçürülmüş 30 manat, sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 58 manat dövlət rüsumunun cavabdeh X7 alınaraq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(107)-1101/2021 nömrəli qətnaməsi ilə Ağdaş Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(014)-59/2019 nömrəli qətnaməsi dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2043/2022 saylı qərarı ilə cavabdeh X15 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(107)-1101/2020 nömrəli qətnaməsi qismən, yəni ipotekaya qoyulmuş X10 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipotekaya qoyulmuş X10 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiymətinin 70.300 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, hazırda İddiaçı mübahisələndirdiyi halla bağlı (ipoteka müqaviləsi) yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Başqa sözlə, iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələyə (ipoteka müqaviləsinin etibarlı olmasına) artıq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və Cavabdeh2na qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(006)-4139/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(006)- 4139/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar